“Köhnə sayğac xarab olsa da, smart qoyulmur”

kohne-saygac-xarab-olsa-da-smart-qoyulmur
Oxunma sayı: 3476

Məlumdur ki, ölkədə abonentlərin bir hissəsi mexaniki, digəri isə smart tipli qaz sayğaclarından istifadə edir. Bir müddətdir vaxtı keçmiş mexaniki tipli sayğaclarının smartla əvəz edilməsini istəyən abonentlər isə problemlərlə qarşılaşdıqlarını deyirlər. Onların sözlərinə görə, “Azəriqaz” əməkdaşları abonentin istəyinin əvəzinə, onlara yenidən mexaniki tipli sayğac quraşdırır. Buna səbəb kimi isə hazırda ölkədə smart tipli sayğacların olmaması göstərilir.

Bu məqamda vətəndaşların narazılığını nəzərə alaraq, smart tipli sayğacların ölkədə olub-olmaması ilə maraqlandıq. “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, hazırda abonentlərin müəyyən qisminin istifadə etdiyi sayğaclar smart yox, smart tipli sayğaclardır: “Bu sayğaclara əvvəlcədən ödəniş etmək mümkün olduğuna görə, onun qabağına smart sözü yazılıb. Həmin sayğaclar tam ağıllı sayılmır. Smart tipli sayğaclar indiyə qədər bazalarda mövcud idi. Hazırda isə ölkədə bəzi anbarlarda smart tipli sayğaclar bitib. Hansı anbarda smart tipli sayğac qalmayıbsa, abonentə mexaniki tipli sayğaclar quraşdırılır. İmkan olduğu təqdirdə abonentlərin istəyi nəzərə alınır.

Qeyd edim ki, abonentlər smart tipli sayğaclardan çox şikayət edirdilər. Deyirdilər ki, kartları tez-tez koda düşür və.s. Aydındır ki, smart tipli sayğacların qiyməti mexaniki sayğaclardan bahadır. Ancaq biz yeni sistemə keçirik. Bu ildən bizim tətbiq edəcəyimiz sayğac indiyə qədər olan sayğacların hamısından yaxşıdır”.

E. Vəliyevin sözlərinə görə, 2022-ci ildən başlayaraq “Gəncəcihazqayırma” zavoduna mexaniki tipli yeni sayğacları 10 min ədəd sifariş edilib: “Yeni mexaniki sayğacların üstünə qurğu quraşdırılacaq. Bu sayğaclarda sərfiyyat mərkəzləşdirilmiş qaydada yoxlanılacaq. Sıfırlanmalar növbəti ildən həmin cihazın sayəsində avtomatik şəkildə mümkün olacaq. Hazır olduqda həmin sayğacların effektivliyinə baxacağıq. Cihazlar “Azəriqaz İB”nin hesabına abonentlər üçün qoyulacaq. Sistem özünü doğrultsa, bundan sonra həmin sayğaclardan qoyulacaq. Yanvarın sonundan bu sistemi tətbiq etməyə başlayacağıq”.

Günel Türksoy