“Venesuela Prezidenti Nikolas Maduronun tutulmasından sonra investorları düşündürən ən vacib suallardan biri də məhz bu hadisənin strateji məhsulların qiymətinə necə təsir göstərməsidir. Bu isə birbaşa zəngin ehtiyatlara malik olan Venesuelanın neft hasilatçısı olması ilə bağlıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı şərhində bildirib.
Deputat N.Maduronun tutulmasının neft qiymətlərinə təsirləri ilə bağlı bir neçə ssenari üzrə proqnozlar təqdim edildiyini bildirib: “Venesuelanın gündəlik neft hasilatı ilə bağlı beynəlxalq təşkilatların fərqli göstəriciləri təqdim olunsa da, bütün rəqəmlərdə sözügedən dövlətin bazarda xüsusi mövqeyə malik olmadığı aydınlaşır. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, gündəlik 1.098 milyon barel istehsalı ilə Venesuela neft hasilat edən ölkələr arasında 18-ci yerdədir. EİA bütövlükdə neft hasilatının 72 faizinin 10 ölkənin payına düşdüyünü açıqlayır. “Trading Economics” eyni olmasa da, oxşar nəticəni bölüşür: 1.142 milyon gündəlik hasilat ilə siyahıda 17-ci pillə”.
V.Bayramov bildirib ki, məsələnin digər tərəfi Venesuelanın neft ixrac edən ölkələr arasında ilk iyirmilikdə yer almamasıdır: “Belə ki, bu ölkə dünya bazarına 438 min barel neft çıxarmaqla ixracatçı ölkələr arasında 22-ci pillədə qərarlaşıb. Neft ixracatının az olması təbii ki, Venesuelaya tətbiq edilən sanksiyalarla bağlıdır. 2024-cü ildə dəyər ifadəsində neft ixracatının 15.2 faizi Səudiyyə Ərəbistanının payına düşüb. İlk beşliyi Rusiya (9.7 %), ABŞ (9.4 %), Birləşmiş Ərəb Əmirlikləri (9.1 %) və Kanada (8.5 %) tamamlayır.
.png)
Amma investorlar üçün bütün bunlardan daha vacib olan məqam Venesuelanın neft ehtiyatlarına görə dünyada birinci olmasıdır. Kəşf edilən neft ehtiyatlarının 18.2 faizi Venesuelanın payına düşür. Dördlüyü Səudiyyə Ərəbistanı (16.2 faiz), Kanada (10.4 faiz) və İran (9.6 faiz) tamamlayırlar. Bu isə o deməkdir ki, Venesuelanın neft ehtiyatlarının ABŞ tərəfindən istismar edilməsi yaxın gələcəkdə bazara böyük həcmdə neftin daxil olmasına və təklifin kəskin artmasına səbəb olacaq. Bu isə bazardakı qiymətlər üçün isti nə isə vəd etmir.
Müqayisə üçün qeyd edək ki, ABŞ sərmayəsinin İraq neft sektoruna daxil olmasından sonra hasilatı kəskin artıran İraq hazırda dəyər ifadəsində ümumi neft ixracatının 8.0 faizini formalaşdırır.
Bununla belə, kəskin təklif ssenarisinin reallaşmasının zaman alacağı istisna deyil. Çünki Venesualının neft infrastrukturunun texnoloji baxımdan yenidən qurulması sadəcə vəsait deyil, həmçinin zaman tələb edir. Bu isə Venesueladan bazara daxil olacaq böyük neft kütləsi üçün əlavə vaxt deməkdir”.
Parlamentarinin sözlərinə görə, digər ssenari Venesuelada potensial xaos riskidir: “Bu halda neft bazarı proseslərə fərqli reaksiya verəcək. Bununla yanaşı, bu halda belə neft qiymətlərində kəskin artım gözlənilmir. Çünki Venesuelanın mövcud hasilat və ixracatı bazara xüsusi təsir etmir. Hətta o ixrac azalsa da, bu, qiymət artımları üçün zəmin yaratmır.
Bütün bunlar onu deməyə əsas verir ki, hətta qısa müddətdə olmasa da, orta müddətdə neft qiymətlərində hiss edilən azalmalar qaçılmaz olacaq. Bu isə neft gəlirlərinin iqtisadiyyatın diversifikasiya nəticəsində digər mənbələrlə əvəzlənməsi prioritetliyini daha da artırır”.
Son xəbərlər
Son Xəbərlər