Xalq yazıçısı Çingiz Abdullayev APA-ya müsahibəsində bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyindən xaric edilən Şərif Ağayar barəsində deyib: “Şərif Ağayar bir dəfə AYB-dən çıxmışdı, sonra qayıtdı ki, təqaüdü alsın. Təqaüd müddətində susdu, vaxt başa çatan kimi yenidən bizi tənqid etməyə başladı. Yaşlı adamı, xalq şairini biz müdafiə etməsək, kim müdafiə edəcək?"
Məsələ ilə bağlı Şərif Ağayar "Qafqazinfo"ya açıqlama verib:
“Cavanları milçək, ağcaqanad adlandıran Çingiz Abdullayev məni təqaüd alarkən susmaqda günahlandırır. Sual verirəm, mən bir il susdum və cəmi 2 600 manat aldım, siz nə qədər susmusunuz və nələr almısınız? Açıqlaya bilərsinizmi? Azərbaycnın hansı ciddi problemi ilə bağlı bir dəfə səsinizi eşitmişik? Ümumiyyətlə, danışmısınızmı nə vaxtsa? Olmaya bu məmləkətdə qurd-quzuyla otlayır? Nə əcəb heç nədən və heç kimdən narazılığınız yoxdur? Hamıyla dostsunuz... Belə rahat, yanağından yağ daman, üzündən xoşbəxtlik yağan yazıçını bədbəxt Azərbaycanın hansı mənzərəsi ilə yanaşı qoymaq olar?
Oxucular görsün ki, mən yazıçılarla deyil, qoca kahinlər və mafiozlarla üz-üzəyəm. Azərbaycan ədəbiyyatına zərrə qədər aidiyyəti olmayan bu adam məndən nə istəyir? Pulunamı güvənir? Yüngül oxucuların dəb xatirinə alıb evinə apardığı səviyyəsiz detektivlərinəmi arxeyindir? Məncə müğənni Üzeyirin fanatları daha çoxdur.
29 milyon tirajla kitabı çıxan bu adamdan yadınızda nə qalıb, əfəndilər? Sizə nə öyrədib, hansı yolu göstərib, könlünüzün dərinliklərində hansı işığı yandırıb?
Mən təqaüdü işlədiyim Mədəniyyət və Turizm Nazirliyinin mühasibatlığından almışam, Rəsul Rza Fondundan deyil. Çingiz Abdullayev kimdir ki, uğrunda qohumlarımı, vətənimi, ev-eşiyimi, sağlamlığımı itirdiyim bu dövlətin mənə ödədiyi pulu başıma qaxır?
Son xəbərlər
Son Xəbərlər