Harada olmağımızdan asılı olmayaraq, bu restoranlarda sevdiyimiz menyunu sifariş edib ənənəvi daddan həzz ala bilərik. Söhbət dünyanın ən böyük “fast food” şəbəkəsi “McDonald's”dan gedir. Amerika brendi əfsanəvi “Big mac”, “Cheeseburger”, “McNuggets”, kartof fri, müxtəlif qəlyanaltı və kokteylləri ilə insanların ürəyinə yol tapa bilib. Menyusuna və reseptlərinə sadiq olan şirkət çox ciddi ehtiyac olmadan onlara hər hansı dəyişiklik etmir. Bir neçə həftə əvvəl tarixdə ilk dəfə klassik burgerlərin resepturası və hazırlanma texnologiyasında yenilik baş verib.
Bəs texnologiya müştərilərə nə vəd edir? Dəyişiklik “McDonald's” mətbəxlərində necə icra olunur? “Qafqazinfo” bu və digər suallara aydınlıq gətirmək üçün “McDonald's”ın “Grand Hayat” filialında təşkil olunan media-turda iştirak edib.
Yəqin ki, SSRİ-yə bu restoranlar şəbəkəsinin ilk gəlişini orta nəslin nümayəndələri yaxşı xatırlayar. 90-cı illərdə bundan dəfələrlə sadə, ənənəvi restoran modelinə bənzəməyən “McDonald's” restoranlarında “fast-food” yemək üçün insanlar küçədə böyük növbələrə düzülürdü. Sovetlər birliyinə bu məşhur şəbəkənin sorağı isə özü gəlməmişdən daha əvvəl çatmışdı. 1986-cı ildə “Mejdunarodnaya panorama” verilişində Nyu-Yorkun məşhur 5-ci Avenyuda yerləşən “McDonald's” restoranından hazırlanan süjeti böyük əks-səda doğurmuşdu. Süjetdə gördüyümüz keçmiş ittifaq ölkələri üçün qeyri-adi olan restoran sistemi illər sonra həyatımızın ən adi ritualına çevrildi. Az qala insan tıxacının müşahidə olunduğu bu küçədə fantastik dərəcədə çox olan müştəri sayına görə fərqlənsə də, əslində restoranda menyu və təklif olunan çeşidlər qitələrin ucqarlarındakı filiallarda belə eynidir.
“McDonald's”ın “Grand Hayat” filialı bir ildən çoxdur fəaliyyətə başlasa da, digər restoranlara xas qələbəliyi burada hiss etmək mümkün deyil. Restoran rəhbərliyi bizi əvvəlcə təlimatla tanış edir, yoluxucu xəstəliyimizin olmadığı ilə bağlı kağıza imza atdıqdan sonra təhlükəsizlik qaydalarına əməl etməklə xüsusi geyim, əlcək və baş örtüyü geyinib daxili əraziyə giririk.
Müştərilər üçün qapalı olan bu ərazi ilə bizi “McDonald's” şəbəkəsinin Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri Anar Osmanov tanış edir. Dəhlizin ön hissəsində yarımfabrikat məhsulların qəbul edildiyi qapı yerləşir. Buradan restorana daxil olan məhsullar anbara - iç-içə yerləşən soyuducu və dondurucu kameralara ötürülür. Bütün kənd təsərrüfatı məhsulları soyuducu kamerada 1- 4 dərəcə temperaturda saxlanılır.
.jpg)
““McDonald's” ın layihələrinə uyğun olaraq, kənd təsərrüfatı məhsulları, o cümlədən, pomidor, xiyar, kahı Azərbaycanın yerli fermer təsərrüfatları tərəfindən bütün auditləri keçməklə təchiz olunur. Həmçinin sousların əksəriyyəti, dondurma və kokteyllərdə istifadə olunan süd məhsulları da yerlidir. Sevindirici haldır ki, bizim sous və mayonezlər, eləcə də süd məhsulları “McDonald's” şəbəkəsinin baş ofisi tərəfindən təsdiqlənəndən sonra artıq Gürcüstandakı restoranlara da ixrac olunur”.
Növbəti, dondurucu kamerada isə temperatur -23 -18 dərəcəyə qədərdir. Ət, toyuq və kartof məhsulları isə məhz bu kamerada saxlanılır. Mediatur zamanı öyrənirik ki, artıq ötən ildən etibarən rəqəmsal qida təhlükəsizliyi layihəsi çərçivəsində “McDonald's”ın mətbəxində bütün proses rəqəmsallaşdırılıb. Əvvəllər nəzarət kağız üzərində olurdusa, hazırda məhsulların saxlanma şəraiti sensorlar vasitəsilə tənzimlənir. Hər hansı soyuducuda problem yaranarsa, sistemdə bu barədə məlumat dərhal görünür və texniki şöbə hərəkətə keçir. Ətin bişməsi, soyuducular, dondurucular, yük maşınlarındakı temperatur belə avtomatlaşdırılmış qaydada ötürülür.
Dəhlizin yuxarı hissəsində isə hamımızın marağına səbəb olan mini “Coca-Cola” fabriki ilə qarşılaşırıq. İçkilər burada “McDonald's”ın qlobal partnyoru olan “Coca-Cola”nın öz nəzarəti ilə istehsal olunur. Şirkətdən verilən məhsulun siropu burada su-filtrasiya sistemi və qazlaşdırılma prosesindən keçirilir. Bütün “McDonald's”larda bu sistem qurulub və hər il mütəmadi olaraq auditorlar tərəfindən yoxlanılır.
İstirahət otağından sonra prosesin ən maraqlı hissəsinə - istehsal sahəsinə daxil oluruq. Bura daxil olan şəxs əllərini yuyub dezinfeksiya edəndən sonra əlcək taxmalıdır. Bir saatdan bir avtomatlaşdırılmış qaydada işə düşən siqnalizasiya onlara hər saatda əl yumalı olduqlarını xatırladır. Hər bir əməkdaş əllərini yuyur və bunu divardakı tabelə atdığı imzası ilə təsdiqləyir.
“McDonald's” restoranlarında məhsulların saxlanma vaxtı avtomatlaşdırılıb. A.Osmanovun sözlərinə görə, anbardan çıxarılan məhsulun üzərində çıxarılma saatı və ikinci saxlanma müddəti elektron cihazdan çıxarılaraq yapışdırılır. Həmin taymer bitənə qədər məhsul istifadə olunmayıbsa, mütləq zibil qutusuna atılır.
Burada yeni “Best burger” adlandırılan burgerlərlə tanış olururq. Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri deyir ki, yeni bulkaları qızartmaq daha asandır və reseprturası dəyişildiyinə görə daha yumşaq və parlaqdır.
“Yeni, təkmilləşdirilmiş texnologiya ilə hazırlanan “Best burger”lər klassik burgerləri ziyarətçilər üçün daha da cəlbedici, dadlı və ləziz etmək məqsədi daşıyır. “Best burger”də istifadə olunan soğan əvvəl bulkaya əlavə olunurdusa, artıq ət bişəndən sonra üzərinə qatılır. Bu əti daha şirəli saxlayır. Həmçinin ətin bişməsi bizim kritik nəzarət nöqtəmizdir. Bişmə dərəcəsi xüsusi cihazla yoxlanılır. Bu zaman ətin daxili temperaturu 70 dərəcədən az olmamalıdır. Rəqəmsal qida təhlükəsizliyinə uyğun olaraq xüsusi planşetdə hər şey qeyd olunur. Həmçinin yenilik həm də tərəvəzlərlə bağlıdır. Məsələn, biz əvvəl kahını bir qədər saxlaya bilirdiksə, artıq soyuducudan çıxarılaraq dərhal istifadə edirik. Bu halda o daha xırçıldayan olur”.
Bu şöbədə hər məhsulun ayrıca bişirilmə vannası var. Məsələn, balıq və toyuq məhsulları bir-birinə qarışmır. Vannalarda yağın dəyişilməsi isə yağın turşuluq dərəcəsindən asılıdır. Hər gün yağın keyfiyyətinə nəzarət əvvəlcə vizual olaraq həyata keçirilir. Əgər rəngi uyğun deyilsə, dərhal dəyişilir. Gündə iki dəfə isə lakmus kağızları ilə bütün vannalarda olan yağ yoxlanılır. A. Osmanov deyir ki, qanunvericiliyə görə, turşuluq dərəcəsi 1%-dən yüksək olan yağ dəyişilir: ““McDonald's”da yağlar yüksək oleinli günəbaxan yağlarıdır. Sadə yağlar daha tez dağılırsa, bu daha bahalı sortdan hazırlanır və daha gec dağılır. Bir neçə istifadədən sonra yağlar filtrdən keçirilir. Hər yağ öz vannasına qayıdır, digərinə qarışmır. Bu dəniz məhsullarına allergiyası olan insanların çarpazvari yoluxmaması üçün düşünülüb. Həmçinin bu səbəbdən bizdə toyuq, balıq və ət məhsullarını götürən maşalar da fərqlidir”.
.jpg)
Təchizat və Keyfiyyətə nəzarət üzrə direktor Anar Osmanov onu da qeyd edib ki, bütün “McDonald's” restoranlarında ən son nəsil fritozlardan istifadə edilir. Bu texnikanın avtomatik yağ süzmə sistemi digər vannalarda hazırlanma davam etdiyi zaman yağı ayrıca bölmədə süzməyə imkan verir. Bundan əlavə, cihazın avtomatik doldurma sistemi lazım olduqda yağı qabdan avtomatik çəkir ki, nəticədə onu vannaya əllə tökməyə ehtiyac qalmır.
“McDonald's” restoranlarında hələ ki, məhsulların bir qismi xaricdən idxal olunur. Lakin yerli istehsal məhsullarının təsdiqlənməsi və təchiz edilməsi istiqamətində işlər aparılır.
İstehsal sahəsinin sonuna yaxınlaşırıq. Burada tavana bərkidilmiş qurğu ilə hazır sifarişi MakAvto-ya gələn müştərilərə çatdıran xüsusi avadanlıq sistemi yerləşir. Bizi müştərilərin sifarişlərini ləzzətlə yedikləri ərazidən bir divar ayırır. İstehsal prosesini gözünlə görəndən sonra isə arada o divar da qalmır.
A.Osmanov turun yekunu olaraq bildirib ki, yaxın gələcəkdə mətbuat nümayəndələri üçün qida sənayesi tədarükçülərinin müxtəlif zavodlarına silsilə turların təşkili planlaşdırılır. Bu turların iştirakçıları “McDonald's”ın Azərbaycan restoranlarında istifadə edilən məhsulların istehsal prosesi ilə əyani tanış olmaq imkanı əldə edəcəklər.
Gülnar Əliyeva








