Məcnunluq barədə üç sual

mecnunluq-barede-uc-sual
Oxunma sayı: 1112

Sual: Məcnun Leylidən şəksiz ki, çox sevir, bəs Leyli Məcnundan niyə tez ölür?

Cavab: Leylinin əri İbn Səlam öləndən sonra gəlib Məcnuna deyir ki, səninlə evlənmək istəyirəm: öz eşqini Məcnuna çatdırır. Məcnunsa ondan imtina edir, çünki Leyliyə olan eşqi İlahi eşqə çevrilmişdi. Məcnun öz eşqini Leylidən imtina ederək Allaha çatdırır. Deməli belə: Leyli sevgisini Məcnuna çatdırıb ölür, Məcnun da sevgisini Allaha çatdırıb ölür. Allaha gedən yol, qadına gedən yoldan kəşməkəşli olduğuna görə Məcnun ölümə qədər daha çox vaxt itirir.

Sual: Niyə Məcnun gəlib Leylinin qəbrinin üstündə ölür, bəyəm başqa yer yox idi?

Cavab: hər şey sonda ilkin başlanğıcına qayıdır. Məcnunun Allaha olan eşqi Leyliyə olan eşqindən sonra qüdrət qazanmışdı. Tanrıya eşqini sübut edəndən sonra, Tanrı onu yenidən əvvəlki məqamına – Leylinin yanına qaytarır. Ona görə də Məcnun gəlib Leylinin qəbri üstə ölür. “Hər şey özünə qayıdır” ideası bu şəkildə reallaşır. Mövlanənin də “ney ona görə qəmli-qəmli inləyir ki, o öz qamışlığına qayıtmaq istəyir” fikri bu mənada Məcnunun da taleyindən keçir. Məcnunluq (Qeyslik yox ha!) Leylidən başladığı kimi Leylidə də bitir. Çevrə qapanır.

Sual: Leyli Məcnun onu atıb gedəndə, niyə ona vəfasız demir?

Cavab: Çünki Məcnun Leylini atıb getmir, Leylinin içindən keçib gedir. Leyli bilirdi ki, Məcnun onun içindən keçib Allaha sarı önəlir. Leyli bilirdi ki, Allaha gedən Məcnun, Leyliyə vəfasızlıq eləmir. Onun eşqini daha mükəmməl şəkildə Allaha çatacaq. Leyli İlahi eşqlə ölməsə də İlahi rahatlıqla ölür.

Bu qədər sadə və bu qədər mürəkkəb...