“Mən Azərbaycan xalqından hər kəsin əvəzinə üzr istəməyə hazıram”

men-azerbaycan-xalqindan-her-kesin-evezine-uzr-istemeye-haziram
Oxunma sayı: 667

Ümid Partiyasının sədri İqbal Ağazadə partiyanın mətbuat xidmətinə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:


- İqbal bəy, son dövrlər siyasi partiyalara basqılar artır. Bunu nə ilə izah edərdiniz?
- Son dövrlər doğrudan da siyasi partiyalara ciddi basqılar edilir. Bu hakimiyyətin siyasətinin tərkib hissəsi kimi seçki ilində xüsusilə artan xətlə müşahidə olunur. Bunun təbii səbəbləri var. Hakimiyyət xalqın ondan narazı olduğunu və seçki ilində müxalifətin bir balaca aktivliyinin seçkidə çox ciddi nəticələr verə biləcəyi qənaətindədir. Ona görə də bacardıqca siyasi partiyaların vətəndaşlarla, seçicilərlə münasibətinə, təmasına imkan vermir. Bunun da tək yolu qeyri-qanuni yollarla partiya üzvlərini siyasi prosesdən kənarlaşdırmaqdır. Çünki siyasi partiya üzvləri seçicilərlə təmasda olduqca daha çox məlumat alırlar və prosesə daha çox qoşulurlar. Hakimiyyətin bu siyasəti təbii ki, siyasi sistemə olan münasibətindən doğur və seçki ilində bu tipli addımlar nəticə etibarı ilə hakimiyyətin özünün ziyanına işləyəcək. Məsələnin sadə mahiyyəti var. Dünyanın Azərbaycandan gözlədikləri başqa şeylər də var. Xüsusən demokratikləşmə sahəsində çox ciddi təkliflər və tələblər var. Bu tələb və təkliflər yerinə yetirilməsə hakimiyyətin özünə ciddi problemlər yaranacaq. Ola bilsin ki bunu 2013-cü ildən ötüşdürə bilsin. Amma 2014-cü və yaxud başqa ildən və yaxud da bir başqa aydan ötürə bilməyəcək. Ona görə də hakimiyyət proseslərin siyasi institutlar vasitəsilə həyata keçiilməsində maraqlı olmalıdır. Siyasi partiyaların önünü açmalıdır, qnunun tələblərini yerinə yetirməlidir. Qanunun tələblərini yerinə yetirməklə əslində həm də özünün vəziyyətini həm daxildən, həm də xaricdən yüngülləşdirəcək.

- ADP sədri Sərdar Cəlaloğlu teleqraf.com saytına müsahibə verərək qeyd edib ki, Qubadlılar Həcər ruhlu olduğuna görə Qubadlını qoyub gəldilər. Siz bu fikirləri bölüşürsünüzmü?
- Sərdar bəyin bu müsahibəsi ilə bağlı ona telefon açdım və mövqeyini öyrəndim. Sərdar bəy ifadə etdi ki, mən elə deməmişəm, jurnalist bir başqa cür yazıb. Sərdar bəyin mənə telefonda dediyi mövqe məni əslində rahatladan bir açıqlama idi. Çünki mən Qubadlıları da, Qubadlıların qeyrətini də, ümumiyyətlə küllü Qarabağın əhalisini və onların müharibədəki münasibətini çox aydın bilirəm. Azərbaycanda 20 minə yaxın şəhidin az qala 12 mindən yuxarısı işğal olunmuş bölgələrdəndir. Məhz həmin bölgənin əhalisi Qarabağ müharibəsində çox ciddi müqavimət göstərib. O cümlədən Qubadlılar çox ciddi müqavimət göstəriblər. Həcər Azərbaycanın mahnılarında, əsərlərində bir simvola çevrilib. Simvola çevrilmiş şəxslərin də aşağılanması və yaxud da bunu ayrı-ayrı qəhrəman kimi qəbul edən adamların hissiyatına toxunulması hesab edirəm ki, Sərdar bəy tərəfindən heç bir zaman həyata keçirilməz. Sərdar bəy bu dəyərləri yaxşı bilir. Ola bilsin ki, jurnalistlər bu məsələdə daha maraqlı informasiya hazırlamaq texnologiyasına üstünlük veriblər. Mən inanıram ki, Sərdar bəy Qubadlıları da bizim qədər, elə Qubadlıların özü qədər çox sevir. Qubadlılar da Sərdar bəy üçün Azərbaycanın hər bir vətəndaşı kimi əzizdir. Biz də bu mübarizədən, milli azadlıq hərəkatından, torpaqlarımızın işğaldan azad olunması və işğala qarşı mübarizədən Qubadlıların qeyrətini yaxşı bilirik, yaxşı bələdik. Əlinə silah alıb Ermənistanla ilk üz-üzə duran bir bölgəmizdir. Mənim üçün şəxsən çox əziz bölgədir. İnanıram ki, Azərbaycanda siyasətlə məşğul olan hər bir adam, eləcə də Sərdar bəy üçün çox əziz bir bölgədir. Ola bilsin ki, orada Sərdar bəyin özünün dediyi kimi jurnalist ifadələrində yanlışlığa yol verib. Mən hər hansı bir Qubadlının hissiyatına toxunacaq hər bir sözə görə bütün Qubadlılardan da, bütün Qarabağlılardan da, bütün Azərbaycan xalqından da hər kəsin əvəzinə üzr istəməyə hazıram və hesab eləyirəm ki, biz Azərbaycanın hər bir qarışını sevirik. Bu gün Qubadlılar və işğal olunmuş digər bölgələrimizin əhalisi daha həssasdır. Bu həssas bölgənin əhalisini də problemlərdən dolayı bağrımıza basırıq və biz sizinləyik deyirik. Sizin qeyrətiniz də, sizin namusunuz da, sizin apardığınız mücadələ də hər birimizə bəllidir. Şəhidlərimizin, mübarizə aparan, vətənə xidmət edən bütün oğlan və qızlarımızın hər birinin önündə baş əyirik.

- Eyni ittihamlar Səməd Vurğun barədə də səslənmişdi...
- İdeologiyalı cəmiyyətlərdə tanınmış şəxs, şair, yazıçı, ziyalı olmaq olduqca çətindir. Sovet ideologiyası hakim olduğu dönəmlərdə Səməd Vurğun Azərbaycanın Sovet poeziyasının tanınmış və çoxlarının sevimlisinə çevrilmiş bir şairi olub. Səməd Vurğunun bütün əsərlərini bir kənara qoyub da Yusif Səmədoğlu, Vaqif Səmədoğlu kimi övladları Azərbaycan xalqına bəxş eləyən bir ata kimi xatırlasaq, mən hesab eləyirəm ki, “Səməd Vurğun böyük insandır” demək mümkündür. Bu tipli məsələlərin üzərinə təəssüflər olsun ki, ictimaiyyət də, jurnalistlər də bir az çox gedir. Nədənsə S.Cəlaloğlu da son dönəmlərdə bəzilərinin hədəfinə çevrilir. İnsanları daha çox mənfi obrazda təqdim etməyə çalışırlar. Hesab edirəm ki, bu gün keçmişə, ideologiyalı cəmiyyətlərə baxıb da adamları təftiş etməyimiz bəlkə siyasilərin işindən bir az uzaqdı. Biz gələcəyə baxmalıyıq. Elə Milli Azadlıq Hərəkatında Yusif Səmədoğlunun, Vaqif Səmədoğlunun yerləri və rolu, belə övladları yetişdirən bir ailənin olması özü çox şey deməkdir. Qazaxlılar da bundan rəncidə olmasınlar. Biz hamımız Azərbaycanlıyıq və S.Vurğun da hamımızındır. Mən Qazağı Füzulidən az sevmirəm.

- AXCP sədri Əli Kərimli birlik çağırışı edib. Ona münasibətiniz necədir?
- Əli Kərimlinin birlik çağırışı əslində pozitiv bir çağırışdır. Birlik Azərbaycan müxalifətinə çox vacib olan, bu günkü dönəmdə, xüsusilə demokratik seçki mühitinin yaradılması istiqamətində ən vacib elementlərdən biridir. Çox istərdim ki, bu səmimi olsun. Əli bəyin bir dəfə də belə bir çağırışı olmuşdu. Biz onunla bağlı müxalifətin bir formatında toplaşdıq. Baxmayaraq ki, təşkilatçı biz idik-Qarabağ Bloku idi, çox təəssüflər olsun ki, o çağırışdan müsbət bir şey əldə etmədik. Amma heç kim təkcə bəyanatla kifayətlənməməlidir. Mən çox istərdim ki, hörmətli Müsavat və Cəbhə nümayəndələri İctimai Palata çərçivəsində birlik nümayiş etdirib cəmiyyətə bir nümunə göstərsinlər. Təkcə bir blokda olmaq yox, həmdə qarşıdan gələn prezident seçkiləri kimi vacib bir hadisədə bu cəmiyyətə bir nümunə olsun. Digərləri də o nümunəni görüb örnək götürsünlər və birləşmək, təmərküzləşmək istiqamətində addım atsınlar. Yox əgər müttəfiqin ilə birlik olmayıb sadəcə birlik təklifi verəcəksənsə cəmiyyət bunu ola bilsin ki, bir qədər səmimi qarşılamasın və yaxud da örnəyi, nümunəsi olmadığına görə hesab edirəm ki, bunun arxasınca getməyin. Əli bəyin də, vaxtı ilə bizim də, İsa bəyin də, Sərdar bəyin də başqa dostlarımızın da birlik çağırışlarına hər zaman səmimi və demokratik düşərgənin taleyinə sahib çıxmaq və taleyinə biganə olmamağın göstəricisi hesab etməklə yanaşı demokratikləşmə üçün də vacib şərt hesab edirəm. Bu vacib şərti yerinə yetimək hər birimizin borcudur. Amma yenə də deyirəm, örnək lazımdır. Biz bununla bağlı Ümid Partiyası və Qarabağ Bloku olaraq hər zaman nümunə göstərdik və mənim namizədliyim irəli sürüləndə qeyd etdik ki, “demokratikləşmədə iddialıyıq, namizədliyimizdə iddialı deyilik”. Mövqeyimizdə qalırıq və bu gün mövqeyimizi bir daha ifadə eləyirik. ADP ilə təmsil olunduğumuz Qarabağ Blokunda inşallah o nümunəni göstərəcəyik. Amma çox istərdik ki, digərləri də bu istiqamətdə təmərküzləşsinlər ki, daha azsaylı insanların, daha iddiası təmərküzləşmiş qrupların bir masa arxasında əyləşib dil tapması daha asan olsun.