“Mən bizim dialoqun davamını və yaxşı nəticələri gözləyirəm”

men-bizim-dialoqun-davamini-ve-yaxsi-neticeleri-gozleyirem
Oxunma sayı: 667

“Bu gün biz cənab Prezident ilə Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını geniş şəkildə müzakirə etdik, hansı ki, çox uğurla inkişaf edir. Həmçinin yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini müzakirə etdik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib.

Prezident qeyd edib ki, Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır:

“Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki, artmaqdadır.

Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb.

Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır. Bir daha, cənab Prezident, bizimlə olduğunuz üçün təşəkkür edirəm. Mən bizim dialoqun davamını və yaxşı nəticələri gözləyirəm. Əminəm ki, belə də olacaq. Bir daha xoş gəlmisiniz".