Mən də Ronaldo üçün bilet alardım...

men-de-ronaldo-ucun-bilet-alardim
Oxunma sayı: 6715

Yol böyüyündür deyirlər, amma mən balaca ilə başlayacam. Türkiyədə “Ümid millisi” deyilən milli var. Onlar ölkənin gələcəyi hesab olunur, yatırımlar edilir, ölkənin ən istedadlı gəncləri, xaricdən tapılan türklər bu komandaya yığılır və gələcək milli üçün baza qurulur.

Baş məşqçiləri də yerli Tolunay Kafkasdır. Bir də bizim millimiz var, “Ümidsiz millimiz”. Baş məşqçisi AFFA-nın bəh-bəhlə Serbiyadan gətirdiyi əcnəbi Milan Obradoviçdir. Heyətində milliləşdirilmiş futbolçular da var. Nəticə? Dünən Avstriyada 0:6 uduzduq. Gələcəyimizi darmadağın etdilər...

Avstriyadan Bakı Olimpiya Stadionuna: Boşluğun içindən uğultu səsi gəlir. Alqışlar yüksəlir, sonra səs yoxa çıxır, saniyənin yarısı qədər çəkir. Üstündən bir müddət keçir, bəlkə 2 dəqiqə, bəlkə 3 dəqiqə, sonra yenə səs gəlir, saniyənin yarısı qədər, susur.  

Soyuq havada puluna da qıyıb bilet alaraq gələn azarkeşlər çarəsizlikdən futbolçularımızın ayağına təsadüfən dəyən topa görə çılğına dönür, qısa çəkir, yenə susurlar, uzun müddət belə davam edir. Sanki bu ayağımıza dəyən topun səsidir.

Arenada çox tərəfdar da yoxdur. Ronaldo azərbaycanlı azarkeşləri peşman edib, aldıqları bileti əksəriyyəti cırıb atıb, gələnlərin də heyfi gəlib yəqin ki, atmağa. Qınamıram, mən də azarkeş olsam, bu matçda Ronaldo üçün bilet alardım, o, olmasa, Bruno Fernandeş üçün.

Matç günü AFFA 23 min bilet satıldığını açıqlamışdı, yəqin ki, İrlandiyada bilərəkdən sarı vərəqə alan Kriştianu azarkeşlərin yarısının biletini də, arzusunu da puç edib.

Millimizə gəlincə, qrupun açıq-aşkar autsayderi olan komandamız gündən-günə inkişaf etməkdən sürətlə geriləyir. Yarısı başqa ölkələrdən gətirilmiş futbolçulardan ibarət olan komandamızın Portuqaliya ilə matçda nəticə qazana bilməyəcəyi onsuz da bəlli idi, desəniz, razılaşaram. Amma meydanda mübarizəsiz məğlub olmaq?

Qrupun digər autsayderlərindən olan İrlandiya Portuqaliya üzərində az qala qələbə qazanacaqdı, fövqəlgücə malik Ronaldonun fenomenliyi sayəsində portuqallar son dəqiqə qolları ilə qalibiyyətə sevindi.

Qrupun digər bizimlə eynigücə (hansı ki, bu ancaq kağız üzərində belədir, rəqib bizdən güclüdür və bunu sübut etdi) malik komandası Lüksemburq Portuqaliya yığması ilə matçda 30 dəqiqəlik də olsa, üstünlük qazanmışdı, qol vurmuşdu, müqavimət göstərib mübarizə aparmışdı. Azərbaycan yığması ilk dəqiqələrindən rəqibin qol vuracağı anı gözləyirdi...

Bəs, futbolçular bu cür oyundan utanırmı? Mən əminəm ki, “Qarabağ”da bizə tarixi anlar, sevinc yaşadan Qara Qarayev, Maksim Medvedev, Şahruddin Məhəmmədəliyev, “Legiya”da adından söz etdirən, ölkəmizi qürurlandıran Mahir Emreli, “Neftçi” ilə illər sonra çempionluq yaşayan, yığmada tsikldəki hər 3 qolun müəllifi olan Emin Mahmudov, “Bursaspor”a keçərək özünü sübut etməyə çalışan Namiq Ələsgərov utanır.

Amma AFFA tərəfindən yaradılan “Sumqayıt” üçün Azərbaycana bağlılığı oldu-olmadı milliləşdirilən Höccət Haqverdi, Əli Qurbani, menecer mafiyasının “Qarabağ”dakı çıxışını göstərib pasport verdiyi Filip Ozobiç, Ukraynada böyüyüb başa çatmış Anatoli Nuriyev, Rüfət Əhmədzadə niyə utanmalıdır ki? Və yaxud De Byazi? 

Bu gün AFFA-nın yüksək səviyyədə “əməyi” sayəsində Azərbaycan yığması rəzalət dolu nəticələri əldə etməkdə davam edir. Qrupda uda biləcəyimiz rəqiblər Lüksemburq və İrlandiya ilə matçlarda nələr baş verdi? Düzdür, irlandlarla oyunda 1 xal qazandıq, o da Emin Mahmudovun təsadüfi zərbəsi nəticəsində.

Bəs, Lüksemburqla matçda start heyəti kim müəyyənləşdirmişdi? Niyə ölkəmizin ən yaxşılarından olan, xarici klublarda çıxış edən Namik Ələskərov, Mahir Emreli meydanda deyildi? Niyə Əli Qurbani kimi heç kəsə lazım olmayan futbolçu start heyətdə oynayırdı? Sualların cavabı De Byazinin söyüş söyməsi ilə bitmir. Qoca italyan söyüşə layiq nəticələrindən utanmayıb mətbuat konfransında onu haqlı tənqid edənlər üçün söyüş söymək istəyib. İllərdir futbolumuz üzüaşağı yuvarlana-yuvarlana gedir.

Qurban Qurbanov illər öncə 19, 21 yaşlı gənc oyunçularla Avropa Liqasının pley-off mərhələsində tarix yazırdı. Həmin Qurban Qurbanova milli komandada 1-cə il qarşısında min maneə yaradılaraq vaxt verildi. Halbuki tək xilas yolu onlara vaxt verilməsindən keçirdi. 

Bu arada qeyd edək ki, elə dünən Prezident İlham Əliyev yeni gənclər və idman naziri Fərid Qayıbovla görüşdə bəzi federasiyaların fəaliyyətini tənqid etdi. Ölkə başçısı bildirdi ki, idman sahəsində buraxılan nöqsanlar barədə ciddi təhlillər aparılmalıdır.

Elsevər Məmmədov