“Mən Gəncəylə nəfəs alıram” - Şahnaz Haşımova

men-genceyle-nefes-aliram
Oxunma sayı: 2282

Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Gəncə Dövlət  Filarmoniyası nəzdində Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının solisti Şahnaz Haşımova “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Şahnaz xanım, 1 ay sonra konsertiniz baş tutacaq. Bu barədə düşüncələriniz necədir?

- Bir sözlə deyə bilərəm ki, bu mənim həyat motivasiyamdır. Ümumiyyətlə, dinləyicilərin, tamaşaçıların musiqiyə marağı həmin müğənnini yaşadır. Mənə də nəfəs verən onların rəğbətidir. O ki qaldı konsertə, çox maraqlı keçəcəyini qeyd edə bilərəm. Sözügedən tədbir Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, eyni zamanda Xalq Çalğı Alətləri Orkestrı ilə birgə baş tutursa, əksini düşünmək ayıb olar. Gəncə Dövlət Filarmoniyası ildən-ilə zənginləşir, gözəlləşir. Buna səbəb həm rəhbərliyin işinin üzərində ciddi dayanıb möhtəşəm layihələr ərsəyə gətirməsi, həm də Gəncədə misli görünməmiş layihələrin təşkilidir. Danılmaz faktdır ki, bu proses özümüzü daha da təkmilləşdirərək Gəncə Dövlət Filarmoniyasını dünyaya tanıdacaq. Bir iş yeri insana “ikinci ev” təsirini bağışlamalıdır. Gəncə Dövlət Filarmoniyası sözün əsl mənasında tərəqqi edərək bu hissi əməkdaşlarına aşılayır.

- Bəzən deyirlər ki, “olduğun mühit gələcəyini formalaşdırır”. Gəncəyə olan bağlılığınızın sirri nədir?

- Mən Gəncədən ayrı yaşaya bilmərəm. Bu yerlərin suyu, torpağı məni saxlayır. Mən Gəncəylə nəfəs alıram. Həyatımın ən xoş anlarını bəxş edib. Düzdür, Azərbaycanın hər qarış torpağı əvəzsizdir, amma Gəncənin yeri mənim üçün tamam başqadır.

- Bəs həyatınızda “ən özəl şeirim budur”, dediyiniz şeir hansıdır? Tarixini bizimlə bölüşə bilərsinizmi?

- Əslində bu mənim üçün çox çətindir. Demək olar ki, ilk dəfə sizə açıqlayacağam. Hər insanın həyatında qırılma, qopma nöqtəsi olur. Qaçılmaz haldır ki, bu məndə də baş verdi. Bəli, söhbət “Qar dənələri” şeirimdən gedir. Mən bu şeiri yazanda ailəcə çox çətin anlar yaşayırdıq. Axşamçağı idi. İçiboş, pəncələri qırıq olan evimdə olarkən qar yağmağa başladı. O qədər çətin anlar yaşamağıma baxmayaraq, o həvəs mənə gəldi və yazdım:

Şaxtalı, boranlı bir qış axşamı,

Çöldə səs çıxardır külək min cürə.

Ruhumun qonağı qar dənələri,

Aramsız döyülür qapı-pəncərə.

Məndən inciməyin, qar dənələri,

Yazım gələn deyil, bu qışım sonsuz.

Necə qarşılayım mən axı sizi?

Tavansız otağım üşüyür onsuz.

- Bu qədər çətin anlardan keçmiş sənətkar olaraq yeni nəslə hansı tövsiyələri vermək istəyirsiz?

- Tövsiyə edirəm ki, işləsinlər, çalışsınlar. İstədikləri mövqeyə çatana kimi özlərinə bəhanə tapmasınlar. Çünki əsas məsələ qarşına məqsəd qoyub onu icra etməkdir.