Millət vəkili Baltik Assambleyasında çıxış edib

millet-vekili-baltik-assambleyasinda-cixis-edib
Oxunma sayı: 1202

Noyabrın 5-də Litvanın paytaxtı Vilnüsdə Baltik Assambleyasının (BA) 40-cı sessiyası işə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, sessiyada Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və millət vəkili Azər Kərimli iştirak edirlər. BA üzvləri “Baltikyanı ölkələrin regionun yenidən açılmasında əməkdaşlığı: böhranın təsirinin yumşaldılması üçün birgə tədbirlər və beynəlxalq əməkdaşlığın rolu”, “Baltikyanı ölkələrin enerji təhlükəsizliyi: Avropanın elektrik enerjisi şəbəkələri ilə sinxronizasiyadan sonrakı vəziyyət və qeyri-Avropa Birliyi ölkələri ilə enerji ticarəti”, “Baltikyanı ölkələrin Avropa İttifaqının xarici sərhədləri yaxınlığında təhlükəsizlik problemlərinin həllində rolu” mövzuları ətrafında müzakirələr aparırlar.
Sessiyanın gedişində E.Allahverdiyev çıxış edib. Millət vəkili bildirib ki, GUAM PA Azərbaycanın və təşkilat üzvlərinin həm birgə, həm də ayrılıqda BA ilə əlaqələrini genişləndirməsi üçün körpü rolunu oynayır.

Azərbaycanın BA üzvü olan dövlətlərlə həm siyasi, həm də iqtisadi müstəvidə sıx münasibətləri mövcuddur. Bununla belə, ölkəmiz sözügedən qurumla parlamentlər səviyyəsində də sıx əməkdaşlıqda maraqlıdır.

E.Allahverdiyevin sözlərinə görə, BA həm Azərbaycan, həm də bütövlükdə GUAM məkanı üçün Avropanın parlamentar strukturları ilə münasibətlərin inkişafı istiqamətində çox vacib təşkilatdır. Belə ki, BA GUAM PA üzvlərinin Benilüks Parlamenti, Vışeqrad qrupu və Şimal Şurası ilə təmaslarının intensivləşməsində müsbət rol oynayır.

Millət vəkili çıxışı əsnasında Azərbaycanın qalib gəldiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrə də toxunub. E.Allahverdiyev bildirib ki, Dağlıq Qarabağ problemi artıq tarixə qovuşub və Azərbaycanın qarşısında hazırda duran əsas vəzifə azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını təmin etməkdir. Bu məqsədlə hazırda bölgədə xarici şirkətlərin də iştirakı ilə iri infrastruktur layihələri həyata keçirilir, avtomobil və dəmir yolları inşa edilir. Rekord zaman kəsiyində, cəmi 8 ay ərzində işğaldan azad edilmiş Füzuli rayonu ərazisində beynəlxalq hava limanı tikilib və istifadəyə verilib. Şəhərlərin və kəndlərin yenidən inşası zamanı müasir texnologiyalardan istifadə edilir, yaşayış məntəqələrinin yenidən qurulması “ağıllı” konsepsiya əsasında həyata keçirilir. Bölgədə enerji istehsalı ekoloji cəhətdən təmiz mənbələrdən əldə edilir. Deputat xüsusi vurğulayıb ki, bütün bunlar Azərbaycanın sülh və əməkdaşlıq tərəfdarı olduğunun göstəricisidir.