MTN-in 215 minlik əməliyyatı

mtn-in-215-minlik-emeliyyati
Oxunma sayı: 731

Nazirlikdın “Qafqazinfo”ya verilən məlumata görə, belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Cəfərov İlham Nuhu oğlu və Məmmədov Əhliman Məhəmməd oğlu Azərbaycan Respublikasının digər vətəndaşları - Bayramov Eyvaz İbrahim oğlu, Əsədov Natiq Məhər oğlu, Cabbarov Talıb Yusif oğlu, Məmmədov Samir Yusif oğlundan və qeyrilərindən ibarət mütəşəkkil dəstə yaradaraq ona rəhbərlik etmiş və dəstə üzvləri arasında vəzifə bölgüsü aparmışlar. Müəyyən edilmişdir ki, mütəşəkkil dəstənin üzvləri Azərbaycanda güzəştli kreditlərin alınması, həmçinin ayrı-ayrı vəzifələrə təyin olunmaları adı ilə müxtəlif fiziki şəxslərə yalan vədlər verərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə onların külli miqdarda əmlaklarını ələ keçirmiş, həmin şəxslərə külli miqdarda ziyan vurublar.

Məlum olub ki, İlham Cəfərov və Əhliman Məmmədov birlikdə cinayət əməllərini həyata keçirmək məqsədilə 2011-ci ilin oktyabr ayında kəndli və fermer təsərrüfatının inkişafı məqsədi ilə uzunmüddətli güzəştli kreditlər vermək adı ilə «Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İqtisadi İnkişaf Birliyi» adlı saxta təşkilat yaratmışlar. Əvvəlcədən hazırladıqları saxta sənədlərdə İlham Cəfərov özünü «Hacıyev A.Ş» adı ilə «Nazirlər Kabinetinin İcra Aparatının rəhbəri» kimi qələmə vermiş və mütəşəkkil dəstənin digər rəhbəri Əhliman Məmmədov vasitəsi ilə müxtəlif fiziki şəxslərə təqdim olunmuş, bu sahədə müəyyən təbliğat işləri də aparmışdır. Bu yolla İlham Cəfərov və Əhliman Məmmədov həmin şəxslərə yalan vədlər verərək, onların etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlaklarını ələ keçirməklə öz aralarında bölüb.

Bir müddətdən sonra İlham Cəfərov və Əhliman Məmmədov əmlaklarını aldatma yolu ilə mənimsədikləri vətəndaşların narazılıq etdiklərini görüb onları inandırmaq məqsədilə əlavə daha bir saxta qurum – “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu»nu yaratmışlar. Bu dəfə dəstə üzvləri, o cümlədən İlham Cəfərov özünü «Abbasov Nəriman Zülfüqar oğlu» adı ilə həmin saxta fondun prezidenti, Əhliman Məmmədov özünü vitse-prezidenti, Eyvaz Bayramov isə özünü eksperti kimi təqdim etmişlər.

Əhliman Məmmədov və İlham Cəfərov qeyri-qanuni təsisatlarının fəaliyyətini genişləndirmək məqsədilə həmin uydurma “Kreditləşmə Mərkəzi Fondu”nun Bakı şəhəri və respublikanın 9 regionu üzrə saxta şöbələrini yaratmışlar. Sonra Əhliman Məmmədov və İlham Cəfərov 2012-ci ilin mart ayında Natiq Əsədovu, Talıb Cabbarovu və Samir Məmmədovu saxta “Kreditləşmə Mərkəzi Fondu”nun fəaliyyəti barədə təlimatlandırmış və guya, Talıb Cabbarovu həmin qanunsuz təsisatın mütəxəssisi, Natiq Əsədovu Beyləqan regional şöbəsinin rəisi, Samir Məmmədovu isə sürücü vəzifələrinə təyin ediblər.

2012-ci ilin mart ayından sentyabr ayının sonunadək olan müddət ərzində mütəşəkkil dəstənin üzvləri dövlət və qeyri-dövlət, beynəlxalq kredit təşkilatlarının rəhbərlərinin iştirakı ilə toplantıların keçirilməsi barədə, eləcə də yaratdıqları saxta qurumların adından sərəncamlar, təlimatlar, qərarlar, xüsusi əmrlər və ştat cədvəlləri hazırlamış, onları Bakı şəhərində fəaliyyət göstərən çap və tərcümə mərkəzlərində sənəd formasında nəşr etdirmışlər. Dəstə üzvləri həmin saxta sənədlərin üzərlərinə elektron möhür və ştamplar vuraraq, onları imzalayıb döş nişanları ilə bilikdə təqdim etməklə vətəndaşları mövcud olmayan vəzifələrə, o cümlədən Əliyev İbrahim Hümbət oğlunu və Piriyev Natiq Allahverdi oğlunu ayrı-ayrı vaxtlarda qeyri-qanuni “Kreditləşmə Mərkəzi Fondu”nun Bərdə regional şöbəsinin rəisi, Abdulhəmidov Murad Əvəz oğlunu Beyləqan regional şöbəsinin rəisi, Bəşirov Babaverdi Ovçu oğlunu Xaçmaz regional şöbəsinin rəisi, Hüseynov Ədalət Qiyas oğlunu isə Şəki regional şöbəsinin rəisi vəzifələrinə təyin etmiş və onların külli miqdarda əmlaklarını təkrarən dələduzluq yolu ilə ələ keçirib aralarında bölüblər.

Bundan sonra, İlham Cəfərov və Əhliman Məmmədovun tapşırığı ilə dəstə üzvləri Talıb Cabbarov, Natiq Əsədov və Samir Məmmədov Şəki, Beyləqan, Bərdə, Şamaxı, Quba və Xaçmaz rayonunun ərazisində malik olduqları torpaq sahələrində kəndli və fermer təsərrüfatını inkişaf etdirmək istəyən Cəlilabad rayon sakin¬ləri Mehtiyev İsrail Əjdər oğlu və Yəhyayev Ramiz Musa oğlunun, Bərdə rayon sakini Fətəliyev Murad Cəmil oğlunun, Beyləqan rayon sakini Əmraslanov Əvəz Fərman oğlunun, İmişli rayon sakinləri Zaidov Rahim Yadulla oğlu və Tağıyev Hasil Feruz oğlunun, eləcə də Ağsu rayon sakini Hacıyev Alov Ağahəsən oğlunun etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə onlara, guya uzun müd¬dətli güzəştli kredit verəcəklərini yalandan vəd edərək, təkrarən dələduzluq etməklə onların hər birinin müəyyən məbləğdə pullarını ələ keçirib mənimsəyiblər.

İlham Cəfərov və Əhliman Məmmədovun tapşırığı ilə dəstə üzvləri Talıb Cabbarov, Natiq Əsədov və Samir Məmmədov saxta “Kreditləşmə Mərkəzi Fondu”nun regional şöbələrinə bir sıra şəxsləri, o cümlədən Quba rayon sakinləri - Bayramov Baram Üzdən oğlu, Hacıyev Hacıbala Mirzəşah oğlu, İsmayılov Ramiz Tağı oğlu və Ağasiyev Firudin Ənvər oğlunu, Beyləqan rayon sakini Məmmədov Vüqar Zöhrab oğlunu, İmişli rayon sakini Məmişov Muradəli Zülfəli oğlunu, Cəlilabad rayon sakinləri Mehtiyev İsrail Əjdər oğlunu və Yəhyayev Ramiz Musa oğlunu, Bərdə rayon sakini Fətəliyev Murad Cəmil oğlunu işə götürmə adı ilə aldadıb, onların etibarlarından sui-istifadə edərək hər birinin müəyyən məbləğlərdə pul vəsaitlərini ələ keçirib dəstə üzvləri arasında bölmüşlər.

Daha sonra müəyyən edilib ki, İlham Cəfərov və Əhliman Məmmədov cinayətkar niyyətlərini davam etdirmək məqsədi ilə dəstənin digər üzvü Eyvaz Bayramovu qeyri-qanuni “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu”nun eksperti kimi müxtəlif vətəndaşlara təqdim etmişlər. Eyvaz Bayramov Şəki və Bərdə rayonlarına gedərək heç bir səlahiyyəti olmadan güzəştli kredit almağa çalışan şəxslərə onların girov qoymaq istədikləri torpaq sahələrinə rəy vermiş və yalandan kredit ayrılacağını vəd edərək, həmin sahələrə baxmış və fotoşəkillərini çəkib.

Beləliklə, mütəşəkkil dəstənin üzvləri qısa müddət ərzində vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara ümumilikdə 215 min manat məbləğində ziyan vurub.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respub¬likası Cinayət Məcəlləsinin 178.3.1, 178.2.2 və 178.3.2-ci (dəlduzluq, yəni mütəşəkkil dəstə tərəfindən təkrar törədilməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddələri ilə cinayət işi başlanılmışdır. İlham Cəfərov, Əhliman Məmmədov, Eyvaz Bayramov, Samir Məmmədov, Talıb Cabbarov və Natiq Əsədov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə bütün halların araşdırılması üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İlham Cəfərov, Əhliman Məmmədov, Eyvaz Bayramov, Samir Məmmədov, Talıb Cabbarov və Natiq Əsədovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinin ərazi orqanlarına müraciət etmələri xahiş olunur.