Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrlərinin iclası keçirilib.
“Qafqazinfo” Rusiya hökumətinin yaydığı məlumata istinadən xəbər verir ki, görüş zamanı iqtisadi-ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Tərəflər ən yüksək səviyyədə əldə edilən razılaşmaların və hökumətlərarası komissiyanın 24-cü iclasının qərarlarının icrasını müzakirə ediblər.
Bundan başqa, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin genişləndirilməsi və iki ölkənin təsərrüfat subyektlərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması istiqamətində gələcək tədbirlər nəzərdən keçirilib.
Görüşdə həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və iki ölkə arasında yük daşımalarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Tərəflər Azərbaycan və Rusiya üçün praktik maraq doğuran qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri barədə də fikir mübadiləsi aparıblar.
***
Azərbaycan Nazirlər Kabineti də görüşlə bağlı məlumat yayıb.
Bildirilib ki, oktyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla görüşü keçirilib.
Görüşdə Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
İkitərəfli münasibətlərin inkişafı və praktiki əməkdaşlığın genişləndirilməsi baxımından yüksək səviyyəli müntəzəm təmasların əhəmiyyəti qeyd edilib.
Tərəflər ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər. Sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə yüksək səviyyədə əldə edilmiş razılaşmaların, həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16 aprel 2026-cı il tarixində Zəngilanda keçirilmiş 24-cü iclasında qəbul olunmuş qərarların icra vəziyyəti nəzərdən keçirilib.
Qarşılıqlı ticarət dövriyyəsinin artırılması və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub. Hər iki ölkənin təsərrüfat subyektlərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasının vacibliyi vurğulanıb.
Nəqliyyat əlaqələrinin inkişafı və iki ölkə arasında yükdaşımaların səmərəliliyinin artırılması məsələləri də müzakirə olunub. “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından daha geniş istifadə imkanları nəzərdən keçirilib.
Bundan əlavə, sərhəd-buraxılış məntəqələrinin fəaliyyəti və yük və nəqliyyat vasitələrinin həmin məntəqələrdən keçid prosedurlarının təkmilləşdirilməsi məsələlərinə diqqət yetirilib.
Tərəflər Azərbaycan və Rusiya üçün praktiki maraq kəsb edən qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
İkitərəfli əməkdaşlığın bütün sahələrində praktiki məsələlərin vaxtında nəzərdən keçirilməsi və həlli üçün iki ölkənin aidiyyəti dövlət qurumları arasında müntəzəm təmasların əhəmiyyəti qeyd olunub.
Konstruktiv və işgüzar şəraitdə keçən görüşün yekununda qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə işin davam etdirilməsinə hazır olduqları bildirilib.
Səfər zamanı həmçinin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novakla görüşüb.
Görüş əsnasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, xüsusən də iqtisadi-ticari, o cümlədən sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Eyni zamanda Şahin Mustafayevin Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repiklə görüşü də baş tutub.
Görüşdə Azərbaycan-Rusiya iqtisadi və ticari, eləcə də investisiya əlaqələrinin inkişafı ətrafında fikir mübadiləsi keçirilib.