“My Beach”ə getdilər, hesabı görəndə təəccübləndilər - Video

my-beache-getdiler-hesabi-gorende-teeccublendiler
Oxunma sayı: 10555

Dünəndən sosial şəbəkələrdə Novxanıda yerləşən “My Beach” istirahət mərkəzində ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulmasını göstərən qəbzin fotosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki, ödənilən məbləğin ¼ hissəsinin xidməthaqqı kimi tutulması müzakirə və tənqidlərə səbəb olub. Müştəridən əlavə bu qədər məbləğin tutulması qanunsuz hesab edilib.

Qəbzdən də görünür ki, edilən sifarişin məbləği 191 manat təşkil edir. Bu məbləğin üzərinə 47,75 manat əlavə olunub və ümumi olaraq 238,75 AZN hesablanıb. 

Bəs müştəridən əlavə bu qədər məbləğin tutulması qanunidirmi? İctimai iaşə müəssisələrində - kafe və restoranlarda əlavə xidməthaqqı ilə bağlı məbləğ qanunda müəyyən olunubmu? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən restoranlarda menyuda əlavə xidməthaqqının qeyd olunması məsələsinə nəzarət olunurmu?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, əgər müştəriyə əvvəlcədən xidməthaqqı ilə bağlı məlumat verilməyibsə, restoranın bu tələbi qanunsuzdur: “Biz dövlət orqanları qarşısında bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Lakin dövlət orqanları deyir ki, bu, biznes qurumlarının öz ərazisidir və özləri necə istəyər, elə də edər. Çekə saldıqları üçün vergi verirlər, deyirlər ki, orada qanun pozuntusu yoxdur. İstehlakçı hüquqlarını qoruyan bizim təşkilat isə deyir ki, vergi vermək azdır. Bu istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçı maraqlarına zidd hərəkətdir”.

E. Hüseynovun sözlərinə görə, əvvəlcədən istehlakçıya bu barədə məlumat verilməlidir ki, o, istəmədiyi təqdirdə seçim edə bilsin.

Sözügedən restoranın administratoru Elvin Məmmədli saytımıza bildirdi ki, həmin qəbzdə qeyd olunan məbləğ həm də şou-proqramla bağlıdır: “Bizdə həm menyuda, həmçinin instaqram və TikTok hesablarımızda xidmət faizi qeyd olunub. Əyləşən kimi də müştəriyə bu barədə məlumat verilir. Həm xidməthaqqı, həm də şou-proqram ödənişi bu 25 faizə daxildir. Bura gələnlərin də əksəriyyəti təkrar müştərilərdir, yəni neçə illərdir bundan məlumatlıdırlar”.

Məbləğin çox olması ilə bağlı suala gəlincə isə administrator bildirdi ki, bu məbləğ müğənnilərə olan ödənişi ancaq qarşılayır: “Bizdə olan şou-proqram heç yerdə yoxdur. Bizim müğənnilərə, şou-proqrama verdiyimiz pullar onu ancaq ödəyir. Hər gün də şou-proqramımız olur”.

Məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. İstehlakçılara məhsul və xidmətlər barədə məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid siyahısı və yaxud digər üsullarla təqdim edilməlidir. İctimai iaşə obyektləri əsas fəaliyyəti ilə yanaşı, növündən və dərəcəsindən asılı olaraq, istehlakçılara əlavə (ödənişli) xidmətlər də göstərə bilərlər. Əlavə xidmətlərin dəyəri menyu və ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya məcburi əlavə xidmətlərin göstərilməsinə yol verilmir: “Restoranlarda göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı ona aşağıdakı məlumatları təqdim etməlidir: xidmətlərin siyahısı və icra şərtləri; xidmətlərin qiymətləri və ödəniş şərtləri; təklif olunan iaşə məhsullarının firma adı və tərkibi; təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri; istehsal olunan iaşə obyektlərində hazırlanan məhsulların və göstərilən xidmətlərin istinad edildiyi sənəd.

İctimai iaşə obyektində menyu qanunvericiliyin tələblərinə uyğun olaraq dolğun tərtib olunmazsa, həmçinin obyektdə ümumiyyətlə menyu olmazsa, bu İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulması halı kimi sahibkarın səkkiz yüz manatdan min manata qədər cərimələnməsinə səbəb ola bilər”.

Cari ildə ictimai iaşə obyektlərində istehlakçılara təqdim edilən menyuların düzgün tərtib edilməməsi və ümumiyyətlə menyuların olmaması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 26 vətəndaş müraciətinin araşdırılması zamanı təqdim edilən sübutlar əsasında 1 hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Eyni zamanda son 6 ay ərzində ictimai iaşə (kafe və restoran) sektorunda istehlakçıların hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə bu sahədə mövcud qanunvericiliyin tələbləri əks olunmuş bildiriş və menyunun nümunəvi forması hazırlanmış və 2022-ci ilin əvvəlindən bugünədək 3913 iaşə obyektinə paylanılması təmin olunub. 

Qurumdan həmçinin bildirilib ki, sözügedən restoranla bağlı Xidmətə hər hansı şikayət daxil olmayıb. 

Qeyd edək ki, “My Beach”in sahibi tanınmış müğənni Niyam Salamidir.

Gülnar Əliyeva