“Nadürüstlər maaşların artacağını eşidən kimi qiymətləri qaldırır” - Videomüsahibə

nadurustler-maaslarin-artacagini-esiden-kimi-qiymetleri-qaldirir
Oxunma sayı: 3050

Milli Məclisin deputatı Siyavuş Novruzov “Qafqazinfo”ya müsahibə verib.

Sözügedən müsahibəni təqdim edirik:

- Siyasətdə olmasaydınız, hansı peşəni seçərdiniz?

- Siyasətdə olmasaydım, öz peşəmin arxasınca gedəcəkdim. Mən Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. Yəqin ki, hüquqşünas və ya vəkil kimi fəaliyyət göstərərdim. Bu sahə mənim üçün daha uyğun gələrdi. Amma bizim dövrümüz elə dövr oldu ki, Azərbaycanın müstəqilliyi, sərhəddə döyüşlər və s. istər-istəməz siyasətin içində olduq. Biz məşğul olmasaq da, siyasət bizimlə məşğul oldu. Elə bizim gəncliyimiz də belə oldu: siyasi mübarizə, mitinqlər, döyüşlər...

Milli Məclisin VII çağırışına seçkilər zamanı YAP-ın sizin namizədliyinizi irəli sürməyəcəyi ilə bağlı bir sıra məlumatlar yayılmışdı. Həmin vaxt həqiqətənmi YAP-da belə bir fikir var idi?

- Yox... Bilirsiniz, YAP 125 dairədən namizəd irəli sürür. Buna görə YAP uzun müddət araşdırmalar aparır, hər il bu hesabatlar gedir. Milli Məclisdəki çıxışlar, ictimai-siyasi həyatdakı rolu, mətbuatda, digər KİV-lərdə iştirakı, seçicilərin münasibəti... Bunun hər il statistikası gedir. Yəqin ki, xatırlayırsınız, Milli Məclis jurnalistləri arasında da ilin ən fəal deputatı ilə bağlı sorğular aparılırdı. Mən onda “ilin ən fəal deputatı” mükafatını almışam. Mənim 21 belə mükafatım var. Yəni YAP həm də Milli Məclisdəki gedişatı izləyir və ona əsasən qərar verir. Ona görə də partiyanın qərarı bizim üçün əsas şərtdir. Partiya nə qərar qəbul etsəydi, biz onu yerinə yetirməyə hazır idik. Bu baxımdan mənim bu məsələ ilə bağlı heç bir narahatlığım yoxdur.

- Son zamanlarda bir sıra partiyalarda daxili problemlər özünü göstərir. Məsələn, AVP-də Fəzail Ağamalı, həmkarınız Günay Ağamalı və qardaşı Elçin Ağamalı arasındakı, VHP-də Sabir Rüstəmxanlı ilə vitse-spiker Rafael Hüseynov arasındakı qalmaqal, Elçin Mirzəbəylinin xəbəri olmadan ƏHD-dən kənarlaşdırılması və digərləri. Sizcə, partiyalarda yaranan bu kimi problemlərin səbəbi nədir?

- Bildiyiniz kimi, mən uzun illər YAP-a rəhbərlik edən şəxslərdən olmuşam. Partiya daxilində həm demokratiya olmalıdır, həm də mütəmadi islahatlar həyata keçirilməlidir. Müəyyən hissə dəyişilməlidir ki, partiyaya yeni nəfəs gəlsin. Bu addımlar atılmadıqda böhran yaranır və bu, partiyanı geri aparır. Partiyanın lideri həmişə bu şeylərə nəzarət etməli və varislik prinsipini qoruyub saxlamalıdır. Yaşlı və gənc nəslin tandemi yaradılmalıdır. Bu proses getmirsə, o partiya tənəzzülə uğrayacaq. Hər dəfə YAP-dakı qurultaylarımızda partiyanın rəhbər strukturlarında 30%-ə yaxın dəyişikliklər edirdik. Ona görə də partiyada inkişaf gedirdi.

- Yaxın zamanlarda Pənah Hüseyn də Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verdi. Buna münasibətiniz maraqlıdır.

- Hesab edirəm ki, normaldır. Müəyyən adamlar öz partiyalarını irəli apara bilmirlərsə, əgər partiyanı şəxsi maraqlarından üstün tutursa, belə addımı atmalıdır. Bəzən bir çoxu partiyanı şəxsi obyekti hesab edir. Partiya obyekt deyil, ictimai-siyasi təşkilatdır. Amma partiyanı şəxsi marağından üstün tutmağı təqdirəlayiq hesab edirəm. Güman edirəm ki, bir çoxları da bu addımı atacaq. Partiya kollektiv şəkildə idarə olunmalı, alternativ fikirlər irəli sürülməlidir. Müxalifətçilik söyüş və təhqirdən ibarət olmaq deyil, fərqli layihələrin təqdim olunmasıdır. Məsələn, iqtidar iqtisadiyyatın inkişafını bu cür görürsə, biz bu cür görürük. Bu kimi təqdimatlara mən hələ hansısa müxalif partiyada rast gəlməmişəm. İnkişaf buradadır, müxalifətçilik buradadır. Yoxsa “filan yerdə taksi düz saxlamadığı üçün cərimə etdilər, niyə belə elədilər...” Bu müxalifətçilik deyil, dedi-qodudur.

- Partiyanı şəxsi obyekti hesab edənlər kimlərdir?

- Bu gün qeydiyyatdan keçmiş 28 partiya arasındadırlar. Bir hissəsi şəxsi obyekti kimi yanaşır...

- Məsələn, kimlər?

- Götürək Azərbaycan Xalq Cəbhəsindən, Əli Kərimli partiyaya öz obyekti kimi baxır. Yəni bütün partiya Əli Kərimliyə işləməlidir. Kim onu feysbukda, TikTokda, instaqramda bəyənmədisə, onun haqqında ölçü götürürlər. Bəlkə o adama sənin fikrin xoş gəlmir?! Bəs fikir plüralizmi harada qaldı?! Sən xarici qüvvələrə işləyirsən, bəlkə partiyada elə adamlar var ki, onlar bunu etmək istəmir, vicdanlıdır. Orada kim inkişaf edirsə, partiyadan uzaqlaşdırırlar. Nə qədər sədr müavinini xaric ediblər. Niyə? Çünki alternativ yetişən kimi, onu özündən uzaqlaşdırır. O cümlədən, Müsavat Partiyası və digər bir neçəsi də belədir.

- Ötən günlərdə Naxçıvan Konstitusiyasına dəyişikliklərin edilməsi ikinci səsvermədə qəbul edildi. Bəs Azərbaycanın Konstitusiyası ilə bağlı necə, referendum gözlənilirmi?

- Referendumun keçirilməsi ilə bağlı istər partiya rəhbərləri, istərsə də deputatlar tərəfindən mütəmadi olaraq fikirlər səslənir. Lakin ortaya konkret mövzu qoyan yoxdur. Təbii ki, məsələlər var. Bu gün regionların bir çoxunda 3 struktur fəaliyyət göstərir – Prezidentin səlahiyyətli nümayəndəsi, icra başçıları və bələdiyyələr. Bunlardan ikisi – RİH və bələdiyyələr Konstitusiyada öz əksini tapıb. Təbii ki, bələdiyyələr qalmalıdır, çünki yerli özünüidarəetmə sistemidir. Digər iki strukturdan birinə isə üstünlük verilməlidir. Bu barədə Prezident yerli mətbuata müsahibəsində də regionların strukturu ilə bağlı islahatların aparılması məsələsinə toxundu. Əgər hansısa əsasnamə hazırlansa, konstitusiyada da öz əksini tapmalıdır. Naxçıvan MR-lə bağlı da məsələlər qaldırılır: statusu və digər məsələlər. Bunlar da Azərbaycanın Konstitusiyasındadır.

- Yəni yaxın zamanda konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilməsi mümkündür?

- Hələlik ortada bir şey yoxdur, fikirlərdir. Gələcəkdə ola bilər ki, referenduma ehtiyac olsun.

- Son günlərdə bir sıra həmkarlarınız məmurlardan narazılıqlarını dilə gətirirlər. Sizin bəs hansı məmurdan narazılığınız var?

- Biz yerli icra hakimiyyətləri ilə münasibətləri çox gözəl qurmuşuq. Ayda iki dəfə seçicilərlə görüşlər keçiririk. Görüşlər zamanı müraciətlər dinlənilir, onların hansı muxtar respublika, hansılarınsa ümumi Azərbaycan səviyyəli olması araşdırılır. Keçən yarım il ərzində bizə 1280 müraciət daxil olub. Onun 80%-ni həll etmişik. Bəzi problemlər yerindəcə həll edilir. Məsələn, dərmanların alınması, təhsil haqqının ödənilməsi və s. Elə şeylər də var ki, nazirliklərə, komitələrə yönləndirilir. Hökumətlə qarşılıqlı işləyirik ki, əhalinin problemləri azalsın. Siz parlament jurnalistisiniz, fikir verirsinizsə, əvvəllər Milli Məclisin qarşısında kütləvi adamlar olurdu, indi onlar yoxdular. Artıq onların problemi həll olunub və biz onların qapısına gedirik, yerindəcə həll edirik. Yəni çox yaxşı sistem qurulub, insanlar da, biz də razıyıq.

- Qeyd etdiniz ki, vaxtilə parlamentin qarşısında aksiyalar olurdu. Xatırlayırsınızsa, Milli Məclisin iclaslarında da qalmaqallar çox olurdu, indi isə yox dərəcəsindədir. Bu, iclasın idarəetməsi ilə əlaqədardır, yoxsa necə?

- Həm idarəetmə ilə əlaqədardır, həm də kim istəyir sözünü deyir, müraciətini edir. Hərdən görürsən, həmkarlarımız elə məsələlər qaldırırlar ki, əvvəlcə onu özü araşdırmalıdır. Düzgün nəticə olduğu halda, məsələni qaldıra bilər. Yoxsa hardansa oxuduğu informasiyanı Milli Məclisdə qaldırmaq olmaz.

- Bildiyiniz kimi, pensiya yaşının azaldılması, “uşaq pulu” kimi məsələlər daim cəmiyyətin müzakirə obyektidir. Sizcə, bu reallaşa bilər? Ümumiyyətlə, necə düşünürsünüz, kişilər və qadınlar üçün pensiya yaşı neçə olmalıdır?

- Mən bu məsələ ilə xeyli məşğul olmuşam. Burada iki tərəf var: biri yaş həddinin artırılmasını, digəri isə azaldılmasını istəmir. Hətta çoxaldılmasını istəyənlər də var. Kimlər ki, işləməyib, evdar qadındır, yaxud ağır işdə çalışırlar, onlar pensiya yaşının azaldılmasını istəyir. Yəni doğrudan da 60 yaşında biri gedib “kubik” qaldıra bilməz də. O cür işlərin kateqoriyası artsın. Amma müəllim, həkim və ya elmlər doktoru pensiya yaşına çıxanda deyir ki, çıxmıram. Yaxud Milli Məclisin aparatında, yaşı 65 olan şəxslər istəmir pensiyaya çıxsın. Çünki məşğul insan istəmir evdə oturub ölüm saatını gözləsin. Alacağı pensiya əməkhaqqısından çox olsa da, pensiyaya çıxmaq istəmirlər. Məsələn, neft şirkətindən kim çıxarsa, ağlaya-ağlaya çıxır. Yəni ağır işdə çalışanların pensiya yaş həddini aşağı salmaq olar.

- Məsələn, nə qədər?

- 59 ola bilər. Çünki bu adamların əlindən başqa iş gəlmir, sənətkar, bərbər, pinəçi deyil. Adi bir işçidir, beton qarışdırır. Bu beton qarışdırmağın da bir müddəti var, o güc qalmır. Yəni bu cür kateqoriyalara tətbiq etmək olar.

O ki qaldı uşaq puluna... Bununla bağlı da müzakirələr gedir. Güzəştlər olur əslində, təhsil pulsuzdur, doğulanda uşağın təminatı olur və s. Müzakirələr gedir, xarici praktikalara baxılır ki, hansı formatı seçmək olar.

- Eviniz üçün yəqin ki, ərzaq alış-verişi edirsiniz?

- Bəli...

- Deməli, qiymət artımlarından da xəbəriniz var...

- Bəli. Qiymət artımları var və olduqca ciddidir. Amma bu, təkcə bizdə deyil. Yayda, payızda bir neçə ölkədə oldum, əvvəlki ilə indiki arasında yerlə-göy qədər fərq var. Bu, dünyada gedən proseslərdir. Bizdə artım nədədir: yağda, ətdə və digər ərzaq məhsullarında. Bunların hamısı ilə Azərbaycan öz-özünü təmin edə bilmir. Biz əti də, yağı da xaricdən idxal edirik. Buna görə də orada qiymət artırsa, dərhal bura da təsir edir. Düzdür, aralarında nadürüst adamlar da var ki, eşidən kimi pensiya, əməkhaqqı artacaq, qiyməti də artırır. Yəni süni artımlar da var.

- Ev demişkən, Siyavuş Novruzov evdə necə biridir? Övladlarınızla münasibətlərinizi necə tənzimləyirsiniz?

- Normal tənzimləyirəm. Bilirsiniz, siyasət başımızı o qədər qatıb ki, övladlara vaxt ayırmaq olmur. İnformasiya çoxdur. Əvvəllər bir qəzet alıb xəbərləri oxuyurdun və bilirdin ki, bir də sabah oxuyacaqsan. İndi hər 5-10 dəqiqədən bir yeni məlumatlar yayılır. Gecə saat 2-yə qədər gözün elə kompüterdə olur ki, məlumatları oxuyasan. Ona görə də uşaqlarla məşğul olmağa vaxt çox az qalır. Ümumi dərslərini filan maraqlanırsan. Bu da 5-10 dəqiqə vaxt alır. Siyasətdə olanların hamısı bu vəziyyətdədir.

- Ümumiyyətlə, uşaqlarınız nə işlə məşğuldur? Ali təhsil alırlar?

- Oğlum Hüquq fakültəsini bitirdi, indi magistraturada təhsil alır. Bu il başa vuracaq. Qızım isə doqquzuncu sinifdə oxuyur.

- Bir ara xeyli çəki atmağınız müzakirələrə yol açmışdı. Sizdə hansısa xəstəliyin olduğu haqda iddialar da yayılırdı. Doğrudan da səhhətinizdə ciddi bir problem var idi?

- Ona görə artıq çəkimi azaltmıram. Mən istədiyim qədər çəkimi azalda bilirəm. Çəkim azalan kimi həm sifət hissəsində arıqlama gedir, həm də bədəndə. O dəqiqə soruşurlar ki, xəstələnməmisən?! İndi hamı çəki atmaqla mübarizə aparır. Mən ömür boyu idmanla məşğul olmuşam və eyni çəkimi saxlaya bilirəm.

Sadəcə bir ayağımda diz nahiyəsində problem var idi. O da idmanla əlaqədar idi. Son dövrlər gün ərzində 20 kilometr yol qət edirdim. O da diz qapaqlarımda müəyyən problem yaratdı və əməliyyat keçirdim. Qalan hər şey normaldır.

Bildiyiniz kimi, ölkənin son zamanlar ən çox müzakirə etdiyi məsələlərdən biri, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ətrafında cərəyan edən proseslərdir. Müsahibələrinizdən birində qeyd etmişdiniz ki, o, vaxtilə daim sizin qarşınızı kəsib. Bu fikri nəyə əsasən demişdiniz?

- Bizim iş sistemimiz belə idi ki, partiya ancaq sədrə tabe idi. Partiyanın sədri də cənab Prezidentdir və biz ancaq onun tapşırıqlarını yerinə yetirirdik. Başqa adam tapşırıq verə bilməzdi və xüsusilə partiyada vəzifəsi yox idisə. Ramiz Mehdiyev də istəyirdi ki, partiyaya tapşırıq versin, biz isə o tapşırıqların heç birini qəbul etmirdik. Belə olanda, o, partiyaya qarşı ciddi iş aparırdı. Partiyaya rəhbərlik edən adamlarla kəskin mövqeləri var idi. Bu, iclaslarda özünü büruzə verirdi, daim atışma gedirdi. O baxımdan kadrların irəli çəkilməsinə maneə törədirdi.

- Siyavuş Novruzovun həyatı boyunca etdiyi ən böyük risk nə olub? Hesab edirik ki, 2020-ci ildə karantin rejimi vaxtı sizin xanımınızla Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməyiniz böyük risk idi. Siz nə düşünürsünüz?

- Risk deyəndə ki, dəvət olunan yerə gedilir. Mən Əbülfəz Elçibəyin də qızının toyunda iştirak etmişəm. O vaxt o, ən kəskin müxalifətdə olub, dəvət edib getmişəm. Etibar Məmmədovun atasının yasında da iştirak etmişəm. Yəni bir yerdə iştirakda hansısa yaxınlıq-uzaqlıq məsələsi yoxdur. İnsanı dəvət edirlərsə, bu məsələdə qərar verməlidir ki, nə etsin. Əgər özündən qorxun yoxdursa, düzsənsə, təmizsənsə, heç nə ola bilməz. Belə riskli məsələlər həyatımda olmayıb. Cavan vaxtımda hərbi xidmətdə o risklərdən etmişəm, amma bu yaşda yox.

- Ötən aylarda Ramiz Mehdiyevin YAP-dan çıxarılacağı ilə bağlı xəbərlər yayılsa da, sonradan “partiyadan çıxarıldı” xəbəri açıqlanmadı. Mehdiyev YAP-dan çıxarıldı, ya necə?

- Bu barədə mənim də məlumatım yoxdur. Orada qərarı İdarə Heyəti qəbul edir. Ümumi partiyada müzakirə olunmur. Çünki o, partiyada vəzifə tutmur. Əvvəldən də İdarə Heyətinin üzvü olmayıb. Ona görə də qərar veriləndə ancaq rayon təşkilatı verə bilər.

- Zaman-zaman deputatların çıxışları, söylədiyi sözlər cəmiyyətdə geniş rezonans doğurur, hətta dillərə düşür. Buna bir sıra misallar gətirmək olar. Biri də sizin medallarınızla və suyu vedrə ilə ölçməklə bağlı çıxışınız idi. Bu barədə fikirləriniz maraqlıdır.

- Birincisi, bu medallar mənə Sovet hökuməti vaxtında verilib. Müstəqil Azərbaycanın isə iki ordenini almışam – “Şöhrət” və “Vətənə xidmətə görə” birinci dərəcəli ordeni. Burada qeyri-adi nə olduğunu mən başa düşmürəm. Yəni bu insanları nə narahat edir? Narahat edən ancaq paxıllıq ola bilər. Çünki onların heç bir dənə döş nişanı da yoxdur. Çünki Vətən üçün heç bir xidmət göstərməyib. Gəlsin biri sadalasın ki, mənim keçdiyim yolları keçib – Milli Azadlıq Hərəkatında iştirak edib, Qarabağ cəbhəsində, Əfqanıstanda döyüşüb, müstəqillik uğrunda mübarizə aparıb? Olmayıb. Sənə niyə verməlidirlər? Elə sən hansısa müxalifətçisən, partiyanın sədrisən deyə sənə nəsə gətirib verilməlidir?!

Suyun vedrə ilə ölçülməsi məsələsində isə... Mən orada deyirəm ki, o adam belə deyir. O adamın dediyini qoyublar qırağa, mənim adımdan götürüb verirlər. Yəni deyirəm ki, bir nəfər Ümummilli Liderə sual verir ki, hər şeyin ölçü vahidi var: işığı amperlə, çəkini kilo ilə, suyu da vedrə ilə. Yəni bu sözü həmin adam deyir. Amma istənilən halda, bunu sübut da etmək olar. Məsələn, gələndə deyirsən ki, mənə yarım litr çay ver? Deyirsən, bir çaynik çay ver. Ölçü vahidi nə oldu – çaynik. Vergini nəyə görə alırlar – çaynikə görə. Yaxud da kafedə deyirsən ki, bir fincan kofe ver, demirsən ki, qramla ver. İstər-istəməz fincan olur ölçü vahidi. Bundan başqa, dirsəklə ölçü vahidi var – deyirdilər ki, bir dirsək uzunluğunda. Mən buna 10 dənə misal göstərə bilərəm. Bunun şişirdilməsi o paxıllığın, savadsızlığın nəticəsidir.

- Bildiyiniz kimi, siyasətçilər, məmurlar arasında yaradıcı olanlar da var. Biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Onun bir sıra bəstələri bu gün dillər əzbəridir.

- Bəli, bəli...

- Bəs siz nə vaxtsa yaradıcılıqla məşğul olmusunuz? Belə bir istedadınız varmı?

- Əvvəllər məşğul olurdum, hekayələrim var. Sonradan vaxt baxımdan yaza bilmədim. Bir neçəsi də dərc olundu, sonralar çatdıra bilmədim.

- Futbolla necə, maraqlanırsınız?

- Maraqlanıram, oynayırdım da. Bizim Milli Məclisdə komandamız da var idi, kapitanı özüm idim. Yaxşı yarışlar keçirirdik. Ayrı-ayrı xarici dövlətlərin parlamentləri ilə aramızda yarışlar olurdu. Baxanda da gərək mənə maraqlı tərəf olsun ki, baxım. Məsələn, İngiltərənin iki komandası bir-biri ilə oynayırsa, bu mənim üçün maraqlı deyil, baxmıram. Tərəf ya Azərbaycan, ya da Türkiyə olanda baxıram.

- Hansı komandaya azarkeşlik edirsiniz?

- Bu saat hamımızın dəstəklədiyi “Qarabağ”dır. İstərdim ki, “Neftçi” də inkişaf edib o səviyyəyə çatsın. Vaxtilə “Neftçi” Azərbaycanın yeganə futbol klubu idi. Yəqin ki, gələcəkdə olar. “Neftçi”nin veteranları – Maşallah Əhmədov, Səməd Qurbanov, Oqtay Abdullayev, İsgəndər Cavadov ilə tez-tez görüşürük, futbol da oynayırdıq. Ayağımdan müalicə almadan öncə, hər həftə onlarla oyunlarımız olurdu.

Bir neçə gün sonra doğum gününüz olacaq. Ad gününüzü harada keçirməyi düşünürsünüz?

- Evdə. Mən ad günlərini heç keçirmirəm. Nə yubiley olanda, nə o birilərində. Biz Ümummilli Liderin tələbəsiyik. Belə şeylərə çox sadə yanaşırıq. O, uzun məcburiyyətdən, xahiş-minnətdən sonra 70 illik yubileyini qeyd etmişdi. Onu da Naxçıvan Ali Məclisində... Ona qədər və ondan sonra heç vaxt yaşını qeyd etməyib. Nümunəni rəhbərimizdən götürürük. Prezidentimiz də ad gününü əvvəllər qaçqınlarla, indi də işğaldan azad olunmuş ərazilərin sakinləri ilə qeyd edir.

- Bu il özünüz üçün arzularınız nələrdir?

- Bir dənə şey var – cansağlığı, vəssalam. Qalan şeylərin hamısı ola bilər. O vaxtı Leninin bir sözü var idi – sağlam bədəndə sağlam ruh olar. Tənqidçilər deyirdi ki, məgər xəstə adamda sağlam ruh ola bilməz?! (gülür). Lenin özü xəstə idi, özünə uyğun olaraq bunu deyirdi. İnsanın canı ağrıyanda, bir şey olanda ancaq onu fikirləşir... Yeni ideyanı, fikri düşünmür. Ona görə cansağlığı əsasdır.

Nuranə Daxilqızı

Foto-Video: Xəyal Vəlizadə