Naftalanda İH-nin və Dövlət Turizm Agentliyinin layihələri həyata keçirilir - Fotolar

naftalanda-ih-nin-ve-dovlet-turizm-agentliyinin-layiheleri-heyata-kecirilir
Oxunma sayı: 950

Naftalan kurort şəhərinin simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində abadlıq-quruculuq işləri davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, hazırda Naftalan Şəhər İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin birgə layihəsində nəzərdə tutulmuş qaydada şəhərin mərkəzi küçəsində yerləşən ticarət (xidmət) obyektlərinin qarşısı və dam örtükləri şəhərin memarlıq üslubuna uyğun olaraq müasir, daha göz oxşayan dizaynda quraşdırılır.

Hərəkət məhdudiyyəti olanlar və uşaq arabalarının rahat hərəkətini təmin etmək üçün şəhər ərazisində, parklarda panduslar quraşdırılır, yeni yaşıllıqlar salınır. Çoxmənzilli yaşayış binalarının dam örtüklərində cari təmir işləri aparılıb, binaların eyvanlarına dekorativ bəzək gülləri düzülüb. Həmçinin şəhərin müxtəlif küçələrində, çoxmənzilli yaşayış binalarının qarşısında, yol kənarlarında səliqə-səhman yaradılması hər zaman diqqət mərkəzində saxlanılır.

Görülən işlər çərçivəsində Heydər Əliyev parkında işıq dirəklərinə xüsusi dizaynlı dibçəklərdə əkilmiş dekorativ bəzək gülləri quraşdırılmış, parkın bir hissəsində ağacların arasına münbit torpaq yayılaraq səth hamarlanıb və ərazi düzlənib. Şəhərin Z.Tağıyev və İ.Nəsimi küçələrində piyadaların rahat gediş-gəlişi üçün mövcud yararsız səkilərə yeni daş örtüyü döşənərək bərpa edilib və yeni səkilər salınıb. Görülmüş işlərin nəticəsidir ki, parklarımız şəhər sakinlərinin və turistlərin sevimli istirahət məkanına çevrilib.