Neftçala rayonunda Xocalı soyqırımının 34-cü ildönümü geniş formada qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri tərəfindən Neftçala şəhərinin mərkəzində yerləşən Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılan abidə ziyarət olunub. Xocalı qurbanlarının ruhuna dualar oxunub, gül dəstələri düzülüb və ehtiramla anılıblar.
Prezident İlham Əliyevin Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib.
Mərasim iştirakçıları Neftçala Rayon Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Xocalı qurbanlarının xatirəsinə həsr olunan rəsm sərgisinə baxış keçiriblər.Anım mərasimi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb.
Anım tədbirində Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli, amansız faciəli səhifələrindən biri olduğunu, xalqımızın yaddaşına qara hərflərlə yazıldığı vurğulanıb. Qeyd olunub ki, otuz dörd ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan zaman Xocalı şəhidlərinin qisasının alındığını, onların qanının yerdə qalmadığını bildirdi.
Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolundan danışılıb, bu həqiqətlərin Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.
Anım mərasimi Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyi tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya ilə davam edib.




Son xəbərlər
Son Xəbərlər