Bu gün Oğuz rayonu Qarabulaq kəndində yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Söyüdlü kəndinə gedən yolda 1989-cu il təvəllüdlü Leyla Rzayevanın idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə orta məktəb müəllimi olan sürücü və onun həmkarları - 1977-ci il təvəllüdlü Aynurə Sərkərova, 1987-ci il təvəllüdlü Nuranə Rüstəmova və 1982-ci il təvəllüdlü Cəmalə İsgəndərova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, aprelin 10-u 14:00 radələrində Oğuz rayonunda baş verən yol-qəza hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın cinsli) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Onlardan 1977-ci il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi, dirsək və mil sümüklərinin aşağı uclarının müştərək sınıqları, 1987-ci il təvəllüdlü şəxsə bud sümüyünün sınığı, başın açıq yarası, (qəbələ) 1982-ci il təvəllüdlü şəxsə döş qəfəsinin, qarın nahiyəsinin beldən aşağı hissəsinin və çanağın səthi travması səthi travması, 1989-cu il təvəllüdlü şəxsə isə budun əzilməsi, boyunun digər hissələrinin səthi travması diaqnozları qoyulub, vəziyyətləri orta-ağır qiymətləndirilir.
1977 və 1987-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra müalicələrinin davam etdirilməsi məqsədilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına, 1989-cu il təvəllüdlü şəxs isə Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
1982-ci il təvəllüdlü şəxsin müalicəsi Oğuz Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində davam etdirilir.