Ölkə üzrə 3500-dən çox vərəmli xəstə qeydiyyata alınıb

olke-uzre-3500-den-cox-veremli-xeste-qeydiyyata-alinib
Oxunma sayı: 217

“Ölkə üzrə ilkin vərəmli xəstələrin sayı 1875 nəfər, təkrar vərəmli xəstələrin sayı 1647 nəfərdir. Beləliklə, cəmi 3522 nəfər 2025-ci ilin 11 ayı üzrə dispanser qeydiyyatına alınıb, onlardan isə 579 nəfər dərmana davamlı xəstələrdir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

O qeyd edib ki, 2025-ci ildə TƏBİB tabeliyində vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiyasının optimallaşdırılması, əhali arasında vərəm və digər ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin artırılması məqsədilə Ağciyər Xəstəlikləri Mərkəzi təsis edilib. Mərkəz müvafiq dərman vasitələri, tibbi ləvazimat və zəruri avadanlıqlarla təmin olunaraq fəaliyyətə başlayıb.

V. Qurbanov əlavə edib ki, şəkərli diabet xəstəliyi ilə bağlı ölkə üzrə 343 349 nəfər xəstə dispanser qeydiyyatındadır: “Vətəndaşlar 26 adda dərman vasitələri (şəkərsalıcı oral hipoqlikemik preparatlar, insulin analoqları və insan insulinləri), qanda şəkərə nəzarət vasitələri, həmçinin 103 nəfər uşaq üçün insulin pompasının məsrəfləri ilə təmin olunurlar”.

O bildirib ki, sözügedən dərman və tibbi ləvazimatlar 64 mərkəzi rayon xəstəxanasının nəzdində fəaliyyət göstərən imtiyazlı aptek məntəqələrinə və Bakı şəhəri üzrə 27 imtiyazlı aptekə paylanır: “2024-cü ildə ilk dəfə olaraq şəkərli diabetli uşaqlarda xəstəliyin idarə olunmasını və qlikemik nəzarətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 3-15 yaş arası uşaqlar qanda davamlı qlükoza monitorinq sistemi ilə təchiz olunub və 2025-ci il ərzində davamlı olaraq təminatı həyata keçirilib. Hazırda bu kateqoriyaya aid uşaqların 60%-i (1300 nəfər) cihazla təmin edilib”.

Gülnar Əliyeva