“Olmaya Nizami Gəncəvinin qorxduğu elə başına gəlib?!”

olmaya-nizami-gencevinin-qorxdugu-ele-basina-gelib
Oxunma sayı: 4392

Bir sıra ədəbiyyat adamları iddia edirlər ki, Nizami Gəncəvinin əsərlərinin dilimizdəki mövcud tərcümələri normaldır, onların çevrilməsinə xeyli zəhmət çəkilib, mütərcimlər tərəfindən həmin bədii nümunələrin məna yükü mümkün qədər saxlanılıb, orijinaldakı vəznin qorunması isə tam vacib deyil. Əruz vəzninə az-çox bələd olanlar bilir; bu vəzninin möhtəşəmliyi ondadır ki, söz sırası həm də mənanı idarə edir, beləcə onu yaradır, özünü ona, onu da özünə tabe edir. Bu uzlaşma, bu rabitə fərqli və bəşəri sənətkarı söz vurğunlarının gözündə uca məqamlara qaldırır. 

Şair heca vəznində püxtələşdikcə mənadan uzaqlaşıb səsə sığınır, sərbəst şeirdə qələmi itiləşdikcə poeziyadan aralanıb özül mənaya yaxınlaşır, ancaq əruzda ustadlaşdıqca isə onun yaradıcılığında mənanın çox variantlılığı artır. Klassik ədəbiyyatın şah nümunələrini çoxyozumlu olmasının əsas səbəblərindən biri də budur.

Gələk Nizami Gəncəvinin əsərlərinin tərcüməsi məsələsinə: Süleyman Rüstəm dahi ədibin “Sirlər xəzinəsi” əsərini tərcümə edib. Tərcümədə vəznin qaydalarını gözləmədiyinə görə Nizaminin 11 hecaya sığışdırdığı fikri, Süleyman Rüstəm 14 hecada tərcümə edib. Nəticədə həmin əsərdəki fikirləri sanki dərininə yox, eninə doğru genişlənib. Görkəmli klassik ədəbiyyat tədqiqatçısı Sabir Əliyev hələ uzun illər öncə bu tərcümə haqqında “Vəzn axtarışı” adlı bir məqalə yazıb. Həmin məqaləni oxuyanda aydın olur ki, 11 hecalı həmin əsər 14 hecayla tərcümə ediləndə aşağıdakı artım fərqləri yaranıb:

11000 sözlük əsərin həcmi 14000 sözə qalxıb

əsərin leksik kütləsi 27,3% faiz çoxalıb

oxunuşu – ifa müddəti üçdə bir dəfə şişib

səs kütləsi 30 faiz artıb

əsərin yazıldığı səri bəhri 3, tərcümə edildiyi 14-lük heca vəzni isə 4 ölçülü olduğu üçün bu məqamda da labüd artım qaçılmaz olub

S.Əliyevin də qeyd etdiyi kimi S.Rüstəm kimi peşəkar şair bu tərcüməsində “qoca qarı” ifadəsini işlədir. Məgər cavan qarı da olur? Yaxud “Kərpickəsən kişin dastanı”ndakı yaşlı kişini “xeyli qoca” kimi dilimizə çevirib. Qoca kişi kərpic kəsə bilər, amma xeyli qoca kişinin bu işi görməyə heyi hardadır? Yəni tərcümədəki artıq sözlər bəzi hallarda Nizaminin yaradıcılığındakı hikməti mənasız, məntiqsiz, yersiz fikir yığınına çevirir.

Qeyd etdiyimiz kimi N.Gəncəvi bu əsəri “səri” bəhrində yazıb. Bu bəhrə bəzən “xəsis bəhr” də deyirlər. Çünki bu bəhrdə az sözlə əhatəli fikir çatdırmaq olur. Əlbəttə, çevrilən dil buna imkan verməyə də bilər. Axı bizim də yeddi misralıq bayatılarımıza sığan fikri, başqa dilə eyni mənanı qorumaqla bərabər ölçüdə çevirmək də hər tərcüməçiyə müyəssər olmur. Nizaminin adı çəkilən əsəri əgər əruzun “dar bəhr”lərindən birində dilimizə tərcümə edilsəydi, bəlkə də, bu qədər fikir israfçılığına, artıq sözlərə, qeyri-dəqiqliyə də yol verilməzdi.

Paradoksal olan bilirsiz nədir? Nizami Gəncəvi “Leyli və Məcnun”da oğlun xitabən vəziyyət edir ki, “söz zərifliyi etibarı ilə su kimi olsa da, onu az söyləmək daha məsləhətdir. Sudan bütün zülal maddələri əmələ gəlsə də, onu çox içməkdən zərər törəyir”. Yuxarıda M.Əlizadənin tərcüməsində verdiyim bu nəsihəti xalqımız Səməd Vurğunun poetik çeviriməsində müəyyən təhriflərlə belə xatırlayır:

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.

Nizami Gəncəvinin öyüd verdiyi təkcə oğlu  Məhəmməd deyildi, həm də gələcək nəsillər, bəlkə də, onun əsərlərinin tərcüməçiləri idilər. Eləcə də Süleyman Rüstəm idi. S.Rüstəm kimi uzun illər ədəbiyyat meydanında olmuş bir şair Nizaminin oğluna – gələcək nəsillərə vəsiyyətini inanmıram ki, eşitməmiş, yaxud oxumamış olaydı. Bəs onda Nizaminin ehtiyatlandığı “artıq söz”lərdən nə üçün yayınmağa çalışmayıb? Bu tərcümə həmin vəsiyyətin sanki cırılıb kənara tullanması deyilmi? Olmaya Nizami Gəncəvinin qorxduğu elə başına gəlib?!

Fərid Hüseyn