“Onları aldatmaq lazımdı” – Fotolar

onlari-aldatmaq-lazimdi-fotolar
Oxunma sayı: 690

Qafqazinfo.az saytının direktoru Elbrus Ərudun Publika.az-a müsahibəsini təqdim edirik.

O, Azərbaycan mətbuatının xəbərə yeni abı-hava gətirmiş, maraqlı müsahibələri ilə yadda qalan nümayəndələrindən biridir.

Bu günlərdə onun 33 yaşı tamam oldu. Biz də qərar verdik ki, dəyərli həmkarımızı həm kollektiv adından təbrik edək, həm də sorğu-suala çəkək.

Əvvəlcədən bildirək ki, söhbətimiz xeyli maraqlı alındı.



- Jurnalistin müsahibə verməyi necə hissdir?
- Son dəfə “Qafqazinfo”nun ad günündə müsahibə vermişəm. Dostum Zaur zəng edib dedi ki, bir də müsahibə vermə. Sənin nə qədər sözün var ki, 10-15 min işarəlik müsahibə də verəsən?! Ağlıma batdı. Fikirləşirəm ki, düz deyir. Biz jurnalistlər daha çox danışdırmalıyıq. Əslində, deməyə sözüm çoxdur. Mən özüm maraqlı müsahibə aldığım kimi, maraqlı da müsahibə verirəm. Dəfələrlə görmüşəm ki, verdiyim müsahibələr böyük maraqla qarşılanıb. Bunun da səbəbi maraqlı yaşamaqdadır.

- Maraqlı yaşamaq nə deməkdir?
- Sevə-sevə yaşayıram. Nə iş görürəmsə, sevə-sevə edirəm. Hər şeyə ürək qoyuram. Boğazdanyuxarı danışmıram. Özüm necəyəmsə, yazdıqlarım, dediklərim də elədir. Hisslərimi gizlətməkdən zəhləm gedir.

- “Köşəni doğuram” ifadəniz var. Çox uğurlu ifadədir.
- Bu hesaba qalsa, görün, indi mən neçə uşağın atasıyam. Övlad sahibiyik. Ancaq bir köşəyə çəkilən əziyyət, zəhmət heç də övlada çəkilən zəhmətdən az deyil. Hər köşənin ürəyimdə öz yeri var. Heç bir yazım həm mənim, həm də oxucum üçün təsirsiz ötüşmür.

- Sizcə, köşələr vaxt itkisi deyil? Roman və ya hekayə kimi uzun ömürlü deyil axı...
- Nəyin ömrü var ki?! Tarix boyu yazılan kitablardan guya neçəsinin adını çəkə bilərik ki, qalıcı olub? Mən böyük əsərlərə, romanlara iddialı adam deyiləm. Düşünürəm ki, mənim əlimdən keçən hər kiçik xəbər də özünə görə bir əsərdir. Mənim üçün müasir dövrün ədəbiyyatı yaxşı xəbərdir.

- Oxucu kimi başlığını Elbrus Ərud qoyan xəbəri yüz xəbərin içindən seçə bilərəm... “Başlıqla oynamaq” oxucuya işləməkdir?
- Xeyr. Bu elə Elbrus Əruda işləməkdir. Hər yazı, hər söz müəllifin zövqüdür. Kütlə bunu əvvəl-axır qəbul edir. Necə ki, modelyer paltar kolleksiyası işləyir, axırda adı olur, moda. Əslində, bunun adı elə müəllifin zövqüdür.

- İndi dünya mətbuatında bir anlayış var: deyirlər ki, yazını oxucuya oxutdurmaq üçün bütün yollar qəbulediləndir.
- “Sevgidə və müharibədə bütün vasitələr keçərlidir”-deyirlər əslində. Bunu jurnalistikaya da aid etmək olar. Jurnalist sərhəd tanımamalıdır. Bəlkə də, indi bunları çox kiçik postdan deyirəm, ona görə də böyük əks-səda yaratmır. Onu deyə bilərəm ki, jurnalistika mənim üçün hər şeydir. Xəbər, jurnalistika üçün canımı da verərəm. Bunu qətiyyən hissə qapılıb pafosla demirəm.

- Xəbərdə sizin üçün sərhəd, toxunulmaz adam anlayışı var?
- Bəlkə də, indiyə qədər fakt qarşısında qalmamışam deyə, mənə asan gəlir. Dost-tanış, qohum-əqraba, nəsil-kök, kim olur olsun, xəbərə görə hamısının əleyhinə gedərəm. Təkcə Azərbaycan dövlətinin əleyhinə olan şeylərə getmərəm. Dövlətçilikdən başqa hər şeyin, hamının əleyhinə gedə bilərəm. Bilirsiz, əslində bu gun xəbərin məsuliyyəti məni kədərlənməyə qoymur. Yoxsa, kədərlənmək üçün indi əlimdə yaxşı şans var.

- Əməkdaşın Sevinc Mənsimlinin faciəli şəkildə dünyasını dəyişməsinin təsirindən necə çıxa bildiniz?
- 2012-ci il mənim həyatımda çox böyük izlər buraxdı. Heç vaxt təsirindən çıxa bilməyəcəyim hadisə əməkdaşımız Sevincin atası tərəfindən qətlə yetirilməsi idi. Bu faciənin təsirini indi-indi hiss edirəm. Yadıma düşəndə o dəqiqə çalışıram ki, başımı xəbərlə qatım. Bu mənada xəbər mənim özümə də xeyli kömək edir.

- Son dəfə nə vaxt ağlamısınız?
- Bu o qədər çox olur ki, ən son nə vaxt olduğunu yadıma salmaq istəyirəm. Elə üç gün əvvəl Murad Köhnəqalanın “Dostun dəlidirsə” yazısını az qala əllinci dəfə oxuyanda həm özümü, həm bacımı ağlatdım. O yazı mənə çox təsir etdi. O yazını gündə 10 dəfə də oxusam, yenə ağlayaram. Əlimdə imkan olsa, ancaq o yazıya görə Murad Köhnəqalaya “Nobel” mükafatı verərəm. Bir də Mehdi Bəyazidin hekayəsi mənə ciddi təsir eləmişdi. Bir tədbirdə layihə çərçivəsində çıxan, heç kimə lazım olmayan qəzetlərin biri qarşıma qoyulmuşdu. Tədbirdə sıxıldığım üçün qəzeti vərəqləyirdim. Qarşıma Mehdi Bəyazidin “Qəhrəman Maraş” hekayəsi çıxdı. Hekayənin ortasına çatanda ağlamaq məni tutdu. Hekayədə deyilir ki, Maraş şəhəri ingilislərin, fransızların haqsızlığına, təhqirlərinə dözmür. Cümə namazında bir nəfər qışqırır ki, bayraqsız namaz qılınmaz. Bu hadisədən sonra xalq ayağa qalxır və Türkiyənin azadlığı uğrunda əsl savaş başlayır. Ümumiyyətlə, bayraq, vətən, millət məsələləri mənim üçün çox həssas mövzulardır. Təəssüf ki, Azərbaycanda ən gözəl ideyaların, mövzuların adını elə adamlar tutdu, elə adamlara bağlandı ki, hər şeyin zayı çıxdı. Türkçülük, ulusçuluq, turançılıq adlarını elə adamlar özlərinə qoşub, bayraqla elə adamlar manevrlər edib ki, indi insan bu barədə danışmağa da utanır.

- Ramil Səfərovla bağlı hirsli-hikkəli köşə yazdınız. Nə baş vermişdi? Yazının hadisələrin təsiri ilə 5 dəqiqəyə yazdığını hiss olunurdu.
- Doğrudur. Həmin hadisə mənə çox pis təsir etmişdi. Əməkdaşımın təhqir olunmasına dözə bilmərəm. “Qafqazinfo”nun bütün əməkdaşları xəbərə görə, mən isə onlara görə canımı verməyə hazıram. Onlara həmişə deyirəm ki, siz mənim əsgərlərimsiniz. Mən də əsgərimi müdafiə etməliydim. Ona görə də həmin yazını yazdım. Özümə gələ bilmirdim. Yazı sürətlə sosial şəbəkələrdə yayıldı, 10 mindən çox adam oxudu. Cəmi bir neçə saat sonra Ramildən zəng gəldi. Biz danışdıq və mən bu danışığın nəticəsindən razı qaldım. Onun nə dediyini açıqlamaq istəmirəm. Ramil mənim həssas yerimdir və bu barədə danışmaq istəmirəm.

- Kimi danışdırmaq istəyirsiniz, lakin əliniz çatmır?
- Sadalasam bu daha çox informativ olacaq. Planlarımı açıqlamaq istəmirəm.

- Bəlkə, nəzərdə tutduğunuz müsahiblər siyasilər olduğuna görə açıqlamaq istəmirsiniz?
- Bu siyahıda çox adamlar, xüsusi ilə siyasi şəxslər ola bilər. Ancaq mən qoy təkcə Sezen Aksunun adını çəkim. Bu qadınla ciddi şəkildə danışa bilərəm.

- “Ciddi müsahibə” kriteriyasını nə müəyyənləşdirir?
- Yüksək zirvədə, yerdə olan adamla alınan müsahibəyə, edilən söhbətə “ciddi müsahibə” deyilir. Müsahib mənəviyyatca çox zəngin olmalıdır. Jurnalist müsahibədə primitiv adamı dahi, dahini primitiv vəziyyətə sala bilər. Elə adamlar var ki, illərdir müsahibə verir, ancaq heç bir jurnalist onun damarına düşüb aça bilmir. Müsahiblə jurnalistin münasibəti həkim-pasient münasibəti kimidir. Müsahib qarşısındakına inananda tamamilə açılır. Mənə elə gəlir ki, qarşımdakı istənilən müsahibi nokauta salaram. Həm də mən xoşbəxt jurnalistəm ki, siyasi mövqeyimi nümayiş etdirməmişəm. Jurnalistin mövqeyi olanda işinə mane olur. Mənim əslində mövqeyim var. Ancaq bunun “Qafqazinfo”ya aidiyyatı yoxdur. Köşələrimdə də qeyd edirəm ki, müəllif yazımdakı mövqeyimin sayta dəxli yoxdur.

- Deyirlər ki, kiçik çaplı reket jurnalistikası bitdi, yerinə böyük çaplı reket jurnalistikası yarandı. Bu fikirlə razısınız?
- Bu proses bütün dünyada gedir. Ən böyük şirkətlər də bu cür ittihamlarla qarşılaşır. Mənim təcrübəmdə belə bir şey yoxdur. Xəbəri heç nəyə satmaram. Bu işlə məşğul olan konkret qəzetlər var. Həmin qəzetlərdə həftənin 5 günü eyni məmurlar manşetdə olur.

- Jurnalist kimi uzaqgörənliklə yanaşı, siyasi uzaqgörənliyiniz də var. Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, general Məhərrəm Əliyevin hələ Azərbaycana geri dönməsindən, yeni vəzifəyə təyin olunmasından xeyli əvvəl “Qafqazinfo”da gedən geniş təbrik materialını nəzərdə tuturam... Yəni siz bu qədər hissiyatlı idiniz?..
- Hə bildim. Söhbət “General rütbəli əsgər – Məhərrəm Əliyev” adlı yazıdan gedir. Bu yazı Məhərrəm müəllimin 60 illiyində yazılıb. Və mən həmin yazıya bir dost ürəyi qoymuşam. Mən çətin günlərin dostuyam və Məhərrəm Əliyev kimi Azərbaycan dövlətinə xidmət edən generala nəinki köşə, kitab da həsr etmək olar. Ancaq nəzərə almaq lazımdır ki, bu yazı onun heç bir vəzifəsi olmayan vaxt yazılıb. İndiki məqamda nə mən onu etmərəm, nə də heç o, özü belə ucuz şeylərə getməz. Bizim dostluq münasibətlərində nə siyasi motiv, nə də başqa bir maraq axtarmaq yersizdir. Mən münasibətlərimdəki hər detalı açıqlamaq istəmirəm. Ancaq o ailənin dövlətə münasibəti mənə zövq verib. “Qafqazinfo” yarandan bəri məni nə vaxt danışdırıblarsa ya Məhərrəm Əliyevin, ya da Adil Əliyevin adını çəkiblər. Bizi calaşdırmağa çalışıblar. Mən də üç ildir ki, ancaq dost olduğumuzu, onların saytla heç bir əlaqsənin olmadığını deməkdən yorulmuşam. Görünür bu cəmiyyətə düz söz lazım deyil. Bu adamları aldatmaq lazımdır... Çünki adamlara həmişə yalan yedirdildiyi üçün artıq onların tələbatları da yalana yaranıb.

- Sizdən yaxın gələcək üçün siyasi mövqe gözləyək?
- Düşünmürəm. Mənim jurnalistəm və işim xəbər tapıb yaymaqdır. Kim ki, Azərbaycanın dövlətçiliyinə, torpaqlarının azad edilməsinə xidmət edirsə, siyasi mövqeyindən aslı olmayaraq mən onun yanındayam. Bəlkə biraz axmaq kimi görünə bilərəm, amma mən döyüşçüyəm. “Qafqazinfo”nun əməkdaşlarına da demişəm ki, günün birində bütün redaksiya olaraq müharibəyə gedəcəyik. Müharibə başlayan kimi “Qafqazinfo”nu bağlayacam. Bu dəqiqə redaksiyamizda ondan artıq əsgər var. Mən bu uşaqlarla qürur duyuram. Mənə elə gəlir ki, bizim uşaqların hər birini özüm yaratmışam. Bu mənada elə öz uşaqlarımla birlikdə Vətən uğrunda hazırıq. Sözlərimdə qətiyyən pafos yoxdur. Məni siyasi ambisiyalardan çox torpağımızın azadlığı maraqlandırır. Hamımız bir cana borcluyuq. Kaş ki, torpaq üçün ölmək bizim də qismətimizə düşsün. Həm də bizim çox gözəl batalyonumuz ola bilər. İlqar Rəsul, Rey Kərimoğlu, Ceyhun Musaoğlu... Bu uşaqlar müharibəni bir dəfə yaşamış insanlardır. Belə bir ifadə var ki, hər kişi həyatında bir dəfə döyüşməlidir. Mən bu mənada öz döyüşümü gözləyirəm. Özü də mənə nədənsə elə gəlir ki, Qarabağda müharibəni məhz İlham Əliyev başlayacaq. Nəsə bu hiss məndə ciddi şəkildə hakimdir.

- Azərbaycan jurnalistikasında sizcə “itirilmişlər” siyahısı uzundur?
- Azərbaycanda bütün sahələrdə itirilmiş adamların siyahısı var. Jurnalistikada da belə adamlar var. Və bunlar təbiidir. Məsələn, mən fikirləşirdim ki, Eynulla Fətullayev “Nobel” alacaq. Ancaq bu olmadı. Eyni sözü bir neçə il əvvəl “Əməkdar jurnalist” adını alan Mirşahin haqqında da demək olar. Burada söhbət ciddi istedadlarla bağlı itkilərdən gedir.

- Qadın mövzusunda yazılarınıza rast gəlmək olmur. Halbuki mətbuatdakı kişi yazarların repertuarından qadın mövzusu düşmür.
- Qadınlar haqda yazım yoxdur. Qadınlar haqqında hələlik yazmağı yox, düşüncələrimi toplamağı üstün tuturam. Elə insan var ki, yaşadıqlarını yazıda görür. Bəlkə də, axtardığım qadın obrazını tapandan sonra yaşantılarımı yaza bilərəm. Hələlik bu mövzu mənim deyil.

33 yaşınız tamam olur. Bir qərinə deməkdir...
- Fikirləşirəm ki, düzgün yaşamışam. Qoyun otara-otara, kənddə əziyyətlə oxumuşam. Qəbul imtahanlarından birinci il kəsilmişəm. Bazarda sellofan torba sata-sata, yük arabasının arxasında kitab oxumuşam. Sevdiyim jurnalistika fakültəsinə daxil olmuşam. Tələbə olanda dondurma satmışam. Bir sözlə itin zülmü ilə olub hər şey. Universiteti bitirdikdən sonra hərbi xidmətimi çəkmişəm. 2003-cü ildən jurnalist kimi işləməyə başlamışam. Aradan keçən bu on ildə oxunan, dəyər verilən 10 jurnalistdən biriyəm. Bu tərif deyil, faktdır. Düşünürəm ki, özümü doğrultmuşam. Taleyimdən razıyam. Həyatımı, hətta kədərimi də sevə-sevə yaşayıram. Fəaliyyətim və şəxsi həyatımla bağlı çoxlu söz-söhbətlər gəzə bilər. Ancaq bunlar mənim qətiyyən vecimə deyil. İndi mən durub kim harda nə dedisə onun dalınca qaçıb məsələ araşdıran deyiləm ki... Mən öz həqiqətimə inanır və onu sevirəm. Gah deyirlər, prezident ev bağışladı, gah deyirlər, hansısa nazir maşın verdi. Mən xəbərlə məşğulam. İşim xəbərdən ibarətdir. Artıq söhbətlər mənə maraqsızdır. Doğru olmayan və qeybət kimi edilən söhbətlərə vaxtım yoxdur. Nə həqiqət deyilsə, onun ömrü də yoxdur. Gec-tez bilinəcək ki, kim kimdir və deyilən, yazılan hansı söz doğrudur. Bu mənada boş verin lütfən ara söhbətlərini.

- Bəs oxucunun fikri?
- Hərənin öz missiyası, işi var. Mənim işim xəbər hazırlamaqdır, oxucunun işi xəbəri oxumaqdır. Mənə nəinki oxucunun, kənarda dayanan heç kimin fikri maraqlı deyil. İndi taksiyə oturursan, sürücü sənə jurnalistikadan dərs deyir. Nazirlə oturursan, sürücülük öyrədir. Azərbaycanda hamı hər şeyi bilir, ancaq əslində heç kim heç nə bilmir...

- Bəs, köşədə oxucuya necə yaşamağı öyrətmək necə, doğrudur?
- Mən fikirləşmirəm ki, bu səhv addımdır. Bunun üçün yetərincə həyat təcrübəm var. Oxucunun köşədə verdiyim məsləhətimə ehtiyacı olmasa, yazını oxumaz. Mən xaraktercə məsləhət verməyi sevirəm. Yazı da necə gəlirsə, elə də yazıram. Ümumiyyətlə, mən yazıram. Qiymət verənin, oxuyanın işinə qarışmaq istəmirəm.