Partlayış baş verən qaz kəməri ilə bağlı - SOCAR-dan açıqlama+Yenilənib

partlayis-bas-veren-qaz-kemeri-ile-bagli
Oxunma sayı: 9775

Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın baş verib.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo"ya açıqlamasında qaz boru kəmərində baş verən partlayışı təsdiqləyib: 

"Hacıqabulda bizim qaz daşımaları üçün magistral qaz boru kəmərləri çoxdur. Hələlik dəqiq bilmirik ki, partlayış olan hansı kəmərdir. Amma ehtimal olunur ki, bu, Qalmaz qaz anbarına birləşən boru kəməridir. Qaz-İxrac İdarəsinin rəhbərliyi hazırda hadisə yerinə gedib və dəqiqləşdirmə aparılır. Partlayış yaşayış sahəsindən kənarda baş verib. Buna görə xəsarət alan da yoxdur. Boru kəməri bağlanıb və ona qaz verilmir. Boruda qaz qurtaranda yanğın da sönəcək".

İ. Əhmədov deyib ki, partlayışa görə həmin ərazidə qaz təchizatında müvəqqəti fasilə yarana bilər.

****

SOCAR Hacıqabulda qaz kəmərində baş verən yanğınla bağlı daha bir açıqlama yayıb.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, "D 720 mm"lik Qalmaz-Qazimməməd 2 xətt qaz kəmərinin 23-cü kilometrliyində saat 20:55 radələrində qəza hadisəsi baş verib.

"Qaz kəməri 1975-ci ildə istismara verilib. Bu kəmər daxili  paylama sisteminə işləyir. Digər magistral qaz kəmərləri ilə əlaqəsi yoxdur. Hadisə lokallaşdırılıb, xətti kranlar hər iki tərəfdən bağlanıb, şam kranları açılıb, alov demək olar ki, söndürülüb. Hadisə nəticəsində Respublikanın heç bir yerində məhdudiyyətlər olmayıb, qaz təchizatında fasilələr gözlənilmir. Bütün strateji obyektlər qazla təmin olunur" - deyə qurum rəsmisi bildirib.

Murad Əhməd