Paşinyan Aşotyanı məyus edib - “Azərbaycan mövqeyini daha da tanıtdı”

pasinyan-asotyani-meyus-edib
Oxunma sayı: 3575

“Ermənistan Baş Naziri Nikol Paşinyan keçmiş Prezident Serj Sarkisyanın siyasi irsindən Qarabağla bağlı danışıqlarda xilasedici vasitə kimi istifadə edir”. “Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın Respublika partiyası sədrinin müavini Armen Aşotyan mətbuat konfransında deyib.

“Son 1,5 ildə Paşinyan-Mnatsakanyan cütlüyünün səyləri böhrandan və fəlakətdən qaçmaq üçün Serj Sarkisyan və Eduard Nalbandyanın hazırladığı danışıqlar paketini bir xilasedici vasitə olaraq ələ keçirmələri ilə nəticələndi. Zöhrab Mnatsakanyanın Bratislavadakı son nitqini təhlil edəndə elə təəssürat yaranır ki, (münaqişənin tərəfləri üçün məqbul olan bir həll ehtiyacı haqqında tezis istisna olmaqla) elə bil sabiq XİN rəhbəri Eduard Nalbandyan danışır.

Niyə o zaman danışıqlar mövqeyini məhv etmək üçün 1,5 il sərf etmək lazım idi?! Səbəb yoxdur! Paşinyan Qarabağ haqda hər şeyi bildiyini, danışıqları öz mövqeyindən başladığını təsdiqləməli idi, amma sonda yenidən gəlib Serj Sarkisyanın siyasi irsini tutmaq məcburiyyətində qaldı. Serj Nikolu xilas etdi”, -deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, rəsmi Yerevan ictimaiyyəti XİN rəhbərlərinin sonuncu görüşü barədə ətraflı məlumatlandırmayıb: “Bu görüş ictimaiyyətə normal təqdim edilməyib”.

Aşotyan qeyd edib ki, Ermənistan tərəfi üçün mübahisəli məqamlara baxmayaraq, ATƏT-in Minsk Qrupunun son açıqlaması son 1,5 ildə səsləndirilənlərin ən yaxşısıdır.

Onun sözlərinə görə, erməni tərəfi bu müddət ərzində nəinki vaxt itirib, həm də bunun ölkə üçün mənfi nəticələri olub. Belə ki, Azərbaycan öz mövqeyini daha da tanıda və möhkəmləndirə bilib.

Xatırladaq ki, dekabrın 5-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar. 

Azərbaycan XİN-in məlumatında qeyd olunur ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar. Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.