Polkovnikin oğlunun bıçaqlandığı kafe bağlandı - Foto

polkovnikin-oglunun-bicaqlandigi-kafe-baglandi
Oxunma sayı: 4456

Fevralın 2-də 3 polis əməkdaşının bıçaqlandığı “Emin” kafesi bağlanıb. Kafe artıq bir həftədən çoxdur ki, işləmir.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl kafeyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onlar kafenin bağlanması ilə bağlı göstəriş veriblər.

Ətrafda olan mağazalarda çalışanlar deyirlər ki, polis əməkdaşları gəlib, kafeni bağlayandan sonra obyektə heç kim gəlmir. Ətrafda yaşayan sakinlər də kafenin baş verən sonuncu hadisəyə görə bağlandığını bildiriblər.

Xatırladaq ki, polis əməkdaşları kafedə müştərilər arasında baş verən davanı sakitləşdirmək üçün hadisə yerinə getmişdilər. Lakin polis əməkdaşlarına müqavimət göstərən şəxslər daha sonra onlara bıçaq zərbələri endirmişdilər.

Elə bu hadisə baş verən gün belə, kafe öz fəaliyyətini əvvəlki qaydada davam etdirirdi. Əvvəlki qayda isə kafe kimi yox, əxlaqsızlıq yuvası kimi idi. Sabunçu rayonu ərazisində xüsusi ad çıxaran “Emin” kafesi məhz bu cür fəaliyyəti ilə bilinirdi. 

Elə polis əməkdaşlarının bıçaqlanması ilə nəticələnən dava da bu kafedə baş verən yüzlərlə insidentdən biri idi. Kafedə tez-tez yüngül həyat tərzi sürən qadınlara görə davalar baş verirmiş.

Xatırladaq ki, kafedə bıçaqlanan polislərdən biri, kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini, polkovnik Əkbər Ələkbərovun oğludur. Polis əməkdaşları 3 saylı Klinik Xəstəxanasına yerləşdirilmişdilər.

Qeyd edək ki, hadisəni törədən Beyləqan rayon sakinləri - 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlham Məmmədov və Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Məlikov saxlanılıblar.