“Prezident möhtəşəm cavabı ilə bu mövzuya da nida işarəsi qoydu”

prezident-mohtesem-cavabi-ile-bu-movzuya-da-nida-isaresi-qoydu
Oxunma sayı: 5385

“Prezident İlham Əliyevin ötən gün yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında regiondakı ictimai-siyasi vəziyyət, Qarabağda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi, bərpa-quruculuq, kommunikasiyaların açılması, eləcə də beynəlxalq birlik üçün Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaranan yeni imkanlar və digər mövzuda sualları cavablandırarkən səsləndirdiyi fikirlər olduqca mühüm siyasi mesajlar kimi gündəmdə yer aldı. Dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını 4 saat ərzində 4 dildə cavablandırmaq böyük istedad, siyasi məharət, dərin məntiq və təmkinlilik tələb edirdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik: 

“Azərbaycan Prezidenti kifayət qədər böyük zaman kəsiyində müxtəlif mövzuları əhatə edən bütün suallara möhkəm iradə və səbrlə, müdrik siyasi təfəkkür tərzi və praqmatik məharəti ilə sərrast, dəqiq və məzmunlu cavabları ilə media auditoriyasının diqqətini cəlb etdi. Xarici jurnalistlərdən biri Cənab Prezidentin bu qədər geniş və dərin məlumatlı olmasına, bir neçə xarici dildə sərrast cavab verməsinə heyranlığını gizlətmədi.

Prezident İlham Əliyev olduqca nikbin, praqmatik, xoşniyyətli davranışı ilə diqqət çəkdi, fikirlərinin böyük bir hissəsi məhz regionda sülh və əməkdaşlıq, qarşılıqlı geniş birgə tərəfdaşlıq təmaslarının qurulmasını əhatə etdi. Bununla da beynəlxalq birliyə özünün humanist və sülpərvər mövqeyini, alicənablığını təqdim etdi.

Azərbaycan Prezidenti müdrik siyasi qərarları ilə yeni geosiyasi reallıqlar yaradır, regiona yeni düzən verir və ənənəvi qüvvələr balansını xeyrimizə dəyişir. Qarabağ probleminin həll edilməsi regionun siyasi və iqtisadi xəritəsini dəyişməkdə, yeni transkontinental, birgə əməkdaşlıq platforması daha da möhkəmləndirməkdədir. Azərbaycan yaxın qonşuları olan Türkiyə, İran, Rusiya və Gürcüstanla bərabər, digər dövlətləri də reinteqrasiya proseslərinə dəvət etməklə regional əməkdaşlıq bucaqlarını dərinləşdirir.

Qarabağın statusu ilə bağlı İlham Əliyevin qəti və konkret cavabı da olduqca maraq doğurdu, Prezident möhtəşəm cavabı ilə bu mövzuya da nida işarəsi qoydu: “Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb. Azərbaycan bu münaqişənin bir tərəfi idi və biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib. Öz çıxışlarımda statusun ünvanını göstərmişəm. Bir daha ora qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil”.

Prezidentin bəyan etidiyi kimi Azərbaycanın ərazi bütövlüyü təmin edilib və indi Qarabağ Aranlı, Dağlı Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bəzi qüvvələr ermənilərə boş-boş xəyallar qurmaq vədi verir, ancaq bu xülyalar və əsassız istəklər Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Qarabağda hamı bərabərliklə Azərbaycan qanunları ilə yaşayacaq. Burada yaşayan ermənilər digər xalqlar kimi Azərbaycanın vətəndaşlarıdır və Azərbaycan qanunlarına tabedir. Kimlərsə yenə də özlərinə Azərbaycan ərazisində qondarma dövlət qurmaq xülyası ilə yaşayırlarsa, özlərinin sonunu hazırlayırlar: “Onlar deyə bilməzlər ki, onların hansısa “Artsax” adında dövlətləri var. Elə bir dövlət yoxdur, olmayıb, olmayacaq da. Bu sayıqlamaları kənara atıb Azərbaycan vətəndaşları kimi yaşamaq lazımdır. Biz onları beyni yuyulmuş Azərbaycan vətəndaşı hesab edirik”.

Xankəndində sülhməramlıların arxasında gizlənmiş xunta rejiminin son günlər sərsəm bəyanatlarına, rəsmi dövlət dili və s. cəfəng açıqlamalasına cənab Prezidentin tutarlı münasibəti erməniləri növbəti dəfə gülünc hədəfinə çevirdi, onların hələ də qəbilə təfəkkürünə malik insan sürüsündən fərqlənmədiyini ehya etdi: ““Dağlıq Qarabağ”da suaxili dilini “rəsmi dövlət dili” elan etsinlər”.

Hazırda sülhməramlıların nəzarət etdiyi torpaqlara azərbaycanlıların qayıtması da gündəmdədir və Azərbaycan hökuməti Böyük Qayıdış proqramı çərçivəsində Əsgəran, Xocalı, Xankəndi və digər ərazilərə qayıtmaq üçün məskunlaşma planı üzərində çalışır: “Biz Xocalıya qayıdacağıq. Bunun başqa yolu yoxdur. Biz heç kimi tələsdirmək, məcbur etmək istəmirik. Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtmasıdır”.

Azərbaycan Prezidenti revanşist faşist erməniləri bir daha məsuliyyətli və ağıllı olmağa dəvət etdi: “Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq. Bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yarana bilər”.

Prezident İlham Əliyev humanist və planetar təfəkkürlü lider kimi hazırda ən böyük qlobal problem olan koronavirusa qarşı vaksinlərin dünyada ədalətsiz bölgüsündən narahatlığını da ifadə etdi. Yüksək inkişaf etmiş varlı ölkələrin vaksini almağa gücü çatmayan dövlətlərə laqeyd və biganə münasibətini qınayaraq bu hərəkətlərin pandemiya ilə mübarizədə qlobal həmrəyliyi kölgə altına saldığını ifadə etdi: “Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq?”

Azərbaycan Prezidenti pandemiya başladığı ilk gündən qlobal həmrəyliyin təşəbbüskarı kimi çıxış etmiş, BMT Baş Assambleyasının xüsusi sessiyasında və Qoşulmama Hərəkatının videokonfransında bütün dünya ölkələrini birliyə, bərabərliyə dəvət edib.

Mətbuat konfransında səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan bu gün dünya miqyasında nüfuzlu və inkişaf etmiş ölkə kimi bölgənin sabitliyi üçün çox önəmli rola malikdir. Bu baxımdan Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır".

Vaqif Abdullayev