Bu gün Azərbaycan prezidenti İlham Əliyev voleybolçularla görüşüb.
"Qafqazinfo" xəbər verir ki, ölkə başçısı qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.
Prezident İlham Əliyev layiqli çıxış etmələri münasibətilə qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini təbrik edib. Bildirdi ki, milli komandamızın çıxışı bütün azarkeşlərə böyük sevinc bəxş etdi. Bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat bizim qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi. Bütövlükdə, qadınlar arasında voleybol üzrə Avropa çempionatı çox uğurla keçdi və təşkilatçılıq yüksək səviyyədə oldu. Avropa federasiyalarının rəhbərləri və digər qonaqlar da bunu qeyd ediblər.
Çempionatın yalnız Bakıda deyil, həm də regionda - Göygöl şəhərində keçirildiyinin əlamətdar olduğunu vurğulayan dövlət başçısı dedi ki, bu, bizim idman infrastrukturunun inkişafını göstərir. Bütün idman növləri, o cümlədən voleybolda idmançılar üçün yaradılan yaxşı şərait olmadan belə dinamik inkişaf mümkün olmazdı. Bütövlükdə, Azərbaycan dünya Olimpiya ailəsində artıq öz layiqli yerini tutub. Bu, bizimlə yanaşı, beynəlxalq strukturların, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitələrinin verdiyi qiymətdir.
“Əsasən bizim idman uğurlarımız fərdi idman növlərində qazanılıb. Komanda növlərində isə hesab edirəm ki, qadın voleybolu birinci yerdədir”, - deyən dövlət başçısı vurğuladı ki, bunu milli komandamızın oyunu və əldə edilən nəticə də göstərdi. Avropada 4-cü yeri qazanmağın böyük nailiyyət olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, qrupdakı və dörddəbir final oyunundakı rəqiblər üzərində böyük üstünlüklə qazanılan qələbələr azarkeşlər üçün gözlənilməz idi.
“Əlbəttə, ilk növbədə, sizin üçün təəssüfləndiricidir ki, medal qazana bilmədiniz. Ancaq qarşıda xeyli digər yarışlar var. Əminəm ki, qələbələr olacaq. Əsas odur ki, layiqli çıxış etdiniz”, - deyən Prezident İlham Əliyev komandamızın yüksək məharət göstərdiyini və yarımfinal oyununda qələbəyə yaxın olduğunu söylədi. Dövlət başçısı bildirdi ki, idman idman olaraq qalır. Burada hadisələr müxtəlif cür inkişaf edir.
“Bizim idmançılar çox peşəkar və vətənpərvərdir. Çünki qələbə uğrunda bu cür əzmlə mübarizə aparmaq səmimi qəlbdən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdır”, - deyən Prezident İlham Əliyev idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə etdi.






Son xəbərlər
Son Xəbərlər