Qarayevin Britaniyada görüşləri davam edir - Fotolar

qarayevin-britaniyada-gorusleri-davam-edir
Oxunma sayı: 999

Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində Koventri Universitetində “Yaradıcı sənayelər: imkanlar və çağırışlar” mövzusunda mühazirə ilə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, nazir universitetin tələbələrinə təqdim edən Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin rəhbəri professor Maykl Hardi ilk öncə Azərbaycan tərəfindən həyata keçirilən “Bakı Prosesi” təşəbbüsü, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və qlobal müxtəlifliyin idarəolunması proseslərində Azərbaycanın rolu barədə tələbələrə məlumat verib.

O qeyd edib ki, hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bir sıra istiqamətlərdə uğurlu işlər həyata keçirilir ki, onlardan ən mühüm istiqamət ölkədə yaradıcı sənayelərin inkişafı ilə bağlı mövcud məsələlərin həlli və strategiyaların formalaşdırılmasıdır. M.Hardi bildirib ki, Koventri Universitetin fəxri doktoru və ziyarətçi professoru olan Əbülfəs Qarayev bu sahədə tələbələrlə fikirlərini bölüşmək məqsədilə universiteti ziyarət edib.

Daha sonra Ə.Qarayev Azərbaycan tərəfindən mədəniyyət sahəsində həyata keçirilən çoxsaylı layihələr və bu istiqamətdə yeni bir çağırış olan yaradıcı iqtisadiyyatın formalaşdırılması ilə bağlı tələbələr qarşısında mühazirə ilə çıxış edib. 

Həmin gün nazir Əbülfəs Qarayev Böyük Britaniyanın yaradıcı sənayelərin inkişafında xüsusi töhfəsi olan “Yaradıcı İngiltərə” (Creative England) təşkilatının rəhbəri, eyni zamanda Yaradıcı Sənayelər Federasiyasının rəhbərliyində təmsil olunan Karolin Norburi (Caroline Norbury) ilə görüşüb. “Yaradıcı İngiltərə” hazırda İngiltərədə sənaye sahələri ilə biznes qurmaq istəyən, həmçinin investisiya qoyan və investisiya axtarışında olan insanlar arasında körpü rolunu oynayır. Bu təşkilatın əsas funksiyalarından biri məhz yaradıcı sənayelərin inkişafında dövlətə dəstək olmaqdır. Təşkilat çoxsaylı layihələr həyata keçirir ki, bu layihələr xüsusilə gələcək iqtisadiyyatın ən mühüm istiqamətləri hesab olunur.

Nazir Ə.Qarayev bildirib ki, yaradıcı sənayedə mövcud olan problemlərin araşdırılması və biznes strukturları ilə əlaqələrin yaradılmasına dəstək məqsədilə Azərbaycanda Kreativ Biznes Mərkəzinin açılması nəzərdə tutulub. Bununla yanaşı, nazir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması barədə məlumat verib. Qeyd edib ki, agentliyin yaradılması yaradıcı sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Görüşün sonunda “Yaradıcı İngiltərə” və Britaniya Şurasının nümayəndələrinin Azərbaycana səfər etməsi və əməkdaşlığın istiqamətlərini müəyyən edəcək Yol Xəritəsinin hazırlanması razılaşdırılıb.