Qəbiristanlıqdakı üzr videosunu çəkənlər saxlanıldı

qebiristanliqdaki-uzr-videosunu-cekenler-saxlanildi
Oxunma sayı: 4684

Tovuz rayonunda Vətən Müharibəsi şəhidlərini təhqir etdiyi deyilən şəxsi üzr istəməyə məcbur edənlər saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Tovuz rayon sakini A. İ.-nin sərxoş halda Vətən müharibəsi şəhidi barədə nalayiq ifadələr işlətdiyinə görə bir qrup şəxs tərəfindən döyülərək qəbiristanlıqda şəhid məzarlarından üzr istədilməsi haqda görüntülər yayılıb: “Məsələ ilə əlaqədar Tovuz Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri -Taleh Hüseynov, Sürət Məmmədov, Tural Əhmədov, Elşad Rzayev, Elnur Bayramov, Əli Hüseynzadə və Telman Nağıyev saxlanılıb”.

Hazırda RPŞ-də araşdırmalar davam etdirilir.

Qeyd edək ki, həmin görüntülərdə orta yaşlı bir kişinin təhqir edilərək diz çökdürülməsi, daha sonra üzr istədilməsi əks olunmuşdu.

***

E.Qasımov əlavə edib ki, sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr diləməsini əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb: "Bununla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, həmin şəxslər müəyyən olunaraq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".