Müharibələrin fəlakət gətirdiyi, viranəyə çevirdiyi ölkələr, yurdlar, şəhərələr, kəndlər çoxdur. Hər birinin də öz kədərli hekayəsi var. Müharibənin, işğalın fəlakət gətirdiyi bizim yurd yerlərinin hekayəsi nə qədər ürək ağrıdıcı olsa da, sonu, yəni azadlığa qovuşması bir o qədər qürur vericidir.
Azad edildikdən sonra 30 ilə yaxın işğalda qalan Qarabağımıza - Füzuliyə, Cəbrayıla, Ağdama, Qubadlıya, Zəngilana, Suqovuşana, Hadruta, Şuşaya və digər yurd yerlərimizə səfər edərkən yolboyu işğalın, müharibənin necə bir faciə olduğunu daha aydın anlayırsan. Daşı-daş üstə qalmayan evlər, insansız həyət-bacalar, izi itən küçələr, məhəllələr müharibənin gerçək üzündən danışır...
44 günlük Vətən Müharibəsi işğaldan azad edilmiş yerlərə təkcə azadlıq yox, həm də xoş bahar, şən ovqat gətirib. Bu ərazilərdə xidmət edən hərbçilərimiz indi bu torpaqların keşiyində mərdliklə dayanıblar, əmin-amanlığı göz bəbəkləri kimi qoruyurlar.
Novruz bayramı ərəfəsində “Nar”ın dəstəyi və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş rayonların birində yerləşən N saylı hərbi hissəyə səfər edərkən bu ayıq-sayıqlığı, Vətənə məhəbbət hissini daha yaxından hiss edib, qürur duyduq.
“Nar”ın ənənəsi
“Nar” işğaldan azad edilmiş ərazilərdə öz baza stansiyalarını quraşdırmaqla, bu ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsini özünün prioritet istiqamətinə çevirməklə bərabər, Vətənə bağlılıq kimi müqəddəs vəzifələrə də hər zaman həssas yanaşır. Mobil operator işğaldan azad edilmiş ərazilərimizdəki hərbi hissələrə mütəmadi dəstək göstərir. “Bu qüruru bizə bəxş edən Azərbaycan Ordusuna mənəvi dəstək olmağı özümüzə borc bilirik”,- fikirləri mobil operatorun qayəsinə çevrilib.
Elə “Nar”ın əməkdaşlarının Novruz bayramı ərəfəsində hərbi hissəyə növbəti səfəri və Ordumuzun hərbi qulluqçularına dəstəyi də ənənəsinə sadiqliyinin nümunəsi idi. Novruz bayramının İlaxır çərşənbəsinin hərbi hissədə qalib ordunun əsgər və zabitləri ilə qeyd edilməsi həm də “Nar”ın 15 illik yubileyinə hədiyyə idi.
Əsgərlərin asudə vaxtının səmərəli təşkilinə dəstək məqsədilə hərbi hissəyə müxtəlif hədiyyələr və kitablar təqdim edildi. Şirkətin hədiyyə etdiyi kitablar kazarmalardakı ideoloji otaqlar üçün əhəmiyyətli vəsait olmaqla, əsgərlərin asudə vaxtlarını mənalı keçirmələrinə də kömək olacaqdır. Hədiyyə olunan TV monitorlar, stolüstü oyunlar və digər əşyalar da əsgərlərin asudə vaxtlarının səmərəli təşkilinə töhfədir.
Hərbi hissəyə məhz zəngin adət-ənənələrimizi tərənnüm edən Novruz bayramı ərəfəsində səfər etməyimiz rəşadətli ordumuzun gecə-gündüz Vətən keşiyində dayanan qəhrəman əsgərlərini sevindirmək, onlara olan dərin hörməti bir daha əyani şəkildə çatdırmaq məqsədi daşıyır.
Qonaqların hərbi hissənin həyətində əsgər və zabitlərlə birgə qaladığı və alovu göylərə yüksələn Novruzun sonuncu çərşənbə tonqalı sanki şaxtalı havanın donunu əritdi. Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin rəngarəng konsert proqramının - musiqilərin, şən nəğmələrin, vətənpərvərlik mahnılarının, Novruz bayramının qəhrəmanları olan Kosa ilə Keçəlin təqdim etdiyi səhnəciklərin, əsgərlərin Novruz tonqalı ətrafında “Yallı”sının, rəqslərinin sədası çox-çox uzaqlara yayıldı. Bu, 30 ildən bəri gözlədiyimiz günün böyük sevinc və qürur hissi idi.
Müdafiə Nazirliyinin zabiti Namiq Cavadov işğaldan azad edilmiş doğma torpaqlarımızda Novruz bayramının İlaxır Çərşənbəsinin qeyd edilməsini fərəh hissi ilə vurğuladı: “Artıq iki ildir ki, işğaldan azad edilmiş torpaqlarımızda Novruz bayramının tonqalı qalanır. Bu, bizim üçün böyük qürur və şərəfdir. “Nar”ın hərbi hissələrə dəstəyi mütəmadi xarakter daşıyır. Buna görə şirkətin rəhbərliyinə təşəkkür edirik!”.
“Nar”ın nümayəndəsi Anar Məsimov isə qeyd etdi ki, Novruz bayramını Azərbaycan Ordusunun əsgərləri ilə birlikdə qeyd etmək artıq şirkətimiz üçün ənənəyə çevrilib. Bu torpaqlara ilk həyat əlaməti Azərbaycan əsgəri ilə gəlib.
Şərəf və qürur hissi
Əsgər və zabitlərdə böyük ruh yüksəkliyi var. Onlar bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərin, qəhrəmanlıqla döyüşən qazilərin onlara əmanət etdiyi torpaqları göz bəbəyi kimi qoruyur və bununla fəxr edirlər. Əsgərlər qələbəyə gedən yolun oddan-alovdan, qanlı döyüşlərdən keçdiyini yaxşı dərk edirlər: “Vətən torpaqları biz gənclərə əmanətdir. Bu məsuliyyəti dərindən hiss edir, bu şərəfli işə mətanətlə çiyin veririk”, - deyə bildirdilər.
.jpg)
Zabit Ceyhun Məmmədov “Biz bu yerlərdə bayramları qeyd etmək üçün uzun illər həsrət çəkmişik”, - deyə ürək sözlərini dilə gətirdi: “Onda hədəfimiz bu torpaqları azad etmək olub. İndi məqsədimiz bu yerləri abad etmək və qorumaqdır. Budur, azad olunmuş ərazilərimizdə bayram tonqalı qalanıb. Bahar nəğmələri oxunur, musiqi səsi yüksəlir. Bundan böyük qürur hissi ola bilməz”.
Baş gizir Əli Əsgərov hərbi hissədə təchizat və təminatdan razılıq etdi: “Vətənə xidmət etmək hər birimizin vətəndaşlıq borcudur. Torpaqlarımız işğaldan azad olub. Yeni çağırışçıların da vətənpərvərlik hissləri yüksəkdir və onların əsl döyüşçü kimi yetişmələrinə çalışırıq. Artıq bu torpaqlarda Novruz tonqalının qalanmasının böyük rəmzi mənası var”.
Azərbaycan Ordusunda 8 ildir xidmət edən kiçik tibb bacısı Məleykə Abbasova da sevincini bölüşür: “İşğaldan azad edilmiş ərazilərdə xidmət etmək hər bir hərbçi üçün qürurludur. İndi burada, bu bayram şənliyində eşidilən musiqiləri dinləmək, əsgərlərin rəqsinə tamaşa etmək böyük xoşbəxtlikdir. Bu günləri görmək üçün qan tökmüşük, döyüşmüşük. İllərlə həsrətini çəkdiyimiz günlərə qovuşmuşuq. Bu il Novruzu qalib xalq kimi qeyd edirik! Bu böyük xoşbəxtliyi bizə bəxş edənlərə daima minnətdarıq”.
Baş leytenant Laçın Mövlanov isə Vətən Müharibəsinin qazisidir. Füzuli, Laçın, Cəbrayıl və Zəngilanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə və “Hərbi xidmətə görə” medallarına layiq görülüb: “Müharibə fəlakətdir, dağıntıdır. Amma biz öz haqq işimiz uğrunda mübarizə apardıq. Ali Baş Komandanın rəhbərliyi altında döyüşdük və torpaqlarımızı işğaldan azad etdik. 44 günlük Vətən müharibəsi veteranı olduğum üçün qürur duyuram. Bu torpaqlarda Novruz şənliyinin qeyd edilməsinin ayrıca bir sevinci var. Mən ilk dəfədir ki, işğaldan azad olunmuş torpaqlarımızda Novruz şənliyində iştirak edirəm!”
Əlində üçrəngli bayrağımızı qürurla dalğalandıran əsgər Şahmərdan Şahmərdanovun arzusu isə gözündən oxunur: “Vətəni qorumaq müqəddəs vəzifədir. Xüsusən, işğaldan azad olunmuş torpaqlarda biz bu xidməti şərəf və qürur hissi ilə yerinə yetiririk. Bu Zəfəri bizə yaşadanlara həmişə minnətdarıq. Fəxr edirəm ki, Azərbaycan Ordusunun əsgəriyəm”.
Gün gələcək, işğaldan azad olunmuş ərazilərin bərpası prosesi başa çatacaq. Qarabağın quruculuğu çərçivəsində bu yerlərə həyat tam qayıdacaq. Ocaqlardan analarımızın çörəyinin ətri, evlərin pəncərələrindən işıq gələcək. Əgər işğaldan azad edilmiş yurd yerlərimizə Müzəffər Ordumuzun əsgər və zabitlərinin ayağı dəyibsə, bu gün o torpaqlar göz bəbəyi kimi qorunursa, demək bu yurd yerlərimizin tam abad olacağı gün də uzaqda deyil!





