“Qərbin Azərbaycandakı proseslərə reaksiyası siyasi maraqla idarə edilir”

qerbin-azerbaycandaki-proseslere-reaksiyasi-siyasi-maraqla-idare-edilir
Oxunma sayı: 221

2025-ci ildə Ermənistanın siyasi mühitində ciddi dalğalanmalar baş verdi. Baş nazir Nikol Paşinyanın siyasi rəqiblərini meydandan sıxışdırmaq, neytrallaşdırmaq kimi cəhdləri bir sıra həbslərlə müşayiət olundu. İl boyunca müxalifətçilər, din xadimləri, ictimai fəallar, keçmiş dövlət məmurları, merlər müxtəlif ittihamlarla həbs edildi.

“Qafqazinfo” “Report”a istinadla xəbər verir ki, cari ilin yaz aylarında Paşinyan-kilsə qarşıdurması yeni gərginlik fazasına qədəm qoydu və 25 iyun tarixində başda Baqrat Qalstanyan olmaqla, 13 din xadimi həbsə göndərildi. Onlara hökuməti devirmək, silah və partlayıcı vasitələr toplamaq, sabitliyi pozmaq, konstitusiya quruluşunu devirmək ittihamları irəli sürülüb. Kilsə xadimlərinin həbsi bununla da bitmədi. Eyni zamanda yay və payız aylarında, son olaraq isə dekabr ayında növbə ilə Mikael Ajapahyan, Arşak Xaçatryan, Mkrtıç Proşyan kimi kilsə xadimləri də müxtəlif maddələrlə həbsə göndərildi.

Hökumət bu addımları ölkənin təhlükəsizliyi, dövlət çevrilişinin qarşısını almaq, terror, zorakılıq və xaos planlarının qarşısını kəsmək kimi təqdim etsə də, geniş ictimai rezonans əksini söyləyir, ölkədəki repressiya dalğasından danışır, Qərbi bu məsələdə susmaqda ittiham edirdi. Qərb isə Ermənistanla bağlı məsələlərdə hər zaman olduğu kimi, bu dəfə də vədinə xilaf çıxmayaraq, susqunluğa üstünlük verdi. Hətta İrəvana səfər edən Qərb dövlətlərinin, beynəlxalq təşkilatların nümayəndələri belə bu məsələdə bir kəlmə işlətməməyi daha üstün tutdular.

Kilsə xadimləri ilə yanaşı həbslər və repressiya dalğası keçmiş məmurlara, rütbəli dövlət xadimlərinə, keçmiş siyasətçilərə və siyasi fəallara da çatdı. Məsələn, Gümrü meri Vardan Qukasyan rüşvət və qanunsuz tikililərin leqallaşdırılması ittihamı ilə həbs edildi. Keçmiş Baş nazir Hovik Abramyan isə vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamları ilə qarşı-qarşıya qaldı. Milli qəhrəman, general Tiran Xaçatryan isə 2020-ci ilin 44 günlük müharibəsində səhlənkarlıq və vəzifəsini yetərincə yerinə yetirməmək iddiaları ilə həbs olundu. Bütün həbslərdə istifadə edilən ittihamlar və açılan cinayət işləri həbslər korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət və digər qanunsuz hərəkətlərlə bağlıdır. Lakin bir sıra müxalifət dairələri və tənqidçilər bu həbsləri siyasi motivli hesab edir. Onların fikrinə görə, repressiya dalğasının əsas məqsədi hakimiyyətin mövqeyini gücləndirmək, potensial rəqibləri və tənqidçiləri susdurmaqdır. Bu baxımdan həbslər yalnız hüquqi müstəvidə yox, həm də siyasi strategiya kimi qiymətləndirilir: keçmiş liderlər, milli qəhrəman tituluna malik hərbçilər və müxalif fəallar nümunə göstərilərək digər potensial rəqiblərin diqqəti yayındırılır və qorxu mühiti yaradılır.

2025-ci il Ermənistanda həm də bəzi iş adamlarının həbsi ilə də yadda qalacaq. Ən böyük rezonans doğuran məsələ isə rusiyalı iş adamı Samvel Karapetyanın həbsi və onun “Ermənistan Elektrik Şəbəkəsi” şirkətinin əlindən alınmasıdır. Karapetyanın həbsi onun həm Rusiyanın adamı, yəni Kremlin təsir rıçaqı olması, həm də Paşinyan-kilsə qarşıdurmasında ruhaniləri müdafiə etməsi, dəstəkləməsi göstərilir. İş adamı dövlət çevrilişinə çağırış etmək və hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə həbs olundu. Onun şirkəti isə milliləşdirildi. Eyni zamanda Karapetyanın holdinqində böyük vəzifə tutmuş Vaqinak Kazaryan, yəni “Tashir Pizza” zəncirinin direktoru da həbsə göndərilib. Karapetyanın açıqlamaları və dini institutlarla bağlı mövqeyi, onun üzərinə yönəlmiş həbslərin və milliləşdirmənin arxasında siyasi sifariş ola biləcəyi iddia edilir.

İşin maraqlı tərəfi də odur ki, bir il ərzində bu qədər ciddi həbslər, repressiyalar dalğası beynəlxalq media və Qərb dövlətləri tərəfindən hələ də geniş, sistemli və davamlı şəkildə pislənməyib. Düzdür, bəzi dini və insan hüquqlarının müdafiəsi təşkilatlarının nəzərəçarpmayan bəyanatları olsa da, sərt sanksiya, diplomatik təzyiq, Aİ parlamentarilərinin gündəminə düşmə, siyasi tribunalarda tənqidlər gözə dəymədi. Bu isə Cənubi Qafqaz regionuna Qərbin uzun illər yürütdüyü ikili standartlar iddiasını daha da güclü və real edir.

Qərbin və ona bağlı institutların, siyasi qurumların, beynəlxalq təşkilatların susqunluğu və laqeydliyinin əslində bir neçə səbəbi var. Birincisi, Qərb üçün Ermənistan Rusiyaya qalib gələcəyi, geosiyasi oyun və planlarını rahat quracaq bir məkandır. Baş nazir Nikol Paşinyan hökumətinin də bu zəncirin bir halqa olması susqunluğun səbəblərindən biridir. Qərbyönümlü siyasət yürüdən, hər ötən gün Kremldən uzaqlaşan Nikol Paşinyan Qərbin siyasi dairələri üçün daha əlverişli sayılır.

Digər tərəfdən, bu məsələdə də xristian təəssübkeşliyini göstərə bilərik. Çünki Qərb ictimai rəyində Ermənistan “xristian ölkə”, “Şərqin xristian qalası”, “müsəlman dənizində kiçik xristian ada” obrazı ilə simvolikləşir və bu səbəbdən də dini qardaş olan ölkəyə sərt təzyiq ictimai zəmində özümüzdən olanı baltalamaq kimi qəbul olunur. Buna görə də, Ermənistanın tənqidi Qərbdə bir sıra hallarda ideoloji narahatlığa səbəb olur. Bundan əlavə, Qərbin siyasi elitasında da belə bir sentimental baxış formalaşıb: Ermənistan “qədim xristian mədəniyyəti”nin daşıyıcısı kimi təqdim edilir və bu, Ermənistana münasibətdə avtomatik simpatiya yaradır. Bunun müqabilində Azərbaycan və ya regionun digər müsəlman ölkələri Qərb auditoriyasında daha soyuq və ya neytral qəbul olunur. Bu emosional simvolizm bəzən diplomatik qərarların qeyri-obyektiv formalaşmasına təsir göstərir.

Qərbin susmasının digər səbəblərindən biri də geosiyasi faktordur. “Qoca qitə”də belə düşünürlər ki, Rusiyanın təsirindən uzaqlaşan Ermənistana qarşı sərt ritorika onun yenidən Moskvanın orbitinə qayıtmasına şərait yarada bilər. Digər faktor isə diaspor şəbəkəsi ilə bağlıdır. Erməni diasporu ABŞ və Avropada xüsusilə aktivdir və ölkələrdə media, akademik institutlar və siyasət çevrələrində ciddi təsirə malikdir. Bu da Ermənistan hakimiyyətinin repressiyalarının beynəlxalq gündəmdə gündəmə gətirilməsini əngəlləyə bilər.
Bununla yanaşı, qeyd edək ki, 2025-ci ilin 29 noyabr tarixində Azərbaycanda müxalifətin nümayəndəsi Əli Kərimlinin hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn əməllər ittihamı ilə həbsə göndərilməsi bir sıra beynəlxalq insan haqları təşkilatları və Qərb parlamentlərindən olan siyasətçilər tərəfindən dərhal tənqid edildi. Avropa strukturları, beynəlxalq media dərhal reaksiya verdi. Bu da Qərbin ikili standartlarından, ikiüzlü siyasətindən xəbər verir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu siyasətlə üzləşir, bu məsələdə ikili standartlara məruz qalır. Azərbaycanda müxalifətçi və ya ictimai fəalın hər hansı saxlanması dərhal beynəlxalq kampaniyaya, bəyanatlar silsiləsinə, media hücumlarına və bəzən sanksiya çağırışlarına səbəb olur. Bu selektivlik göstərir ki, Qərbin Azərbaycandakı siyasi proseslərə reaksiyası prinsiplərlə deyil, siyasi maraq və regional kalkulyasiyalarla idarə edilir. Bunun səbəbi isə ölkənin müstəqil siyasət yürütməsi, heç bir orbitə daxil olmamasıdır.

Ancaq Ermənistan nümunəsində kilsə xadimləri, dini liderlər, müxalif ruhani və ictimai fəalların həbsinə bu cür rezonans, bu cür davamlı və sistemli reaksiya demək olar ki, yoxdur. Bu, heç olmasa iki sualı təbii olaraq qoyur: niyə Qərb, insan haqları institutları, Avropa parlamentləri bu hadisələri Azərbaycandakı kimi görmür, niyə bu repressiyalara qarşı sistemli kampaniya başlatmır? Əgər prinsip “Avropa dəyərləri, demokratiya, insan haqları”dırsa, niyə bu dəyərlər yalnız bəzi ölkələrə aid görünür?

Bu vəziyyət regional siyasətin reallığını, geosiyasi maraqları, identik mədəni dini bağlantıları və lobbi təsirlərini göstərir. Bəzən rəsmi siyasət təhlükəsizlik, strateji balans, geosiyasət, dövlətin sabitliyi, insan haqları prinsiplərindən üstün tutulur. Bundan əlavə, Ermənistanın xristian ölkəsi olması, diaspor və lobbi qrupu sayəsində Qərbdə simpatik görüntü yaratması Azərbaycana qarşı reaksiya ilə müqayisədə onu “qorunan” mövqeyə yerləşdirir. Bu isə nəticədə seçmə ədalət, ikili standart və susqunluq kimi büruzə verir. Qərb üçün Azərbaycan enerji, nəqliyyat, təhlükəsizlik və regional sabitlik baxımından strateji aktordur. Buna görə insan hüquqları məsələsi Qərbin əlində tez-tez siyasi təzyiq alətinə çevrilir.

Ermənistanla münasibətdə isə belə enerji və logistik rıçaqlar yoxdur, yəni Qərbin “təzyiq üçün vasitə” kimi istifadə edəcəyi sferalar məhdud olduğundan, tənqid də formal olur. Nəticədə, demokratiya və hüquq anlayışları universallığını itirir, Qərbin obyektivliyi isə sual altına düşür. Bu yanaşma həm region xalqlarında Qərbin ədalətinə inamsızlıq yaradır, həm də Qərbin öz dəyərlərini siyasi mübarizə vasitəsinə çevirdiyini göstərir.

2025-ci ildə Ermənistanda həbs edilən və məhkum edilmiş şəxslərin siyahısı:

Siyasi xadimlər

1. Ovik Abramyan - Ermənistanın keçmiş baş naziri (2014–2016), parlamentin keçmiş spikeri (2012–2014)

Status: Antikorrupsiya Komitəsi tərəfindən saxlanılıb; onun evində axtarış aparılır.

İttiham: çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq fəaliyyətində iştirak.

 
2. Vardan Qukasyan - Gümrünün meri, şəhərin keçmiş başçısı

Status: 2025-ci il oktyabrın 20-də həbs edilib.

İttiham: qanunsuz tikilinin leqallaşdırılması üçün vasitəçilər vasitəsilə rüşvət alma.


 
3. David Ambartsumyan - Masis icmasının başçısı (Ararat vilayəti)

Status: 28 oktyabrda təyyarədən çıxarkən həbs edilib; məhkəmə tərəfindən 6 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttiham: etirazçılara qarşı silah tətbiq etmək və kütləvi iğtişaşlar təşkil etmək.


 
4. Razmik Mkrtçyan – İrəvanın Şenqavit rayonunun keçmiş rəhbəri

Status: məhkəmə tərəfindən ev dustaqlığına keçirilib. İyun ayından istinitaq təcridxanasında saxlanılırdı; məhkəmə həbsin uzadılması barədə istintaqın vəsatətini qismən təmin edib.

İttihamlar: bələdiyyə işçisinin döyülməsi. İyunun 15-də həbs olunub, bundan beş gün əvvəl istefasını elan edib. Vəkili ittihamların həqiqətə uyğun olmadığını iddia edir.


 
5. Vardan Arutyunyan - Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri, “Qazprom Ermənistan”ın keçmiş rəhbəri

Status: 8 avqustda saxlanılıb. Antikorrupsiya Komitəsinin mətbuat katibi tərəfindən bu məlumat təsdiqlənib.

İttiham: Antikorrupsiya Komitəsi tərəfindən araşdırılan iş çərçivəsində qanunsuz sahibkarlıq fəaliyyətində iştirakda və çirkli pulların yuyulmasında ittiham olunur.


 
6. Tiran Xaçatryan - general-leytenant, Ermənistanın milli qəhrəmanı

Status: 2025-ci ildə yanvarın 4-də həbs edilib; ittiham irəli sürülüb. Xaçatryan ittihamları qəbul etmir.

İttiham: 44 günlük müharibə hadisələri ilə bağlı hərbi vəziyyət zamanı hərbi səhlənkarlıq.


 
7. Samvel Darbinyan - Vanadzor şəhərinin keçmiş meri, Ermənistan Respublika Partiyasının ərazi bölməsinin keçmiş rəhbəri

Status: Apellyasiya Məhkəməsi tərəfindən qəti imkan tədbiri dəyişdirilib; 3 milyon dram girov müqabilində azad edilib; ev dustaqlığına buraxılıb; ölkədən çıxmamaq haqqında iltizam.

İttiham: səlahiyyət həddini aşmaqla və vəzifə səlahiyyətlərindən istifadə etməklə xüsusilə çirkli pulların yuyulması


 
8. Seyran Darbinyan - Vanadzor şəhərinin keçmiş meri Samvel Darbinyanın qardaşıdır

Status: Apellyasiya Məhkəməsi tərəfindən qəti imkan tədbiri dəyişdirilib; 3 milyon dram girov müqabilində azad edilib; ev dustaqlığına buraxılıb; ölkədən çıxmamaq barədə iltizam.

İttiham: çirkli pulların yuyulmasında vəzifə səlahiyyətlərindən istifadə və səlahiyyət həddini aşma.

9. Arsen Babayan - vəkil, Ermənistanın Milli Məclisinin aparatının rəhbərinin keçmiş müavini

Status: qanunsuz silah daşımaqda şübhəli bilinərək Razdan dərəsində güc strukturları tərəfindən müvəqqəti saxlanılıb; daha sonra bağışlanıb, ona qarşı şübhələr irəli sürülməyib.

İttiham: irəli sürülməyib; şübhə yalnız dostlarının qanunsuz silah daşıması ilə əlaqədar olub.


 
10. Andranik Çamiçyan - “Daşnaksütyun” partiyasının gənclər qanadının 18 yaşlı üzvü

Status: Açapnyak inzibati rayonunun birinci instansiya məhkəməsi tərəfindən iki ay müddətinə həbs edilib.
İttihamda terror aktının hazırlanması əks olunub.

11. Ruben Akopyan - Ermənistan Milli Məclisinin keçmiş deputatı

Status: 18 iyul 2025-ci ildə prokurorun qərarı ilə həbs edilib.

İttihamda hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etdiyi göstərilib.


 
12. Spartak Qukasyan - müxalifətçi Gümrü meri Vardan Qukasyanın oğlu

Status: 21 noyabrda məhkəmə tərəfindən iki ay müddətinə həbs edilib. Bundan əvvəl ev dustaqlığında olub.

İttiham: informasiya texnologiyalarından istifadə etməklə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq.


 
13. Gevork Qukasyan - Gümrü Ağsaqqallar Şurasında Ermənistan Kommunist Partiyası fraksiyasının üzvü, mer Vardan Qukasyanın qardaşı nəvəsi

Status: Gümrüdə kütləvi iğtişaşlar işi üzrə 23 oktyabrda məhkəmənin qərarı ilə həbs edilib.

İttiham: kütləvi iğtişaşlarda iştirak.
 
Kilsə nümayəndələri və Qalstanyan işi üzrə həbs edilənlər

14. Baqrat Qalstanyan - arxiyepiskop, Tavuş etirazlarının lideri

Status: 26 iyun 2025-ci ildə həbs edilib.

İttihamda hakimiyyətin zorakı yolla devrilməsinin hazırlanması, terror aktı təşkil etmə cəhdi, kütləvi iğtişaşlar göstərilib.


 
15. Mikael Acapaxyan - arxiyepiskop, Şirak yeparxiyasının başçısı

Status: 27 iyun 2025-ci ildə saxlanılıb, 3 oktyabr 2025-ci ildə məhkum edilib.

İttihamda hakimiyyətin ələ keçirilməsinə və konstitusiya quruluşunun devrilməsinə açıq çağırışlar əks olunub.
 

16. Gevork Nersisyan - Bütün Ermənilərin Katolikosu II Qareqinin qardaşı

Status: bir ay müddətinə həbs edilib.

İttihamlarda təbliğata məcburetmə, təbliğatdan imtinaya məcburetmə və ya başqa üsulla təbliğata mane olma əks olunub.


 
17. Artur Sarkisyan - müxalif “Ermənistan” fraksiyasının deputatı

Status: toxunulmazlıqdan məhrum edilib, həbs olunub; dekabrda tədbir ev dustaqlığı ilə əvəz edilib.

İttihamlar: terror aktı və hakimiyyətin ələ keçirilməsinin hazırlanmasında iştirak elan olunub.

18. David Qalstyan - “Qarabağ (Artsax) parlamenti”nin deputatı

Status: 26 noyabrda qətimkan tədbiri həbsdən ev dustaqlığına və 5 milyon dram girov qoymağa dəyişdirilib. Daha əvvəl (26 iyun 2025-ci ildə) iki ay müddətinə həbs edilib, sonra 22 avqustda həbs müddəti üç ay uzadılıb.

İttihamlar: terror aktının hazırlanması, hakimiyyəti ələ keçirmə cəhdi və “dövlət çevrilişi” işində iştirak.


 
19. Mkrtiç Proşyan - Araqatsotn yeparxiyasının yepiskopu, Bütün Ermənilərin Katolikosu II Qareqinin qardaşı oğlu.
Status: 15 oktyabr 2025-ci ildə iki ay müddətinə həbs edilib.

İttihamlar: toplantılarda iştirak etməyə məcbur etmə.


 
20. Arşak Xaçatryan - arxiyepiskop, EAK-nın yüksək rütbəli ierarxı

Status: 5 dekabr 2025-ci ildə həbs edilib.

İttihamlar: narkotik vasitələrin qanunsuz satışı.


 
21. Movses Şarbatyan – arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi, “Müqəddəs mübarizə” hərəkatı üzrə işdə keçir

Terakt hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur.

22. İqor Sarqsyan – “Daşnaksütyun” ali orqanının üzvü, “Müqəddəs mübarizə” hərəkatı üzrə işdə keçir.

Ev dustaqlığındadır və ölkədən çıxışına qadağa qoyulub.

Terakt hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur.


 
23. Miqran Maxsudyan – ehtiyatda olan polkovnik, “Müqəddəs mübarizə” hərəkatının nümayəndəsi

Administrativ nəzarət altındadır.

Terakt hazırlanmasında və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur.


 
24. Vaaqn Çaxalyan – ictimai və siyasi xadim, “Cavax” hərəkatının lideri

2025-ci il iyulun 4-də həbs edilib. Qalstyan işində iştirak etməklə, iğtişaşlar təşkilində ittiham edilir.


 
25. Lidiya Mantaşyan – arxiyepiskop Qalstanyanın tərəfdarı

Həbsdən 2,5 mln. dram zəmanəti ilə azad edilib.

Terakt hazırlanmasında və hakimiyyəti ələ keçirmək cəhdində ittiham edilir.


 
26. Qaregin Arsenyan – keşiş

2025-ci il oktyabrın 15-də bir aylıq həbs edilib.

Toplantılarda iştiraka məcbur etmədə ittiham olunur.


 
27. Aleksandr Koçubayev – arxiyepiskop Qalstanyanın vəkili

2025-ci il oktyabrın 16-da həbs edilib.

İstintaqın gedişinə mane olmada, ifşaedici materialların yayılmasında ittiham edilir.


 
28. Arman İsraelyan – keçmiş hərbiçi,“Müqəddəs mübarizə” hərəkatı üzrə işdə keçir.

Noyabrın 26-dan ev dustaqlığı tətbiq edilib, ölkədən çıxışına qadağa qoyulub.

Terakt hazırlanmasında və hakimiyyəti ələ keçirmək cəhdində ittiham edilir.


 
29. Vaaqn Çaxalyan – “Kamk” təşəbbüsünün lideri, “Müqəddəs mübarizə” hərəkatı işi üzrə keçir.

İyunun 25-də həbs edilib.

Terakt hazırlanmasında və hakimiyyəti ələ keçirmək cəhdində ittiham edilir.


 
30. Paren Arakelyan – Saqmosavank monastırının rəhbəri

Toplantılarda iştiraka məcburetmədə ittiham olunur.


 
31. Manuk Zeynalyan – Araqotson vilayətinin iereyi

Status: Cinayət işi ilə əlaqədar saxlanılıb.

İttiham: Maddi maraqdan irəli gələrək hakimiyyət və vəzifə səlahiyyətlərindən istifadə etməklə toplantının keçirilməsinə və orada iştiraka mane olmaq.


 
32. Hrayr Akopyan - dyakon

Status: Apellyasiya məhkəməsi həbs qətimkan tədbirini dəyişib: Həbs əvəzinə ərazini tərk etməməklə bağlı iltizam alınıb və üzərinə nəzarət tətbiq olunub. O, iyunun 26-da 2 ay müddətinə həbs edilmişdi.

İttiham: Terror aktlarının və kütləvi iğtişaşların hazırlanması, hakimiyyətin ələ keçirilməsinə cəhd. İyunun sonlarında hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyanın da daxil olduğu 16 nəfərlik qrupla birlikdə həbs olunub. İstintaq Komitəsi hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısının alındığını bəyan edib.


 
33. Hayk Saakyan - keşiş

Status: Cinayət işi ilə əlaqədar saxlanılıb.

İttiham: Maddi maraqdan irəli gələrək hakimiyyət və vəzifə səlahiyyətlərindən istifadə etməklə toplantının keçirilməsinə və orada iştiraka mane olmaq.

34. Gevond Hapoyan: keşiş

Status: Cinayət işi ilə əlaqədar saxlanılıb.

İttiham: Maddi maraqdan irəli gələrək hakimiyyət və vəzifə səlahiyyətlərindən istifadə etməklə toplantının keçirilməsinə mane olmaq və onun keçirilməsinə/orada iştiraka məcbur etmək.

35. Mkrtıç Yeranyan - keşiş

Status: Cinayət işi ilə əlaqədar saxlanılıb.

İttiham: Maddi maraqdan irəli gələrək hakimiyyət və vəzifə səlahiyyətlərindən istifadə etməklə toplantının keçirilməsinə mane olmaq və onun keçirilməsinə/orada iştiraka məcbur etmək.


 
36. Aqvan Arşakyan – “Müqəddəs mübarizə” hərəkatının fəalı

Status: Həbs qərarı qüvvədə saxlanılıb. Apellyasiya cinayət məhkəməsi və İrəvanın Ümumi yurisdiksiya məhkəməsi həbs qərarının dəyişdirilməsinə dair vəsatəti rədd edib.Vəkilinin sözlərinə görə, səhhəti kəskin pisləşib, sol əli və ayağı işləmir, kamera yoldaşlarının köməyi olmadan özünə qulluq edə bilmir. Əvvəllər xərçəngin ağır formasına tutulmasına baxmayaraq, tibbi müayinə yubadılır.

İttiham: Terror aktlarının və kütləvi iğtişaşların hazırlanması, hakimiyyətin ələ keçirilməsinə cəhd. İyunun sonlarında hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyanın da daxil olduğu 16 nəfərlik qrupla birlikdə həbs olunub. İstintaq Komitəsi hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısının alındığını bəyan edib.
 
37. Tiqran Qalstyan – sahibkar, “Müqəddəs mübarizə” hərəkatının fəalı

Status: Məhkəmənin qərarı ilə iyunun 25-də həbs olunub.

İttiham: Terror aktlarının və kütləvi iğtişaşların hazırlanmasında, hakimiyyətin ələ keçirilməsinə cəhddə iştirak.


 
38. Karo Okumuşyan - “Müqəddəs mübarizə” hərəkatının iştirakçısı

Status: Məhkəmənin qərarı ilə iyunun 25-də həbs olunub. Məhkəmə qərarı ilə noyabrın 20-də həbs qətimkan tədbiri 3 ay müddətinə ev həbsi, tərk etmək qadağası və 1,5 milyon dram girov qoymaq qərarı ilə dəyişdirilib.

İttiham: Terror aktlarının və kütləvi iğtişaşların hazırlanmasında, hakimiyyətin ələ keçirilməsinə cəhddə iştirak.


 
39. Armen Aleksanyan – bloqer, “Müqəddəs mübarizə” hərəkatının iştirakçısı

Status: Məhkəmə qərarı ilə iyunun 25-də həbs olunub.

İttiham: Terror aktlarının hazırlanmasında və hakimiyyətin ələ keçirilməsinə cəhddə iştirak.


 
40. Aqasi Arşakyan: “Müqəddəs mübarizə” hərəkatının iştirakçısı

Status: Məhkəmə qərarı ilə iyunun 25-də həbs olunub.

İttiham: Terror aktlarının hazırlanmasında və hakimiyyətin ələ keçirilməsinə cəhddə iştirak.


 
41. Ara Rostomyan – 44 günlük müharibədə həlak olan Akop Rostomyanın atası, “Müqəddəs mübarizə” hərəkatının iştirakçısı

Status: İrəvan məhkəməsi həbs müddətinin uzadılmasından imtina edib. Qətimkan tədbiri təyin edilib: üç ay müddətinə ev dustaqlığı və ölkədən çıxmamaq barədə iltizam.

İttiham aktında terror aktının hazırlanmasında və hakimiyyəti ələ keçirmə cəhdində iştirak göstərilib.
 
42. Vaçaqan Şakrikyan – 44 günlük müharibədə həlak olan Sergey Şakrikyanın atası, “Müqəddəs mübarizə” hərəkatının iştirakçısı

Status: 25 iyun tarixində məhkəmə tərəfindən həbs edilib.

İttihamda terror aktının hazırlanmasında və hakimiyyəti ələ keçirmə cəhdində iştirak göstərilib.

43. Tiqran Topalyan – “Müqəddəs mübarizə” hərəkatının iştirakçısı

Status: 25 iyun tarixində məhkəmə tərəfindən həbs edilib.

İttihamda terror aktının hazırlanmasında və hakimiyyəti ələ keçirmə cəhdində iştirak göstərilib.

44. Arsen Kazaryan – aktivist, “Müqəddəs mübarizə” hərəkatının iştirakçısı

Status: həbs uzadılmayıb; 26 noyabrdan etibarən kombinə edilmiş qətimkan tədbiri tətbiq edilir – inzibati nəzarət və ölkədən çıxmamaq barədə iltizam. Ailə vəziyyəti (iki yetkinlik yaşına çatmamış uşaq, böyük oğlu ordu sıralarında müddətli xidmətdədir) və sağlamlıq problemləri var.

İttihamda terror aktının hazırlanmasında və hakimiyyəti ələ keçirmə cəhdində iştirak göstərilib.


 
Mülki şəxslər

45. Samvel Karapetyan – Rusiya-Ermənistan iş adamı, “Taşir Qrup”un sahibi

Status: 2025-ci ilin iyun ayında həbs edilib, həbs müddəti dəfələrlə uzadılıb.

İttihamlar: konstitusiya quruluşunun devrilməsinə çağırışlar; daha sonra – pulların yuyulması və vergidən yayınma.


 
46. Ara Avakyan – “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin Musalersk filialının baş mühəndisi

Status: 8 iyulda saxlanılıb.

İttihamlar: yığıncaqda iştirak etməyə məcbur etmə.

47. Narek Samsonyan – siyasi bloqçu, “İmnemnimin” proqramının aparıcılarından biri

Status: 13 noyabr 2025-ci ildə 2 ay müddətinə həbs edilib.

İttihamlar: xuliqanlıq (parlament sədrini təhqir etmə).


 
48. Vazgen Saqatelyan – “İmnemnimin” proqramının aparıcılarından biri

Status: 13 noyabr 2025-ci ildə 2 ay müddətinə həbs edilib.

İttihamlar: xuliqanlıq (parlament sədrini təhqir etmə).

49. Ruben Mxitaryan – vəkil, “Öz yolu ilə” hərəkatının üzvü

Status: bir aydan sonra həbsdən azad edilib. Apellyasiya Cinayət Məhkəməsi müdafiə tərəfinin vəsatətini təmin edib.

İttihamlar: iki maddə üzrə kütləvi iğtişaşlarda iştirak.


 
50. Arsen Qukasyan - itkin düşmüş hərbçi Sarkis Qukasyanın əmisi

Status: İrəvan ümumi instansiya məhkəməsi tərəfindən istintaqın vəsatəti ilə həbs edilib; müddət - bir ay. Məhkəmə vəkilin daha yüngül qətimkan tədbirinə dair xahişini rədd edib. Vəkil Qukasyanın sağlamlıq vəziyyətinin ağır olduğunu bildirir.

İttiham: Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında baş vermiş insidentdə xuliqanlıq. İstintaqın versiyasına görə, A.Qukasyan sentyabrın 29-da hərbi polis əməkdaşlarına şüşələr atıb. İnsident itkin düşmüş hərbçilərin qohumlarının Baş Qərargah rəisi Eduard Asryanla görüş tələb etdikləri aksiyası ilə bağlıdır.

51. Qarib Babayan - Xankəndidəki (“Stepanakert”) Mesrop Maştoç adına Universitetin keçmiş prorektoru, Qarabağ əsillidir.

Status: azad edilib; inzibati nəzarətə götürülüb və onun ictimaiyyət qarşısında çıxış etmək hüququ məhdudlaşdırılıb.

İttiham: Materialların yayılması. Bu materiallar Ermənistan hakimiyyətinə və polis əməkdaşlarına qarşı nifrət, dözümsüzlük və düşmənçilik yaratmağa yönəlib.