Qəzada yaralananların vəziyyəti haqda açıqlama

qezada-yaralananlarin-veziyyeti-haqda-aciqlama
Oxunma sayı: 2946

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən ağır qəzada yaralananların 16 nəfəri Sabunçu Tibb Mərkəzinə müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Real TV-yə Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov məlumat verib. O qeyd edib ki, onlardan 2 nəfərinin üzərində cərrahi əməliyyat aparılıb: “Bir nəfərin dalağı zədələndiyinə görə əməliyyat olunaraq çıxarılıb. Digərinin isə ayağı baldırdan amputasiya olunub.

Yaralılardan 4-ü ağır vəziyyətdə olduğuna görə reanimasiyaya yerləşdirilib. 4 nəfərin isə müayinədən sonra vəziyyətinin yüngül olduğu məlum olub və onlar ambulator müalicəyə göndərilib. Bizim xəstəxanaya gələnlər arasında ölüm halı qeydə alınmayıb”. 

M. Məmmədov əlavə edib ki, digər yaralılar hazırda nəzarətdədir və müalicəni davam etdirirlər. Vəziyyətləri orta və kafi qiymətləndirilir.

Qeyd edək ki, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.