“Qızı Tünzalənin öldüyünü bilmir” - Video - Yenilənib

qizi-tunzalenin-olduyunu-bilmir
Oxunma sayı: 6914

“Tünzalə yaşamaq istəyirdi. Amma son dəqiqələrində nəfəs ala bilmirdi. Həkimlərə yalvardı ki, məni aparata qoşun, nəfəs alım. Reanimasiyaya yola salanda da axırıncı sözü bu oldu ki, “gedirəm, amma qayıdacam, yaşayacam”.

“Qafqazinfo”nun məlumatna görə, bunu jurnalistlərə açıqlamasında Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva bildirib.

Bacısının sözlərinə görə, qızı Tünzalənin öldüyünü bilmir: “Yayılan video köhnədir, çünki uşağın xəbəri yoxdur. Həmişə deyirdi ki, “Tünüş ölsə, mən də ölərəm. Ona görə qorxudan nəsə deyə bilmirik”.

O qeyd edib ki, aktrisanın atasının səhhəti yaxşı olmadığı üçün yas mərasimində iştirak edə bilmir: “Atamın təzyiqi düşdü, yaxşı deyil. Bircə onunla təskinlik tapıram ki, Tünzalənin üzünü açanda gülürdü”.

Qeyd edək ki, T. Əliyeva ötən gün uzun sürən xəstəlikdən sonra 49 yaşında vəfat edib.

Hüseyn Məmmədsalahov

***

Uzun illər aktrisa ilə birgə çalışan Əməkdar artist, aparıcı Dilarə Əliyeva jurnalistlərə açıqlama verərkən göz yaşlarına hakim ola bilməyib.

O, T. Əliyevadan doymadıqlarını dilə gətirib: “Vaxt var idi, onun kadrlarına baxanda gülməkdən gözümdən yaş gəlirdi, amma indi ürəyim ağrıyır”.

***

Prodüser, “SOY” prodakşnın rəhbəri Oktay Əliyev aktrisa ilə bağlı xatirələrini bölüşüb:

“Tünzalə Əliyeva təxminən 15 ildən artıq “SOY” Prodakşının aparıcı siması olub. Bizim hazırladığımız bütün verilişlərdə özünü aparıcı kimi, seriallarda aktrisa kimi sınamış, böyük uğurlar əldə etmiş və tamaşaçı alqışlarını qazanmış bir insan idi. Sonuncu günə qədər - keçən həftə bizimlə çəkilişində idi. Dayanmadan “mən işləməliyəm, mənə heç nə olan deyil” deyirdi. Həqiqətən biz də inanırdıq ki, bu keçib gedəcək. Çox heyif ki, bu yaşda, belə parlayan, öz sözünü deyən dövrdə bizimlə vidalaşdı. Həmişə bu insanların üzləri gülürdü. İndi “Toppuş bacı” deyəndə hamısının gözləri ağlayır. Bunu heç kim qəbul edə bilmir. Allah rəhmət eləsin. İnanmazdım ki, mən “Toppuş bacı” üçün bu sözləri deyəcəyəm...”

***

Aktrisa Xuraman Əlizadə həmkarl ilə bağlı xatirələrini dilə gətirib:

“Sonuncu dəfə mənə yazmışdı ki, bəlkə haradasa xətrinə dəymişəm... Elə bil hallalıq alırdı. Biz onunla çox yaxın idik, uşaqlarımızı bir yerdə aparıb gəzdirirdik. Çox güclü insan idi, mübarizə aparırdı. Son sözü o olub ki, “mən yaşamaq istəyirəm. Qızı Zəhraya görə yaşamaq istəyirdi. Deyirdim, qırmızı geyinib həm Əlinin, həm də Zəhranın toyunda oynayacağıq...”

***

Əməkdar mədəniyyət işçisi, aparıcı Zaur Baxşəliyev mərhum Tünzalə Əliyevanın sonuncu mesajından danışıb:

“Sonuncu dəfə özünə görə yazmamışdı. Bir gənc müğənniyə görə xahiş edirdi ki, onu efirə çıxaraq. Tünzalə bu həyatda özü üçün heç nə etmədi. Ev üçün mücadiləyə qalxanda da, onu qızı Zəhra üçün etmişdi”.