Qlass Bakıdakı ot örtüyünü rüsvayçılıq adlandırdı

qlass-bakidaki-ot-ortuyunu-rusvayciliq-adlandirdi
Oxunma sayı: 3074

Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass Bakının Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünü tənqid edib və onu rüsvayçılıq adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Aberdin” komandasının rəsmi saytında yer alıb.

Məlumata əsasən, Bakıda "Qarabağ"a qarşı keçirdikləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda zədələnən Endryu Konsidaynın vəziyyəti barədə danışan Stiven Qlass futbolçunun stadionun ot örtüyü səbəbindən zədələndiyini vurğulayıb. 

“Stadionun ot örtüyü rüsvayçılıq idi və Endinin zədələnməsinə məhz bu gətirib çıxardı. Oyun belə bir meydanda keçirilməməli idi. Hər iki komanda daha yaxşısına layiqdir”, - deyə Qlass qeyd edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma zamanı "Qarabağ" 1:0 hesabı ilə qələbə qazanıb. Cavab oyunu avqustun 26-da Şotlandiyada keçiriləcək.

Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Şamil Quliyev stadionun ot örtüyünün vəziyyəti ilə bağlı səsləndirilən tənqidlərə cavab verərkən saytımıza bildirib ki, 2015-ci ilin yanvar ayında Tofiq Bəhramov Stadionu ilə “Qarabağ” arasında müqavilə bağlanılıb: “Bu müqavilənin əsasında da stadionun ot örtüyü ilə təmin olunması və saxlanılması “Qarabağ”ın məsuliyyətindədir. Orada ot örtüyünə cavabdeh qurum onların özləridir”.