QMİ sədrindən dəfn və yas mərasimlərinə icazə ilə bağlı - Açıqlama

QMİ sədrindən dəfn və yas mərasimlərinə icazə ilə bağlı
Oxunma sayı: 6899

“Mən məscidlərin açılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha üç dəfə müraciət etmişəm, son zamanlar da müraciətim olub. Müraciətimə də hörmətlə yanaşıblar və vəziyyəti mənə bildiriblər. Bununla bağlı müzakirələrimiz davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Təcəpir məscidində bayram namazından sonra deyib.

QMİ sədri qeyd edib ki, məscidlərin açılması həm də insanların özlərindən asılıdır:

“Biz Operativ Qərargahın qaydalarına düzgün riayət etsək, yəqin ki, məscidlərdə ibadətlərimiz də bərpa olunacaq. Digər dinlərə nisbətən İslamda başqa yerlərdə namaz qılmaq, ibadət etmək olar.

Pandemiya dövründə müsəlman din xadimləri internet vasitəsilə dindarlara şəriət məsələlərini çatdırıblar, dini təbliğat davam edib. Ancaq bu gün evlənmək istəyən toy mərasimi təşkil edə bilmir.

Biz bu gün ata-anamızı istədiyimiz kimi mərasimlə dəfn edə bilmirik. Əlbəttə, mən ehsanların tərəfdarı deyiləm. Amma müvafiq qaydada dəfn üçün imkan yaranmasını istərdik.

Dövr, həyat bizə məhdudiyyətlər qoyub. Biz nə qədər Operativ Qərargahın qaydalarına riayət etsək, o qədər də tez məscidlər, məbədlər açılacaq, toylar olacaq”.

“Zəfərimizə həsr olunmuş məscidin Şuşada tikilməsinə başlanılması böyük hadisədir. İnşallah, o məscid Vətənimizin bir tacı olacaq”, - o əlavə edib.