"Günün günorta çağında ağacı elə kəsdilər, – kölgə bilmədi-bilmədi"

quotgunun-gunorta-caginda-agaci-ele-kesdiler-kolge-bilmedi-bilmediquot
Oxunma sayı: 1898









“HƏSRƏT”


Nə oldu, ayrıldıq bir-birimizdən?

Dərə bir tərəfdə, dağ bir tərəfdə.

Ayrılıq ələdi saçlarıma dən,

Qara bir tərəfdə, ağ bir tərəfdə.


Həsrət də alovdu, yandırdı, yaxdı,

Ürəkdə, könüldə neçə iz qalıb.

Mənim qollarımın yiyəsi yoxdu,

Sənin incə belin kəmərsiz qalıb.


MƏNİM DƏ HAVAMI ALDI BU DÜNYA


Mənim də havamı aldı bu dünya,

Görməli işləri görə bilmədim.

Yığıb, toparlayıb sevinci mərdə,

kədəri namərdə verə bilmədim.


Bəslədiyim arzu gözümdə qaldı,

arzumu gözümdə heç elədilər.

Mənim arılarım öldü acından,

Mənim ağrılarım beçələdilər.


Oynaq-oynaq sular zarıdı getdi,

yaşıl-yaşıl otlar qurudu getdi.

gözəl-gözəl qızlar qarıdı getdi,

Mən də baxa-baxa qaldım dünyada.


Huşlu adam vardı, huşunu yedi,

Dəyirman acıxıb daşını yedi,

cücə qarışqanın başını yedi,

mən də baxa-baxa qaldım beləcə.


OĞLU ANDAYIN İTKİSİNƏ YAZDIĞI ŞEİR


Ay ölüm, ağlama sən də

Gözlərində yaş görməyim.

Didib-dağıtma sinəni

Sinən daşdı – daş görməyim.


Sən də bir tale qarğışı

Qapıda dolanma, yaxşı?

Düşüb üzüyümün qaşı

üzüyündə qaş görməyim.



Keç içəri... dərd dərində

Dərd mənim can dəftərimdə.

Uzan Andayın yerində, 

Mən o yeri boş görməyim!


MƏHƏMMƏD HADİYƏ


1


Qərib nar əkər, nar əkər,

Narı nar olmaz, nar olmaz.

Qərib deyər: qərib qızdan

Mənə yar olmaz – yar olmaz:

Sünbülü qıçada qalar,

Buğdası puçada qalar,

Alması taxçada qalar,

qalar, saralmaz-saralmaz.

Kim qəribə arxa çıxar,

Qərib birdən yoxa çıxar,

Dərd əlindən dağa çıxar,

dağda qar olmaz, qar olmaz


2


Tək dedilər – təklədilər,

qanına yeriklədilər.

sonra da dərdini alıb

dağa-daşa yüklədilər,

çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,

öldürməyə tələsdilər,

günün günorta çağında

ağacı elə kəsdilər, –

kölgə bilmədi-bilmədi.

Xallandı gül – butasında.

nər qarnında  – qartasında.

bir şairi öldürdülər

bir ölkənin ortasında, –

ölkə bilmədi-bilmədi.