Rusiya Avropa qaz bazarından tamamilə çıxa bilər

rusiya-avropa-qaz-bazarindan-tamamile-cixa-biler
Oxunma sayı: 1078

Rusiya Avropa qaz bazarından tamamilə çıxa bilər. Rusiya Prezidenti Vladimir Putin hökumətə Avropa Birliyinə qaz nəqlinin tamamilə dayandırılması ilə bağlı lazımi tədbirlərin görülməsini tapşıracağını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Putin bu barədə Rusiyanın dövlət televiziya kanalı “Rossiya 24”ə müsahibəsində enerji bazarlarında baş verən prosesləri şərh edərkən danışıb.

Rusiya lideri Ukraynanın Aralıq dənizində Rusiya tankerinə pilotsuz sualtı vasitələrlə hücum etdiyini bildirərək, buna sərt reaksiya verib. Onun sözlərinə görə, bu hadisə terror hücumudur və Rusiya bu cür hallarla ilk dəfə qarşılaşmır.

Putin həmçinin Ukraynanın enerji infrastrukturuna hücumlarının Avropaya zərər verdiyini və “Türk axını” və Ukrayna üzərindən keçən qaz boru kəmərlərinə qarşı hücumların planlaşdırıldığını deyib.

Rusiya Prezidenti Avropa qaz bazarında qiymət artımının təchizatçılarla bağlı olmadığını bildirib. Onun sözlərinə görə, təchizatçılar, yəni ABŞ, Norveç, Əlcəzair və Rusiya qaz nəqlini azaltmayıb. Putin hesab edir ki, qiymət artımı Yaxın Şərqdəki hadisələrdən sonra alıcıların Avropadan daha yüksək qiymətə təbii qaz almağa hazır olması ilə bağlıdır.

Avropanın mayeləşdirilmiş təbii qaz da daxil olmaqla, Rusiya qazını tam qadağan etmək planlarına toxunan Putin qeyd edib ki, yeni bazarlar açılır və Rusiya üçün başqa istiqamətlər daha sərfəli ola bilər.

“Bəlkə də, hazırda Avropa bazarına tədarükü dayandırmaq bizim üçün daha sərfəli olardı. Açılan bazarlara daxil olub mövqeyimizi möhkəmləndirə bilərik”, – deyə Putin bildirib.

O əlavə edib ki, bu məsələyə siyasi yanaşmırlar və Rusiya qazını etibarlı tərəfdaş hesab olunan ölkələrə yönəltmək variantı nəzərdən keçirilə bilər. Putin hökumətə bu məsələni enerji şirkətləri ilə birlikdə araşdırmağı tapşıracağını da vurğulayıb.

Rusiya Prezidenti qeyd edib ki, Avropadan daha cəlbedici bazarlar yarana bilər və ABŞ daxil olmaqla, bir çox qaz təchizatçısı da həmin bazarlara yönələ bilər.