Saakaşvilini yenidən gündəmə gətirən deputat sevgilisi... - Fotolar

saakasvilini-yeniden-gundeme-getiren-deputat-sevgilisi
Oxunma sayı: 9472

Səkkiz ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili elə həmin gün saxlanılması ilə bağlı dünya gündəmində yer alıb. Hazırda Rustavi həbsxanasında saxlanılan sabiq Prezident cinayəti maliyyələşdirməkdə və səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir və onu 11 ilə qədər həbs cəzası gözləyir.

“Qafqazinfo” xəbər verir ki, Saakaşvili bu məsələlərlə yanaşı, ukraynalı millət vəkili Yelizaveta Yasko ilə münasibətdə olması ilə də bütün diqqətləri üzərinə çəkib. Belə ki, son zamanlara qədər hər kəs onun Sandra Rulofs ilə evli olduğunu bilirdi. İki oğlu olan cütlüyün boşanması barədə bu günə qədər məlumat yayılmayıb.

Siyasətçinin Tbilisidə saxlanılmasından sonra Y.Yasko öz sosial şəbəkə hesabında birgə videolarını paylaşaraq Saakaşvili ilə münasibətdə olduğunu elan etmişdi.

S. Rulofs isə açıqlamasında 53 yaşlı Saakaşvilinin sevgilisi Yasko ilə videosuna təəccübünü gizlətməmişdi: “Cümə günü axşam paylaşılan videonun mənim üçün gözlənilməz, formasının isə tamamilə qəbuledilməz olduğunu sizdən gizlətməyəcəyəm. Şəxsi emosiyalarıma baxmayaraq, sakitliyimi qoruyuram və inanıram ki, bu mübarizədən qalib ayrılacağıq”.

Yeni sevgi romanında diqqət çəkən məqamlardan biri Saakaşvili ilə Yasko arasında 23 yaş fərqinin olmasıdır.

Belə ki, Yelizaveta Yasko 1990-cı ildə Kiyev şəhərində dünyaya gəlib. Kiyev Universitetinin Fəlsəfə fakültəsini bitirən Yasko daha sonra təhsilini Oksfordda davam etdirib. 

Y.Yasko 2019-cu ildən Ukraynanın “Xalqın xidmətçisi” partiyasından millət vəkilidir. Yasko və Saakaşvili isə 2020-ci ildə tanış olublar. KİV-də yayılan məlumata görə, Yasko Saakaşvili ilə tanışlığından qısa müddət sonra Saakaşvilinin anası ilə görüşüb. Saakaşvili və Yaskonun münasibətdə olması rəsmi elan olunmazdan əvvəl də cütlük cəmiyyət arasında birgə görülüb. “Qlavkom” yazır ki, cütlük sentyabrda Lvova səfər edib və şəhərin meri Andrey Sadovıy ilə görüşüb.

Ukraynalı deputat bir neçə gün əvvəl Gürcüstana gələrək Saakaşvilini həbsxanada ziyarət edib. Sandra Rulofs və iki oğlu isə hələ Saakaşvili ilə görüşmək üçün hər hansı tədbir görməyiblər.

Qeyd edək ki, S.Rulofs və M.Saakaşvili 2013-cü ildən bu yana fərqli ölkələrdə yaşayıblar.