“Saçlarım 25 yaşdan ağarmağa başladı...” - Qabil Abbasoğlu

saclarim-25-yasdan-agarmaga-basladi
Oxunma sayı: 5179

Ötən il tanınmış jurnalist, dəyərli insan və əziz dost Qabil Abbasoğlundan müsahibə istəyəndə, “sən “50+” müsahibələr alırsan, mənim hələ yaşım çatmır” demişdi. Üstəlik, zarafatla dediyi “qocalmamışam ki, sənə müsahibə verəm?” sözünə də gülüb keçmişdik...

İl keçdi, vədə dolandı, onun da yaşı gəlib “müsahib” yaşına çatdı. O yaşa ki, insanlar fotoqrafımız Ramilin obyektivində “50-“ görünməyə çalışaraq, mənim suallarıma “50+” cavablar verirlər. Həyatdan öyrəndiklərini bizimlə və oxucularla paylaşırlar.

Bir fərq var – indi hər üçümüzü birləşdirən Lent.az saytı fəaliyyət göstərmir. Amma sözümüz və özümüz varıq. Buna görə də ondan 50 yaşın hesabatını aldıq...

- Qabil müəllim, 50 yaşın qəribə mistikası var. Nə qədər gəncsən, o sənə ay qədər uzaq görünür. Bir az yaşa dolduqca günəş qədər qorxulu olur. Yaxınlaşanda necədir?

- İnsan hətta 40 yaşı yaxın hesab edir, amma 50... 50 yaşın zəhmi çoxdur... Məşədi İbadla bağlı məşhur klişe var...

- Üzeyir Hacıbəyli həqiqəti...

- Hə, Üzeyir bəyin həqiqətini bölüşürəm. Onun 50 yaşla bağlı təsbiti çox dəqiqdir... Yaş 50 olandan sonra görürsən ki, dəyişən heç bir şey yoxdur... İşlək dilimizdə 50 deyə bir çoxaltma dərəcəsi var – “50 il”, “50 yaş”... Yəqin ki, bu, bir az da ordan gələn psixoloji məqamdır... 

- 50 yaş sindromu olur?

- Mən bir az özüm haqqında düşünməyi sevən biriyəm. 50 yaşım haqqında da çox düşünmüşəm. Qərara gəlmişəm ki, 50 yaş insanı daha məsuliyyətli edir. Bu yaş təkcə ağırlıq və kədər gətirmir, bir az böyüklük, məsuliyyət və hesabatlılıq da gətirir. İstənilən an zərurət yaranar deyə özün-özünü toparlayırsan, keçdiyin yola nəzər salıb, dəyərləndirirsən. Fiziki olmasa da, özünü mənəvi olaraq yekunlaşdırırsan... İlk yekunu edirsən ki, bir gün məndən hesabat istəyəcəklər və mən nə deyəcəyəm...

- Ənənəvi hesabatlarda mütləq dinamika əsasında hazırlanan bir cədvəl yer alır. Qabil Abbasoğlunun həyatda yaşadığı duyğular üzərində bir cədvəl hazırlamağa çalışsaq, orda yüksələn xətt hansı duyğunu ifadə edər və nə rəngdə olar? Orta və ən zəif xətt nələri ehtiva edər?

- Səni insan olaraq fərqləndirən xüsusiyyətlər üzərindən gördüyün işlər həyatında ayrıca bir rənglə qeyd olunur və yalnız sənə xasdır. Sən insan olaraq nə iş görmüsən?! Hətta ən xəyalpərvər, romantik vaxtlarımda belə hər şeyin yaxşı olması üçün çalışmışam. Tanımadığım insanla belə qarşılaşanda öncə ona yaxşı insan kimi baxıram. Sonra o özünü necə tanıdacaq, bu sonranın işidir və onu da sezməyəcək qədər yuxulu deyiləm... 

- Yəni tanımadığınız insanlara belə mütləq sevən gözlərlə baxırsınız?

- Mütləq! Çünki nəyi gözləyiriksə onu daha çox alırıq.

- O zaman hesabat cədvəlində ən qalın xətlə sevgini qeyd edək?

- Bəli, sevgi!

- Rəngi?

- Sevgini sözlə izah etmək çətindir. Baxın, insan, qadın, övlad, vətən, Allah və s. sevgisinə nə qədər dastan yazılıb və hələ ki, onu tam ifadə edib, gəlib mütləqə çatan hadisələr yoxdur. Deməli burada bütün rənglər var.

- Rəng varsa, mütləq sevgi var?

- Mütləq! İnsanın rahatlığı, xoşbəxtliyi varsa, gücü, ağlı və ondan istifadə şəraiti varsa... Bunların kökündə də sevgi dayanır və mənə görə sevgi dastanlarda deyildiyi kimi ürəklərdə deyil. Bu, ağlın məhsuludur. 

- 50 yaş artıq özünü göstərir. Deyirlər 50 yaşdan sonra insan ürəyi ilə yox, ağlı isə sevir...

- Yox, sadəcə 50 yaşdan sonra insan başa düşür ki, sevgi ürəyin yox, ağılın işidir.

- Və indiyə qədər olan çabalara “heyif” deyir?

- Yox... Mən hətta ən gənc çağlarımdan bu qənaətdə olmuşam ki, sevginin kökü ağıldadır. Ümumiyyətlə, insan kimyasının kökü ağıldır, ürək bir ət parçasıdır. Sevginin kilidi də ağıldadır..

- Qısası, həyatımızdan sevgini yığışdıranda dünyamız ağ-qara rənglərdən ibarət olur?

- Əlbəttə! Hər şeyə rəng verən sevgidir.

- Siz də bu gün başdan ayağa ağ-qara geyinmisiniz...

- (Gülür) Açığı, bu geyimi müsahibə üçün, saçlarıma uyğunlaşdıraraq düşündüm... Bax, Vüsalə, 50 yaş elə ağla qaranın sərhəddidir. Yaxşı ilə pisin, gecə ilə gündüzün, xeyir və şərin seçildiyi yerdir. Ola bilsin kimsə bunu 40 yaşında seçir, kimsə heç 70 yaşında seçmir. Amma 50 yaş bu mühüm həqiqəti dərk etmək üçün insana ağıl və təcrübə verir. Sən ondan nə qədər istifadə edirsən, bu artıq ayrı məsələdir... Bu arada, rəngi dəqiqləşdirdim, sevginin rəngi görünən ağ rəngdir... Ağ işıq rəngi... İçərisində yeddi rəngin hamısı var...

- Demək 50 illik həyatınız əsasən sevgi ilə zəngindir. İkinci yerdə hansı duyğu dayanır? 

- İnsan daha çox insan olduğunu yaxşılıq etmək bacarığı ilə göstərə bilir. İnsan ona görə yaranıb ki, bəşəriyyətə gözəllik gətirsin. Axı insan bütün bu kaninatın içərisində onu dərk etmək imkanı olan yeganə varlıqdır. Bax, bu imkandan istifadə etmək bacarığını ikinci yerə qoyardım. Rəngi isə ancaq yaşıl ola bilər...

- Bəs hələ doyunca yaşamadığınız, qarşısında borclu olduğunuz duyğu?

- Həə... Rahatlıq... Fərdi rahatlıq... Müəyyən epizodlarda rahat olduğum məqamlar var... Ancaq tam rahatlıq yoxdur...

- Rahatlığı nə rəng görürsünüz?

- Boz! (Gülür)

- Qabil müəllim, üzdəki cizgilər, saçdakı bəyazlar insana sual verir? Yoxsa onlar sizin suallarınızın ən yaxşı cavabıdır? 

- Saçlarım 25 yaşımdan ağarmağa başladı...

- Onda başqa, o yaşda ona “dövlət tükü” deyirlər. İndi isə dən...

- (Gülür) Təbiətcə qeyri-bərabər güc vəziyyətində dəyişə bilməyəcəyim gedişata üsyan etmək xarakterim yoxdur. Amma öz həqiqətlərim var, həmişə yaşıma da, başıma da ayıq yanaşmağa çalışmışam. 25 yaşımda... Bu yaşı ona görə vurğulayıram ki, o yaşda mənim həm ictimai-sosial, həm də şəxsi mənada fəal dövrüm idi. Hələ o vaxt mənə “sənin yəqin 35-40 yaşın olar”, deyirdilər. Yaşımdan böyük görünməyim ailədə üzərimə qoyulan missiyadan və gördüyüm kişi nümunəsindən irəli gəlirdi. Atam həmişə ağır, təmkinli və yaşından daha artıq görünüb. Bu amillər də insan xarakterini formalaşdırır. Xarakter insanın başqalarına deyil, özünə qarşı münasibətində göstərdiyi reaksiyaların toplusudur. Həmişə demişəm ki, yaşımdan böyük görünməyimin üstünlüyü var, nəinki çatışmazlıqları. Çünki o böyük göründüyüm yaşda mənə etibar olunan məsuliyyətlərin öhdəsindən gəlmək kimi vəzifələrim olub və məncə pis də yerinə yetirməmişəm.

- Sualım çox ənənəvi olacaq, amma mütləq verməliyəm – bu 50 ildə həyat sizə nə öyrətdi? Ən yaxşı hansı dərsi mənimsədiniz?

- Səbr! Həyatımın ən böyük yekunlarından biri səbrli olmağımı hesab edirəm. Mərhum anamın son nəfəsində mənə verdiyi bu tövsiyə demək olar bütün həyatımı dəyişdi. Çılğınlıqla hər şeyi daha tez əldə etmək peşində idim. O tövsiyədən sonra sanki əlavə bir gözüm açıldı. Başa düşdüm ki, hər şeyin zamanı və ölçüsü var. Hər şey mənim reaksiyalarımdan asılı olmayaraq davam edir. Mənə düşən yalnız dərk etmək, anlamaq, səbrlə içinə yerləşdirib sintez edərək nəticələr çıxartmaq və bu nəticələri də gələcəkdə tətbiq edərək yola davam etməkdir. Sizə deyim ki, pis mexanizm deyil. Çox rahatdır.

- Qəribədir, mən sizi tanıyanda hələ 50 yaşınıza çox var idi, amma təmkinli idiniz...

- Siz məni tanıyanda artıq 40 yaşımda anamdan bu tövsiyəni alıb, həyatımı dəyişmişdim.

- Həmişə düşünmüşəm ki, Qabil Abbasoğlunu özündən nə çıxarda bilər?

- Nadanlıq! Cəhalət ən dözümsüz olduğum məqamdır.

- Cəhalət isə ayaq açıb yeriyir. XXI əsrdə, 2018-ci ildə... İllərdir mübarizə aparılır, ancaq... Sizcə, cəhalətlə necə mübarizə apara bilərik ki, effektli olsun?

- Cəhalət sosial hadisə deyil. Tarixi bir yaşı olan, psixoloji hadisədir. Mübarizəyə iyirmi yaşda başlamışıqsa, indi nəyə nail ola bilərik? Bəşəriyyət tarixinə aid olan problemlərin həlli istiqamətində otuz ilə heç nə etmək mümkün deyil. Bizdən tələb olunan bu tipli problemlərin həlli istiqamətində zəruri bildiyimiz addımları atmaq, atmaq, atmaq və harada addımımız büdrədisə, orada da başımızı yerə qoyub, torpağa uzanmaqdır...

- Məğlub olmaq?

- Məğlubiyyət deyil. Həyatın axarı ilə gedirik, yol bizi aparıb ora çıxardırsa və bizim də onu önləmək kimi bir qabiliyyətimiz yoxdursa, barışmalıyıq...

- Qabil müəllim, deyirlər 50 yaş həm də qadınları çözməyin ən yaxşı vaxtıdır. Çözə bildiniz?

- Hmm... 

- Yoxsa heç belə sual qarşısında qalmamışdınız?

- Ümumiyyətlə, mənə ilk dəfədir belə sual verilir. Həm də bunu sual olaraq da düşünməmişəm...

- Deməli, qadınları çözməyə ehtiyacınız olmayıb?

- Ümumiyyətlə, mənim düşüncələrimdə qadın-kişi yox, insan olub. Mən həmişə insanı düşünmüşəm. Böyüyüm, ailəmin üzvü olan və yaxud sevdiyim qadınları çözmək yalnız cari situasiyalarda olub. Hansısa bir şəraitə düşəndə onu anlamağa çalışmışam ki, nə demək istəyir...

- Bəlkə sualım bütün ömrünü mətbuatda keçirən bir jurnalist üçün şablon kimi səslənəcək, amma bunu bilməyi çox istəyirəm. Zaman maşını ilə səyahət etmək imkanınız olsa və bu səyahəti ancaq bir dəfə etmək mümkün olsa, ömrünüzün neçənci ilinə, hansı məqamına qayıdardınız? Hətta bu səfərdə mühüm bir dəyişikliyi etmək, qərarınıza hər hansı düzəliş vermək şansınız olsaydı, nəyəsə əl gəzdirərdiniz, yoxsa hər şeyi olduğu kimi saxlayardınız?

- Tam səmimi deyəcəm ki, heç bir qərarımdan faciəvi dərəcədə peşman deyiləm. Sadəcə məyusluqlarım olub. Mən heç vaxt şəxsi həyatı üçün yaşayan adam olmamışam deyə, şəxsi qərarlarımla bağlı narahatlığım yoxdur. Cəmiyyətin taleyi ilə bağlı məsələlər isə elə şeylərdir ki, mən geri qayıdıb redaktə edə bilmərəm. Biz, yəni cəmiyyətimiz qayıtsa, bəlkə nəsə edə bilərik. Mənim ömrümün hansısa ilinə qayıtsaq bəlkə bir az dəyişib bundan fərqli etmək olardı. Ancaq o şey ki, olur, deməli, olmalıdır. Deməli biz haradasa addımı o cür atmışıq ki, bu günə gəlib çıxmışıq.

- Yəni, heç peşmançılıq yoxdur?

- Qətiyyən!

- Bəs nigarançılıq?

- Var...

- Deməli keçmişdən narazı deyilsiniz, amma gələcəkdən narahatsınız...

- Narazı deyiləm, gücümüz nəyə çatıbsa, onu eləmişik. Nigarançılığım isə var... Cəmiyyətimizin taleyi ilə bağlı. Buna görə də indi ictimai mühitdəyəm. Olmasaydım, gedib bir mağaza işlədər, qeyri-sosial, qeyri-ictimai bir fəaliyyətlə məşğul olardım. Məhz narahat olduğum üçün ictimai sferadayam. Bir də fəaliyyətimdə, həyatımda dəyər verdiyim insanlar var ki, bu insalar çox kövrək yaşda olduqları üçün onlardan narahatam... Təbii ki, övladlarımla bağlı narahatlığım var...

- Bir də uşaqlar var...

- Hə, uşaqlardan, yəni Lent.az kollektivindən çox narahatam...

- Axı hamısını çox yaxşı yetişdirmişdiniz, dərhal iş təklifləri aldılar...

- Elə narahatlığım da ondandır... Bizim ortaq yaratdığımız, paylaşdığımız dəyərlər o uşaqların içini elə tutub ki, kənarda fərqli dəyərlərlə rastlaşanda çaşıb qalır, narahat olurlar. O vəziyyətə təbii ki, ağrıyıram. Keçmiş rəhbərliklə, iş yoldaşlarımla danışanda da bunu bildirirəm ki, bu uşaqlar tamam başqa dəyərlərlə işləyirdilər, amma indi hərəsi bir yerdədirlər. Təbii ki, bacarıqlı uşalar olduqları üçün normal da işləri var, amma hələ ki, olduqları yerdə “ağ qarğa” kimi görünürlər. Rahatlıqları üçün o dəstəyə qoşulmalarını istəyərdim, həm də heyfim gəlir ki, o dəstəyə qoşulmalı olacaqlar. Eybi yoxdur, həyatdır də...

- Əməyinizi itmiş sayırsınız?

- Yox! Zəhmətim üçün peşman deyiləm və heç vaxt nəticəsiz qaldığını düşünməmişəm.

- Həyata çox tez atılmısınız - istər ailə məsuliyyətində, istərsə də ictimai həyatda... Mətbuata da tez gəlmisiniz, demək olar ki, məzuniyyətsiz işləyənlərdən olmusunuz. Rəsmi məzuniyyətdə olsanız da, bir əliniz daima qəzetdə, saytda, xəbərdə olub. İndi sizi işsiz təsəvvür edə bilmirəm. Bilmirəm buna “təqaüd” deyim, erkən idimi deyim...

- Mən öz işsizliyimə də sosial məsələ kimi baxmıram. Əgər iş dediyimiz səhər gedib, axşam gəlmək və ayın sonunda maaş almaqdırsa, hə, işsizəm. Amma bötüvlükdə işsiz deyiləm. Bayaq da dedim, mənim əsas fəaliyyətim ictimai sferadadır və davam edir. Cəmiyyətin bu və digər sahələrində varam. Əvvəlki miqyasda olmasa da, təmsil olunuram. Amma işin hərfi tərəfinə gələndə isə işləyəndə mənim çox vaxtım olurdu, bu son dörd ay yarımda isə demək olar ki, vaxt qıtlığı çəkirəm. Amma mütaliə üçün vaxt qazanmışam. Beyin gündüz informasiya ilə yüklənmədiyindən gecələr oxumaq vərdişim yaranıb. İllərdir “bu gün, sabah” dediyim filmlərə baxıram. Görmədiyim dostlarla görüşürəm.

- Bu məqama diqqət çəkmək istəyirəm. Son aylarda heç dostlar seyrəldilər? Adətən işsizlik dönəmində dostların ələnmə mərhələsi gəlir...

- Dost dediyim adamlar o qədər azdır və o qədər illərin sınağından keçiblər ki, onların seyrəlməsi qeyri-mümkündür. Bir əlin barmaqlarının sayı qədərdilər. Yerdə qalan çevrə isə çox istədiyim, daima ünsiyyətdə olmağa can atdığım maraqlı insanlardır. Eləsi var heç bilmir ki, mən işsizəm. Ümumiyyətlə, insanlar haqqında neqativ pəncərədən düşünməyi sevmirəm. Yəni, zəng etməyiblərsə, düşünmrəm ki, işsizəm deyə... İnsandır, başı qarışıb...

- Amma ad gününüzdə zəngini gözlədiyiniz adamlar yəqin ki, var... İnsanlar var ki, səsindən enerji, güc almaq mümkündür...

- Əlbəttə! Zəngini və mesajını gözlədiyim adamlar var. Olmasa narahat olaram. Düşünərəm görən nə baş verib... 

- Qabil müəllim, cəsarət insan xarakterinin ən vacib cizgilərindəndir. Bu vacib cəhəti hansı məqamlarda istifadə edirsiniz? Yerində istifadə olunmayan cəsarət faciəyə aparıb çıxarda bilər. Çağdaş insan hər xırda addımı cəsarətli adlandırır. Əslində insan cəsarətli addımları həyatının hansı məqamlarında atır? Cəsarəti necə idarəetməli?

- Cəsarət, hissi anlayışdır. Həmişə hissin ağıldan önə keçməsinə qarşı olmuşam. Ağılsız cəsarəti faciə hesab edirəm və bu, mütləq faciəyə gətirib çıxardır. Ona görə də çalışıram ki, hər şeydə ağlın ölçüləri ilə hərəkət edim. Bu imkan kainatda olan varlıqların içərisində yalnız insana verilib. O da bunun çox kiçik bir hissəsindən istifadə edir. Bizdə bu imkan varsa, bununla özümüzü fərqləndirməliyik. Yoxsa “harda mənə yaxşıdır, gedib orda dolanmaq” yaxşı örüşü axtarmaq instinktidir və mən o instinkti bölüşmürəm. Məcburi situasiyalar səbəbindən gedən insanları heç vaxt qınamamışam. Amma hələ ki, burada potensialımın tükənmədiyini düşünürəmsə, lazım olduğumu anlayıramsa, özümdə getmək haqqını hiss etmirəmsə, necə gedə bilərəm? Mənə görə vətən anlayışı pafos deyil. Hər bir insanın identifikasiyası var. Övladlarıma da deyirəm ki, dünyanın harasında istəyirsiniz, gedib orada yaşayın! Lap imkanınız olsa kosmosda da! Amma bir şeyi düşünün, genetik olaraq yalnız bu torpaqların üzərinə ayaq basıb gəzmək haqqı sizdədir. 

- Bu lap Çarlı Çaplinin qızına məktubunu xatırlatdı... 

- Bəli... O məktubu da çox sevirəm. Deyirəm ki, gedəcəyin yerin insanı səndən çox qabaqdadır və o haqqa sahibdir. Bizim haqqımız burada, bu torpağın üstündədir. Məsələ döyüşməkdə deyil, bu torpağın üzərində gəzərək onun üçün bir şey etməkdədir. Hətta ağac əkməkdədir.

- Mən heç bilmirəm siz səngərdə olmusunuz, ya yox, amma müharibəni iliklərinizə qədər duyduğunuzdan əminəm... 

- Ən başlıca arzum odur ki, müharibə olmasın. Azərbaycanın işğal altında olan torpaqlarının qaytarılması üçün bütün məqbul yollara razı və hazır olan bir adamam. Amma çox istəyirəm ki, bu, müharibəsiz olsun... “Əsir düşərgəsi” layihəsində danışılan hadisələr ibtidai insanin mamont ovlamasına bənzəyir... Nəhayət ki, insan insana qarşı o ibtidai hisslərini itirməlidir... 

- Uzun illər rəhbərlik etdiyiniz saytın manşetində Qarabağ müharibəsinin tarixindən bəhs edən müxtəlif layihələrə, yazılara yer vermisiniz və buna görə də ittiham olunmusunuz ki, “yenidən yada salırsınız”...

- Çünki müharibəni unutsaq, o geri qayıdacaq... Lent.az saytı bağlananda on gündən çox ancaq Qarabağla bağlı hazırlanan layihələrin, yazıların təlaşına düşmüşdüm ki, necə olacaq? Axı o layihələr bir tarixi epopeya səviyyəsində idi...

İkimiz də susuruq... Nə keçmişdən danışırıq, nə də gələcəkdən... Heç özümüz də bilmirik niyə son haqqında danışırıq, ölümdən:

- Ölümünüzdən sonra bir cümlə yazmaq imkanınız olsaydı, nə yazardınız?

- Davam edin... Mən heç nəyi şişirdilmiş formada yaşamıram. Düşünürəm ki, nə baş versə də insan qaldığı yerdən davam edir... Hər şey üçün nəticə gözləmək, məsələlərə dar yanaşmaqdır... Dünya “mən və mənim balalarım”dan ibarət deyil. Belə düşünmək olmaz. Qaranquşlar, sərçələr, yuvada balasını gizlədən pələnglər və ayılar belə düşünürlər, insan fərqli olmalıdır...

- Jurnalist hansı suala cavab almamış müsahibə aldığı məkanı tərk etməməlidir?

- (Gülür) Açıq deyim ki, mən müsahibə janrının ustası deyiləm. İndi müsahibə janrının anlamını və təcrübəsini bilən bir şəxsə müsahibə verirəm və ona görə də arxayınlıqla deyirəm ki, elə bir sual varsa tez verin, çünki acından ölürəm, yemək sifariş edək... (Gülür)

Vüsalə Məmmədova
Fotolar Ramil Zeynalovundur