Sakinlərlə şirkət arasında qarşıdurma yarandı - Video

sakinlerle-sirket-arasinda-qarsidurma-yarandi
Oxunma sayı: 1828

Abşeron rayonu Masazır qəsəbəsində yerləşən "Yeni Bakı" Yaşayış Kompleksinin sakinləri yenə də "İlin Dörd Fəsli" (İDF) MMC-dən şikayətçidir. Sakinlərin bu dəfə “Qafqazinfo”ya müraciət etmələrinin səbəbi isə kompleksin komendantı Ehtiram Yusifovla aralarında yaranan problemlərdir.

Sakinlərin sözlərinə görə, komendant və mühafizə xidmətinin əməkdaşları ilə dəfələrlə qarşı-qarşıya gəldikləri üçün son nəticə olaraq əllərindəki sübutlarla polisə müraciət ediblər. Ancaq cinayət işi komendanta yox, sakinlərə açılıb. Haqqında cinayət işi açılan sakinlərdən biri də Səməd Səmədovdur:

“2013-cü ildən “Yeni Bakı” yaşayış kompleksində mənzil almışıq. Mənzilimizə köçən gündən müxtəlif çətinliklərlə qarşılaşırıq. Bunlardan bir qismi mediada yayımlanıb. Bu dəfə də komendant Ehtiram Yusifovun etdiyi özbaşınalıqlar bizi lap çilədən çıxardığı üçün sizə üz tutmaq qərarına gəldik.

Bizdən qanunsuz olaraq pul yığılır. Pul vermədiyimiz təqdirdə isə işığımız kəsilərək cəzalandırılırıq. Özü də kabelləri elə edirlər ki, kimsə yandırmaq istəsə, partlayış olsun. Son olaraq elə Azad Vəliyevin işığını kəsmişdilər. Biz açmağa gedəndə mühafizəçilər üstümüzə gəldi. Biz blokun qapısını bağlayıb birtəhər dözdük. Sınıq pəncərədən qapını açmağa çalışırdılar. Əllərimiz onların cırmaq izləriydi. Biz 102-ə zəng vurduğumuz zaman şər atmaq üçün başladılar öz əllərini şüşələrə sürtüb kəsməyə. Həmin hadisəni videoya da çəkmişik. Polis gəldi, biz şikayətimizi etdik. Komendant polisə belə məhəl qoymadı. Sabahı ərizəmizi yazdıq. Dedilər ki, Ehtiram Yusifovla bağlı xeyli şikayət var, həll olunacaq. 

10 gün əvvəl bizi yenidən bölməyə çağırdılar. Müstəntiq Əsgər Kazımov bildirdi ki, cinayət işi onlara yox, bizə açılıb. Güya biz 3 nəfər həmin qoluzorlu mühafizəçiləri döymüşük. Tikinti şirkəti öz əlaqələrindən istifadə edərək məsələni öz xeyrinə həll etməyə çalışır. Ona görə də biz məsələnin Abşeron rayon Polis İdarəsindən alınıb birbaşa DİN-in nəzarətində ədalətli şəkildə baxılmasını xahiş edirik”.

Şikayətçilər bildirib ki, komendantla aralarında yaranan anlaşılmazlıqlarla bağlı dəfələrlə MMC-nin icraçı direktoru Elnur Hüseynova müraciət etsələr də, indiyə kimi hər hansı bir cavab ala bilməyiblər:

“Şəhərcik 13 hektar ərazidən ibarətdir və  57 binada 3000 mənzil var. Sadaladığımız situasiyalarla tez-tez qarşılaşanlar olsa da, şirkət rəhbərləri indiyə kimi bir dəfə də olsun bizimlə maraqlanmayıb. Yığılan pullar Azərişıq ASC-yə ödənmədiyindən hazırda 202 min manat məbləğində borc yaranıb. Bizdən sayğaclar adı altında 700-800 manat pul yığılsa da, hələ də sayğaclarımız qoyulmur, mənzillərimizə çıxarış verilmir. 

Qanunsuz sığorta pulları yığılır, halbuki 1 və 2-ci həyətin sakinlərindən də 3 il əvvəl sığorta adı altında pullar yığılıb ki, guya mənzillərə çıxarış veriləcək, lakin sığortanın müddəti bitib və hələ də çıxarış deyə bir şey yoxdur. Abşeron rayon İcra hakimiyyətindən deyirlər ki, komendantla bacara bilmirlər”. 

Azad Vəliyevin sözlərinə görə, gərəksiz xərcləri aradan qaldırmaq üçün sakinlər İctimai Birlik yaratsalar da, şirkət tərəfindən onların fəaliyyətinə mane olunur:

2013-cü ildə Mənzil Məcəlləsinə edilmiş dəyişikliyə əsasən çoxmənzilli binalarda sakinlərin idarəetməni öz əllərinə alması ilə bağlı hüquqlar verilib. Biz də həmin qaydalara əsasən 2016-cı ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş Abşeron-1 mənzil mülkiyyətçiləri cəmiyyətini təsis etdik. Şəhadətnaməyə əsasən hazırda yalnız bir binayla məhdudlaşır. Bu yolla biz özümüzün müstəqil idarəetməmizi formalaşdırırıq, MTK-dan ayrılırıq, kommunal xidmətlər aşağı olur. Bu sadaladıqlarımla MTK razılaşmadı və bizi dəfələrlə məhkəməyə verdi. Hüquq müstəvisində biz qazandığımız təqdirdə sonradan belə yollara əl atmağa başladı”. 

Məsələ ilə bağlı "Yeni Bakı" Yaşayış Kompleksinin komentantı Ehtiram Yusifovla əlaqə saxladıq. 

“Mənim 50 yaşım var. Uzun illərdir ki, istehsalatdayam. Əgər şikayətçi Azad 3C 48-də yaşayandırsa, o bizə ciddi problem yaşatdi. Bir ilə yaxın işıq pulu vermədiyi üçün 470 manatdan çox borcu var idi. Nazirlər Kabinetinin qərarına əsasən pulun vaxtında ödənilmədiyi təqdirdə elektrik enerjisinə məhdudiyyətin qoyyulması qanunsuz bir şey deyil. Biz ona 1 il güzəşt etdik, sonra işığı kəsdik. O da bizə ərizə verdi, ərizəni də təqdim edə bilərəm. Ərizədə bizdən hər ay 50 manat ödəməklə borcunun silinməsini xahiş etdi, biz də razı olduq. Şirkət “Azərişıq” ASC-ə olan borcu bağlayıb. Şirkətin 202 min borcunun olması da tamamilə yanlışdır. Sərf olunan elektrik enerjisinin aybaay olaraq vaxtında ödənilir. Məsələn, artıq 7-ci ayın borcu bağlanılıb.

Digər şikayətçi Səməd Səmədovu da yaxşı tanıyıram, həkimdir. Ancaq onunla hər hansı bir problemimiz olmayıb”. 

Günel Hacı