Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin hamsı evə buraxılıb - Yenilənib

salyanda-mektebde-tustuden-zeherlenenlerin-hamsi-eve-buraxilib
Oxunma sayı: 1075

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kənd orta məktəbində baş verib.

İlkin məlumata görə, 10 şagird və 2 əməkdaşın məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şirvan-Salyan Regional Təhsil İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub: “Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər.

Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib.

Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır”.

***

Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəstəxananın Təcili tibbi yardım şöbəsinə bu gün saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın, 4 nəfər kişi) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub: “Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir”.

***

Salyan RMX-dən qeyd edilib ki, xəstəxananın Təcili tibbi yardım şöbəsinə 20 nəfər (15 nəfər qadın cinsi, 5 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub: “Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 11 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 9 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir”.

***

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbdə baş verən hadisə MÜTDA-nın və Şirvan-Salyan Regional Təhsil İdarəsinin ciddi nəzarətindədir:

“Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir.

Bildiririk ki, hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır”.