Samaqon muzeyi, Yekaterina və kef -damaq... - Reportaj

samaqon-muzeyi-yekaterina-ve-kef-damaq
Oxunma sayı: 4849

“Qafqazinfo” yazar Fərid Hüseynin Tatarıstanın paytaxtı Kazanda “Samoqon” muzeyindən hazırladığı reportajı təqdim edir:

Məxmuri-cami-eşqəm, saqi, gətir şərabi

Əl tut qədəhlə, çoxdur əl tutmağın səvabi.

Mey: kiminsə haram bildiyi, kiminsə özünə halaldan halal hesab elədiyi nemət... Çox şairlər mey haqqında ilhamlı şeirlər, şərabı öyən misralar qələmə alıblar, ancaq nə yamanlamaqla, nə də öyməklə meyi – bu “huş oğrusu”nu insanın gündəlik həyatından çıxarmaq, uzaqlaşdırmaq mümkün olmayıb. Hətta içkinin qadağan edildiyi ayrı-ayrı zamanlarda və ya insanların tamarzı qoyulduğu ölkələrdə bu neməti arzulayanlar hər şeyi gözə alıb “boğazlarını yaşlamağa” fürsət tapırlar... 

İçkini öyənlər də, söyənlər də həmişə olub: Şekspir yazıb: “Ey içki, əgər sənin adın yoxdursa, gəl sənə “İblis” adını qoyum”. Georgi Herbert deyib: “İçki “ağzın qapısı”ndan girəndə, ağıl “beynin qapısı”ndan çıxır”. Misal gətirdiklərim içki içənləri bəlkə də yaralayan, könlünü qanadan fikirlərdi. Kim bilir, bəlkə də, bu sitatları daha çox dilinə spirt dəyməyənlər şüara çevirirlər ki, şərab nuş edənləri bu “zəhirmar”dan aralanmağa sövq etsinlər... 

Fəqət, ədəbiyyat tarixində içkiləri tərifləyən, mey haqqında həqiqətləri ifadə edən saysız misralar da var.  Onlardan da bəs qədər misallar çəkmək olar. Hətta meyin ilahi nemət olması, insanı Tanrıya qovuşduran rəmzi mənası haqqında da az-çox danışılıb, yazılıb. Amma bütün bu öymələrdən, yamanlamalardan aralıda bir xüsusi fikir də dayanır ki, nədənsə zaman-zaman içkidən söz düşəndə qeyri-ixtiyari o sözləri xatırlayıram. Türkiyənin tanınmış həcv şairi, içki ilə də arası bəs qədər saz olan Neyzen Tevfik ona çox “vurduğuna” görə irad tutanlara deyirmiş: “Allah bu şərabı qarşıma qoyanda içəcəyimi bilirdi”. Kimsə bu fikrə qarşı çıxıb “şərab elə nəfsi imtahan üçün bir vasitədir” deyə bilər, hər halda, bu kontekstdə, indiki halda fikrin siftə mənasından da uzaqlaşmamağın tərəfdarıyam...

Muzey

Tatarıstanın paytaxtı Kazanda “Samoqon” muzeyi açılıb, buranın mühiti, ab-havası insana olduqca xoş təsir bağışlayır. Muzeyin qapısı önündə bir oğlan dayanır və səsinin gur yerinə salıb yoldan ötənləri muzeyi ziyarət eləməyə səsləyir. “Zalım”ın boğazını elə bil iskənə ilə deşiblər... Həmin oğlan qapının ağzında bizə – Tatarıstan Yazıçılar Birliyin sədr müavini Ramis Aymətə və mənə – kupon uzadır və deyir ki, içəridə bilet alanda bu kuponlara görə sizə hədiyyə veriləcək. Biletləri alıb içəri daxil oluruq. İçəri girən kimi kübarca ədalarımı unudub verilən hədiyyələrə baxıram: “Samoqon” muzeyi ilə bağlı “kağız maqnit”. “Yoxa lənət” deyib, nəm-nüm eləmədən muzeyi gəzməyə başlayırıq. Muzeydə başqa ziyarətçilər də var və gid onlara içki qablarının tarixçəsini danışır: “Taxtadan hazırlanmış içki qabları baha idi. Gil qablarsa tez sınırdı və onları yenidən bərpa etmək olmurdu. Ona görə də qurudulmuş balqabaqdan içki qabları düzəldirdilər”. 

Xaça qədər

Gidin sinəsi sanki xəzinədir, dayanmadan danışır, bir də onda fərqinə varıram ki, mən və dostum Ramis Aymətdən başqa ətrafda heç kəs yoxdur, gid də ancaq “qızılı bizim üçün xırdalayır”. O danışır, bizim bu xüsusda “cəhalətimiz azalır...” 

Muzeydə qədim çörək şərabı, onun hazırlanması ilə bağlı çoxlu eksponatlar var: 60 qradus olan bu içkiləri hər “mən bunun içəniyəm” deyib döşünə döyən adam dada bilmirmiş. Bu içkilərdən biri “çörək şərabı” adlandırılsa da, buğdadan hazırlanırmış. İvan Qroznı bir vaxtlar içkinin yeməklə verilməsini qadağan edəndə, ruslar naəlac qalıb bu araqları “zakuska”sız içirlərmiş. Beləcə, zamanla ruslar bu “dərmana” o qədər öyrəşiblər ki, belə içki verilən yerlərdən axırıncı qəpiklərinə qədər xərcləməmiş getmirlərmiş. Çox kişilərin cibinin bərəkəti belə yerlərdə havaya sovrulurmuş. Olan-qalanını “vurmağa” verən, qiymətli əşyalarını içkiyə dəyişən ağıldanseyrəklər də az olmayıb. O vaxt (XVIII, XVIII, XIX əsrlər) içki ilə dəyişdirilə bilən ən qiymətli əşya xaç sayılırmış. Xaçın əvəzinə daha çox içki almaq, daha çox kef görmək olurmuş. Əşyalarını içkiyə dəyişənlər səhər ayılanda təzədən üz tuturlarmış axşam yeyib-içdikləri meyxanalara və başlayırmışlar dünən verdiklərini geri qaytarmaq üçün höcətləşməyə. Ancaq itirdiyini geri qaytarmaq elə də asan başa gələn məsələ deyilmiş, ona görə də vaxt-bivaxt, belə yerlərdə mübahisə edənlərin birinin sözü o birinin boğazından keçməz və nəticədə qan su yerinə axarmış, bəxti kəc gətirənlər bəzən kiminsə əlində qalarmış. O zamandan bu xaç məsələsi ilə bağlı ruslar arasında zərb-məsəl də yaranıb. Həmin yadigar fikri bu gün də səhərəcən uzanan məclislərdə insanlara müdrik bir kəlam kimi xatırladırlar: “Xaça qədər içmək”. Ümumiyyətlə, xaçı itirmək, onu nə iləsə dəyişmək xristian dünyasında böyük rüsvayçılıq, üzüqaralıq sayılır.


Qiyam

Dünya insan oğlunu həmişə savaşla bəsləyib, ona görə də bəşərin “möhnət divanı”nda mürəkkəbdən çox, qan izləri var. Sanki hansısa gözügötürməz qüvvə sağlam, salamat, dinc yaşamağın feyzini, ləzzətini Adəm oğlundan əsirgəyib ki, insanın həyatı zəhərə dönsün. Bu qan-qadalı günlərə içki də səbəb olub; insan övladı içkiyə görə də silaha “qurşanıb”: 1648-ci ildə vergilər yüksək, çörək şərabının qiyməti baha olduğundan Rusiyada İçki Qiyamı qalxıb. Üsyan çar Aleksey Mixailoviçin ordusu tərəfindən amansızlıqla yatırılıb, xeyli insan həyatını itirib, nə qədər adam içkinin zavalına gəlib. Qiyamdan sonra meyxanalarda artıq çörək arağını yeməklə verməyə başlayıblar. Kazan meyxanalarında içki ilə daha çox ətli yeməklər verilirmiş və yemək gətiriləndən sonra isə qahaqulu, hırraxana məclislər bir az da uzanırmış. Ancaq “dövlət baba” öz bildiyini yeritməkdən də qalmırmış və Rusiyada arpadan hazırlanan araqların istehsalı hər keçən gün məhdudlaşdırılırmış.

Kəndlilər

“Bircə ölümə çarə yoxdur” deyirlər, yerdə qalan hansı iş axsayırsa, insan bir çarə fikirləşib tapır və özünü düşdüyü çətinlik burulğanından, müşküllük buxovundan çıxarıb gec-tez arzusuna çatır. Rusiya hər nə qədər soyuq ölkə olsa da, insanların üzündən daim Günəş həsrəti oxunsa da, burada həmişə soyuq içkilərə meyl olub. Çünki içki nə qədər soyuqdursa, deməli, bir o qədər təşnəsöndürən, ürəksərinlədəndir. 

Yay aylarında hələ soyuducunun olmadığı, yemək-içməyin torpaqda, soyuq yerdə, dalda otaqlarda saxlandığı çağlarda kəndlilər araqları çaylarda düzəltdikləri xüsusi yerlərdə soyudar, qışda isə qara basdırarlarmış. 

Alkoqol satmağın qadağan olduğu vaxtlarda ucqar mehmanxanalar içki içmək üçün yeganə ünvan idi. Kəndlilər hazırladıqları cecə arağını ara küçələrdə, yaxud yol ayrıclarında əlaltından satırmışlar ki, səfər adamlarından pul qazana bilsinlər. Bu yolla qazandıqları pullarla onlar gündəlik dolanışıqlarını təmin edir, başlarını girləyirlərmiş. Uzaq səfərlərə çıxanlar üçün soyuğa dözümlülüyü artırmağın bir yolu da yaxşıca “vurmaq” və “kəmərin altını bərkitmək”dən keçirmiş. Beləcə, həmin xəlvət araqsatanlar özlərinə dam kimi bir yer qaraldıb yavaş-yavaş meyxanaçılara çevrilirdilər. Yolu buralardan düşən tacirlər, mehmanxanaların şəhərlərdə – uzaqda olduğunu düşünən ayrı-ayrı adamlar bu araqlardan nuş etməli olurdular. Ukraynada, Belarusda belə kiçik meyxanalara "Korçma" deyirlərmiş. 

Çar otağı

Vaxt-bivaxt, hökmdarlarla, şahlarla, rəhbərlərlə bağlı bir ifadə ürəyimdə hərlənir, fikrimi işğal edir: “filan şahın dövründə”, “filan hökmdarın vaxtında” və s. Bu ifadələr ilk baxışdan sadə görünür, sual doğurmur, eşidəndə elə bilirsən ki, söhbət hansısa hökmdarın, şahın, çarın hakimiyyətdə olduğu, qılıncının dalı-qabağı kəsən illərdən gedir. Fəqət o “filankəsin vaxtı” “filan hökmdarın dövrü” ifadələrinin dərin qatında onların vaxta müdaxilələri, zamanı istədikləri səmtə çəkməkləri, hökmləri ilə tarixi dəyişmələri dayanır. Bu ifadələrlə hökmdarlar həm də “vaxtın yiyəsi”, “sahib-i-zaman” kimi təqdim olunurlar. “I Pyotrun dövründə...”

Muzeyin göz oxşayan, zövq aşılayan yerlərindən biri də Çar otağıdır. I Pyotr fransız mədəniyyətindən təsirlənərək öz ətrafında aristokrat ordusu yaradıbmış. Çarın sayılıb-seçilən, hörmət minbərindən xitab edən adamlara – çoxları kimi – marağı böyük imiş və onlarla vaxt keçirməkdən böyük həzz alırmış. Bu qrupda təmsil olunanlara xüsusi məclislərdə ayrıca çörək şərabı və cürbəcür ləzzətli araqlar paylanarmış. O dövrün məclislərindən günümüzə yadigar qalan əşyalardan biri də “cərimə qədəhi”dir. Məclisə gec gələnləri, qonaqların gözünü yolda qoyanları cəzalandırmaq üçün iri qədəhə araq süzüb gecikmiş qonağa ikram edərlərmiş. Hansısa səbəbdən məclisə gecikən şəxs zor-xoş o “cərimə qədəhi”ni sonacan və birnəfəsə nuş etməli imiş. Özü də bu cəza tərəf tanımazmış: həm qadınlar, həm də kişilərə şamil edilərmiş və birmənalı olaraq bu məsələdə çar lap gözünün işığına qarşı da güzəştsiz imiş. Eyni zamanda onu da deyək ki, xaraktercə, verdiyi qərarları ilə tarixin yaddaşına ziddiyyətli şəxsiyyət kimi hopmuş I Pyotrun çox içən adamlardan zəhləsi gedərmiş, belələrini görməyə gözü yox imiş. 

Ümumiyyətlə isə, Çar içki düşkünləri ilə mübarizə aparmaq, onların dizini yerə gətirmək üçün çox tədbirlər tökübmüş. Belə qabaqlayıcı tədbirlərdən biri də həddən artıq içənin boynuna medal asılması ilə bağlı imiş. O, 1714-cü ildə qanun imzalayır ki, çox içən adamların boynundan medal asılsın və deyilənə görə, ən böyük, ən ağır medalın çəkisi də 7 kq imiş. Ancaq tarixin əksər mərhələlərində olduğu kimi bu qanunun da ağırlığı altında əzilənlər çox vaxt elə kasıb-kusub, kimsəsiz, “əlsiz-ayaqsızlar” idi. Yıxılanacan içən aristokratlar pul basıb, yaxud adam tapıb ağır medallar taxmaqdan, rüsvaylıqdan canlarını qurtara bilirmişlər, ancaq əlini həmişə boş cibinə salan, fağır, zəlil günündə yaşayan, bircə boğazını yaşlayanda həyat balaca üzlərinə gülən kasıb kəndlilərə isə bu əmrə boyun əyməkdən, ayaq uydurmaqdan başqa çarə qalmırmış. Nəticədə “medallı biabırçılar” daha çox kasıblar arasından “seçilirmiş...”

Yekaterinanın vaxtı

Yekaterinanın hakimiyyət illərində isə içki sarıdan zəmanənin üzü yaxşılığa doğru dəyişib. O, zadəganlar üçün hər cür şərait, gen-bol imkan yaradıbmış. O illərdə əli-qolu açılan, imkanları genişlənən, ballar təşkil edən, şəxsi teatrlar açan zadəganlar Allahın hər verən gününü kef-damaqda keçirirmişlər. Həmin dönəm cecə araqları hazırlanmasında çiçəklənmə dövrü kimi tarixdə qalıb. Hərə həyətində bir aparat düzəldib araq çəkirmiş. Arağın hazırlanma prosesində ən yaxşı, dəymiş, sulu meyvələr, təravətli ədvalardan istifadə olunur, hətta bəzi zadəganlar çatışmayan şeyləri uzaq xarici ölkələrdən sifariş edirlərmiş. Ancaq onu da demək lazımdır ki, Rusiyada heç vaxt insanlar həmin dövrdəki qədər təmiz, keyfiyyətli araqlar içməyiblər. Hətta bəzi pulunu xərcləməyə yer tapmayan, əli yaxşı gətirən aristokratlar xüsusi içki reseptləri hazırlamaq üçün məşhur kimyaçıları malikanələrinə dəvət edərlərmiş. Özü də o reseptlər ailə sirri sayılarmış və həmin içkilərin reseptlərini ailə üzvləri heç kəsə deməz, yalnız özləri üçün “ələdüşməz nemət”lər hazırlayarmışlar. 

Hətta bir sıra zadəganlar kasıb insanların içdiyi araqlardan içməmək üçün, həm də seçilmək naminə xüsusi araqlar hazırlatdırarlarmış. Həmin məxsusi reseptlər bu gün də içki hazırlayanlar üçün sirli qalır, hətta ayrı-ayrı mənbələri araşdırıb onları əldə etməyə çalışırlar. 

İçki şüşələri

Muzeydə diqqətimi çəkən əşyalardan biri də o dövrün içki şüşələri oldu. Həmin dövrlərdə (XVII–XIX əsrlər) şüşə o qədər də asan tapılan bir şey deyilmiş. Hər ailə imkan edib şüşə ala bilmirmiş və o çağın insanları şüşədə araq içənlərə qibtə ilə baxırlarmış. Zadəganlar, imkanlı adamlar hazırlatdırdıqları şüşələrin üstünə xüsusi nişan döydürürmüşlər ki, başqaları, onun saxtasını, oxşarını hazırlatdıra bilməsinlər. Belə şüşələrdəki araqları zadəganlar öz ailələri, əziz qonaqları və əlbəttə ki, hakim təbəqəyə hədiyyə etmək üçün hazırlatdırırdılar. 

Deyilənlərə görə, Yekaterina sarayda araq hazırlama prosesinə şəxsən özü nəzarət edər, bu “məsuliyyətli işi” heç kəsə etibar etməzmiş. Tarixi mənbələrə görə, hər il Yekaterinanın sarayında bir neçə min litr araq hazırlanarmış. Rəhbər çalışarmış ki, araqlar çox keyfiyyətli olsun, içənləri haldan salmasın, baş ağrısı verməsin. Yekaterina da I Pyotr kimi çox içən deyilmiş, səxavət kisəsinin ağzı həmişə açıq olan rəhbər, bu araqların çoxunu müxtəlif vəzifəli adamlara, xüsusən xarici səfirlərə hədiyyə edirmiş. Sarayda bu cür araqları hazırlayan peşəkar qrup da formalaşıbmış.

Həmin dönəmdə Rusiyada adı dillərə düşmüş üç növ araq olub: Yusupov, Kurakin və Dmitiri araqları. Ali məclisləri məhz bu araqlar bəzəyərmiş, o dövrün qiymətləri ilə tutuşduranda, o qədər də ucuz olmayan bu içkiləri almağa hər adamın pulu yetməzmiş.

O vaxtlar xalq arasındasa cirə arağı çox məşhurmuş. Cirə arağının resepti çoxlarına bəlli imiş. Rusiyada indi də belə araqlar hazırlanır. Bu araq növü hazırda müxtəlif ölkələrdə, xüsusən Balkan yarımadasındakı xalqlar tərəfindən çox sevilir.

Para, para, para...

Muzeydə müxtəlif sikkələr, markalar, əsginaslar da var, onlar şüşə şkaflarda saxlanılır. Bu eksponatlar içki almağın, arağa pul xərcləməyin, cibin bərəkətini boğaz yaşlamağa sovurmağın simvolu kimi diqqət çəksə də, hər halda, keçmişlə günümüzü bağlayan tarixi əşyalar kimi də maraq doğurur. Kağız pullar müxtəlif əsrlərə aiddir, çoxunun da üstünə şəffaf üzlük çəkilib ki, ziyarətçilər əlinə götürüb baxanda əzməsinlər. Muzeydə Pyotrun, Yekaterinanın dövründən qalma, habelə SSRİ zamanında dövriyyədə olmuş pullar da nümayiş etdirilir. O vaxtın pullarından biri də “Pyotr sikkələri”dir.  Gid xanım tarixə gözəl bələd olduğundan, heç bir əşya haqqında ötəri, başdansovdu yanaşmır. O, nağıl eləyir ki, bu sikkələrə xalq arasında “Oğru sikkələri” deyərmişlər, sikkələrin bu adla məşhurlaşması isə bihudə deyil. Deməli, aristokratlar gecədən sübh çağınacan “çörək arağı”ndan, cürbəcür içkilərdən gillədəndən sonra möhkəm dəmləşir, aralarında özündən gedən, başı gicəllənən, qaytaran, stulda mürgüləyən, yatanlar da az olmurmuş. Mədələri tutana, halları qarışana qədər “vurandan” sonra oğrular onların yanını kəsdirib ciblərindən sikkələri bala-bala çırpışdırarmışlar. Sərxoşlar gedib evlərinə çatanda, əksərən isə səhər açılanda ciblərində siçanlar oynadığını – soyulduqlarını anlayıb üz tutarmışlar axşam şərab içdikləri yerlərə ki, ötən günün haqq-hesabını çəksinlər.  Fəqət “it də getdi, ip də” sərxoşların qaçılmaz aqibəti idi deyə, uzun çək-çevirdən sonra əl-ayağa düşməklərinin əbəsliyini anlayıb əlləri ətəklərindən uzun qayıdarmışlar evlərinə. Necə deyərlər, oğrudan Allah heç verdiyi canı ala bilmir...

Dərman 

Muzeydə çoxlu mis sikkələr görürük, onlar XVII, XVIII, XIX əsrlərin yadigarlarıdır. Mis sikkələr yalnız içkiyə xərcləndiyinə görə deyil, başqa bir səbəbdən də bu muzeylə, keçən əsrlərin tarixi ilə bağlı eksponatlardır. Ötən əsrlərdə mis sikkələr həm də “məlhəm” kimi istifadə edilirmiş. Deməli, şıdırğı məclislərdə, “vurhavur vaxtı” təbii ki, içənlərdən birinin dediyi o birinin boğazından asanca keçməzmiş, nəticədə bir-birinə söz atan, bir-birini sancan adamlar axırda əlbəyaxa olarmışlar. Yumruq-təpik davaları qızışanda, burnun qanı ağızınkına qarışanda kimsə-kimsəni tanımazmış: stolu çevirən kim, qab-qacaq qıran kim, içki yeşiklərini aşıran kim... Bir sözlə, it yiyəsini tanımadığı belə qovğalı axşamlarda al qanına boyananlar, çırpılanlar əzilmiş, göyərmiş yerlərinə iki qəpiklik mis “Pyotr sikkələri”ndən qoyarmışlar ki, həmin yer daha tez sağalsın. 

Kazaklar

Muzeyi gəzdikcə şkaflarda, yeşiklərdə, stolların üzərinə qoyulmuş içki şüşələri diqqətimi çəkir. Boş şüşələrin ifadə etdiyi kədər isə adamın ürəyini bir ayrı cür sıyırır – insanın xəyallarını bələd olmadığı, təsəvvüründə canlandırdığı keçmiş işğal edir. Tarixin əli toxunmuş heç nə ifadəsiz, yekməna deyil. Gördüklərimdən gəldiyim qənaət budur ki, qədim şüşələr olduqca möhkəm imiş, başından qaldırıb yerə bərk çırpmasan, hələm-hələm sınmazmışlar. Həm də şüşələr birdəfəlik istifadə üçün nəzərə tutulmadığından, möhkəm düzəldilirmiş. Burada “Smirnovka”, "Şustovskaya vodka" şüşələri görkəminə görə digərlərindən seçilirlər. Araq düzəltmək məsələsində kazakların da adları bu işin ustaları cərgəsində çəkilir. Sadəcə, kazakların düzəltdiyi qədəhlərin ölçüsü başqa xalqların hazırladıqlarına baxanda daha kiçik imiş və məclis əhli belə balaca qədəhdə içməyi zülm hesab edirmiş. Ancaq bu qədəhlə də çox içmək mümkünmüş – təki şüşələr dolu olaydı... 

Hökumətlə hökumətlik etmək...

Sovet hökumətinin qurulduğu ilk illərdə, siyasi rejimin qan-qan dediyi çağlarda insanların vəziyyəti son dərəcədə ağır imiş. Rahat, doyunca içmək, könlünü açmaq hər adama nəsib olmurmuş. Kəndlilərin vəziyyəti isə lap ağır imiş, çünki onların yığdıqları sərvətlər, məhsullar əllərindən alınıb hökumətə bağışlanırmış. Fəqir kəndlilər məhsullarını heç yanda gizlədə bilmirmiş, çünki yerin deşiyindən də olsa kəndlilərin əllərindəkini məmurlar axtarıb-arayıb tapırmış. Dövlətdən nəsə gizlətməyin cəzası isə çox ağır imiş – bu cür iş görənləri əliəyri, oğru sayır, bəzən məhkəməsiz-filan tutulduğu yerdəcə güllələyirmişlər. Ona görə də kəndlilər məhsullarını çuvala yığıb gizlətməkdənsə, ondan araq çəkməyi üstün tuturmuşlar. Həm də məhsulları gizlətmək, yaxud orda-burda çürütməkdənsə onları çəkib araq kimi satmaq daha ağıllı variant, tədbirli üsul imiş. Həmin illərdə arağın qiyməti kəllə-çarxa qalxıbmış, içki od qiymətinə imiş. Çünki camaat əlində olan içkini belə, arxayınca sata bilmir, insanlar Sovet hökumətinin divan-məhkəməsindən çəkinirmişlər. Ancaq yoxa lənət, hər halda kəndlilərin satdıqları içkilərin gəliri paltar, ərzaq almağa çatır, onlar çətin, qorxulu, illərdə bu zəhrimarın hesabına birtəhər dolana bilirlərmiş. 

20–30-cu illər 

XX əsrin əvvəllərində zamanla bahəm insanların güzəranı, yaşayışı da günbəgün dəyişirdi, başqalaşırdı. Dəyişən, yenilənən həyatın isə öz diktəli, danışıqsız qəbul edilən qanunları vardı, ancaq bununla yanaşı ötən əsrlərə nisbətdə vaxtın özündə də bir nəfəsgenliyi, asudəlik hiss olunurdu. Hələ yeni hökumət hər yerdə dayaqlarını arzuladığı səviyyədə möhkəmlətməmişdi və bu da insanların yaşayışının, gündəlik həyatının hər üzündə, hər yönündə özünü göstərirdi. Şəhərlərdəki restoranlar, aşxanalar, meyxanalar gün-gündən artırdı. O dövrdə musiqili şüşələrdə, qrafinlərdə araq saxlamaq da bir dəbə çevrilibmiş. Məclisdə qrafin qaldırılan kimi o saat başlayırdı musiqi səslənməyə. Hansı masada çox musiqi səslənsə, bəlli olurmuş ki, orda daha çox araq içilir. Aşxananın, restoranın yiyəsi də hərdən-hərdən o masalara yaxınlaşarmış ki, məclis əhli hədd duyğusunu itirməsin, özlərini bir balaca yığışdırsınlar – axı bu günün sabahı da var... 

Bu cür musiqili şüşələr bəzi evlərdə də varmış. Kimsə evdə hamı yatandan sonra araq içirdisə, qrafindən, şüşədən eşidilən musiqi digər otaqlarda yatanların şirin yuxusuna haram qatırmış. Eyni zamanda bu musiqili şüşələr sayəsində evdə heç kəs bir-birindən xəbərsiz içə bilmirmiş.

Muzeydə Yeseninin də şəklini görürük, ziyarətçilərə həmin bölmədə Yeseninin içki iştahası, yeyib-içmək həvəsi "yenə də burada içib, dalaşır, ağlayırlar..."çisrasının   tarixçəsi barədə məlumat verirlər.

Müharibə illəri

Muzeydə İkinci Dünya müharibəsini simvolizə edən maraqlı eksponatlar da az deyil. 1941–45-ci illərin amansız günlərində içki həm ön cəbhədə vuruşan, can qoyanların içini, “ruhunu” qızışdırır, həm də arxa cəbhədə ürəklərə bir toxtaqlıq, aram gətirmiş. Stalinin əsgərlər üçün ayırdığı "Narkomov yüzqramlıqları" da o dövrdən qalan yadigarlardandır. Müharibədən sonrakı illərdə isə Stalinin də “üzü dəyişib” və o, alkoqolizmlə mübarizəni gücləndirmək üçün müxtəlif yollara əl atıbmış...

Xruşovun dövrü

Bu elə bir dövr imiş ki, sakitlik, dinclik, rahatlıq əvvəlki illərlə müqayisədə gün-gündən artırmış, spirtli içkilərin satışında da bir maneə yox imiş, “Stoliçnaya” arağı demək olar hər yanda tapılırmış. O vaxtı bu arağın qiyməti 3 rubla imiş. 3-4 nəfər əllərini səxavət kisələrinə salıb atışanda, hərədə ən azı artıq bir manat tapılır və o pullar içki ilə bərabər məzəyə də bəs edirmiş... 

Qorbaçovun zamanında

İçki hazırlanma texnologiyasında bu dövrdə daha böyük imkanlar yaranıbmış,  amma təəssüf ki, Qorbaçovun vaxtında üzümlüklər dağıdıldı, əkən, başa gətirənlərin üzərində nəzarət olmadığına görə, tənəklər qurudu. O dönəmdə 10 il sonranın da içkilərini düzəltməyə hazır, otaqları etiketlərlə ləbaləb olan şərab zavodlarının qapısına qıfıl vuruldu...

Ümumi ab-hava

Bu muzey Rusiyanın, Tatarıstanın mədəniyyəti, tarixi üçün olduqca böyük əhəmiyyətə malikdir. 3-4 arakəsmə keçidləri ilə bir-birinə “bağlanan” və tarixin ayrı-ayrı dövrlərini əks etdirən bu muzeydə güman ki, çox şey keçmişdəkinin əsli, eynisi deyil, fəqət onların vasitəsi ilə də ötən əsrlərə səyahət etmək olur. Xüsusən araq çəkmək üçün cihazlar, çörək kürələri, ötən üç əsrə aid silahlar, məişət əşyaları, geyimlər, bakallar, yəhərlər, qrammafonlar, vallar, stol-stullar, içki yeşikləri, araq markaları nümunələri, saralmış fotolar, dövrəsi oraq və çəkiclə “haşiyələnmiş” Lenin heykəli, gecə lampaları, içki yığılan qutular, telefon və s. ilə ötən əsrlərin nəfəsini duymaq, təsəvvüründə o çağların sakininə çevrilə bilirsən... 

Elə qapıdan çıxırdıq ki...

Elə qapıdan çıxıb bu gözəl muzeyi tərk etmək istəyirdik ki, birdən gid xanım bizi yolumuzdan elədi. Muzey haqqında aldığım nəşri – Yuri Kuriqlovun “Он самогон” kitabının müəllif tərəfindən imzalanacağı xəbərini verdi. Sən demə, müəllif təsadüfən gəlibmiş, burdaymış. O, bizə kitab barədə məlumat verəndən sonra avtoqraf yazdı, bundan başqa, kitaba bir möhür də vurdu. Sağollaşıb qapıdan çıxırdıq ki, bu dəfə də Yuri Kuriqlov özü bizi çağırdı. Plastmas 25 qramlıqda (xüsusi, qəribə bir qabdır, ağzı açılıb-bağlanır) 75 qraduslu çəkilmə araq arağı ikram elədi. Dediyinə görə, bu nemət muzeyə təşrif buyuran ən əziz-xələf qonaqlara verilir. O qradusda arağın acılığından xəbərdar olan muzeydə çalışan qızlar isə sanki az sonra zəhər içəcəyəmmiş kimi mənə mərhəmətlə baxdılar. Mən isə ikramdan məmnun halda kapron qədəhi başıma çəkdim. Nə gizlədim, ürəyimə bir sərinlik, boğazımasa od-alov yayıldı. Təbii ki, icazəsini alandan sonra muzeydən yadigar kimi içki ikram edilən kapron qədəhi özümlə götürdüm...