Sarkisyan Seçki Məcəlləsinə dəyişiklikləri imzalamadı

Sarkisyan Seçki Məcəlləsinə dəyişiklikləri imzalamadı
Oxunma sayı: 2689

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın komandasının irəli sürdüyü, “reytinq” sistemindən imtina etməyi nəzərdə tutan Seçki Məcəlləsinə dəyişiklikləri imzalamayıb.

Bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Bununla yanaşı, o, qanun layihəsinin Konstitusiyaya uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə də müraciət etməyib.

Qeyd olunur ki, dövlət başçısı Seçki Məcəlləsinə dəyişiklikləri bir sıra partiyaların rəhbərləri, siyasətçilər, MSK nümayəndələri ilə müzakirə edib. Prezident Aparatının araşdırmaları qanunun Konstitusiya baxımından problemli olmadığını göstərib. Eyni zamanda, Prezidentin ona bir sıra prinsipial iradları var. Məsələn, dəyişiklikləri yalnız parlamentin siyasi əksəriyyəti dəstəkləyib.

Venesiya Komissiyasının yanaşmalarına görə, Seçki Məcəlləsinə seçkilərə azı bir il əvvəl qalmış dəyişikliklər edilməlidir. Dəyişikliklər etməzdən əvvəl, bütün maraqlı tərəflərin iştirakı ilə Seçki Məcəlləsinə dəyişikliklərin dərin təhlili və ictimai müzakirəsi üçün vaxt lazımdır.

Dəyişikliklərlə ərazi seçki siyahıları üzrə seçkilərdə iştirak etmək istisna edilir. Prezidentin fikrincə, bu, partiyaların dəqiq proqramı olan oturuşmuş parlament mədəniyyəti olan ölkələrdə səmərəli ola bilər. Prezident ehtiyat edir ki, hazırkı reallıqda bu, partiyaların və onların proqramlarının deyil, bu və ya digər partiya liderlərinin yarışına gətirib çıxaracaq.

“Yuxarıda qeyd olunanları nəzərə alaraq, Prezident qanunu imzalamayacaq, lakin Konstitusiyaya uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə də müraciət etməyəcək”, - Prezidentin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Konstitusiyaya əsasən, əgər Prezident Qanunu imzalamasa, sənəd parlamentə qayıdır və beş gün ərzində spikerin onu imzalamaq hüququ var.

Xatırladaq ki, aprelin 1-də Ermənistan parlamenti ikinci və son oxunuşda “reytinq” sistemindən imtina etməyi nəzərdə tutan Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Bu, o deməkdir ki, seçkilər ancaq partiya siyahısı ilə keçiriləcək.

Martın 18-də Baş nazir Nikol Paşinyan bildirmişdi ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.