“Seçilərəmsə, məvacibimi tərtərlilər üçün fond yaradıb ora yatıracam” - Arzu Mehtiyeva+Fotolar

secileremse-mevacibimi-terterliler-ucun-fond-yaradib-ora-yatiracam
Oxunma sayı: 4548

95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Tibb Universiteti, Şüa Diaqnostikası və Şüa Terapiyası kafedrasının assistenti, Azərbaycan Tibb Universiteti, Tədris Terapevtik Klinikasının həkimi  Arzu Mehtiyeva müsahibə verib.

 “Qafqazinfo” xəbər verir ki, xanım namizəd Milli Məclisdə təmsil olunmaq məqsədlərindən, gələcək hədəflərindən danışıb.

- Necə oldu ki, parlament seçkilərinə qatılmaq qərarı verdiniz?

- Cənab prezident İlham Əliyevin böyük islahatlar dönəminə qədəm qoyduğumuzu deməsindən ilhamlanaraq bu yola çıxdım. Düşündüm ki, artıq mən də ölkə başçımızın yanında yer alaraq xalqa xidmət edə bilərəm. Milli Məclis nə qocalar evi, nə də uşaq bağçası deyil.  Ömrünün 50 ilini halal və düzgün ömür sürərək müəyyən uğurlara imza atmış, əməyi və əzmi ilə cəmiyyətdə nüfuz qazanmış biri kimi xalqımın ictimai-siyasi, iqtisadi həyatında rol oynamaq üçün bu cür qərar verdim. Ehtiyacı olan, çətinliklər görən xalqımın yanında onun səsi olmaq istəyirəm. Zəhmətim və əzmimlə qazandığım təcrübədən yararlanaraq insanların köməyi, dərdlərini lazımı yerlərə çatdırmaq üçün parlamentdə olmaq fikrindəyəm. Əgər bugünə qədər tələbələrimin, xəstələrimin ehtiramını, hörmətini qazana bilmişəmsə, deməli xalqım üçün də hansısa işləri ortaya qoymağı bacararam. Hər zaman, istənilən yerdə vətəndaş mövqeyimi ortaya qoyaraq dövlətimin, dövlətçiliyimizin dəstəkçisi olmuşam. Valideynlərimə olan borcum qədər vətənə də borcum var. Düşüncələrimdə hər zaman xalqını yaşat ki, dövlət yaşasın çağırışı olub. Dövlətimizin varlığı xalqımızın varlığı üzərindədir.  Tərtərlilərin yanında olmaq istəyirəm. Onları çox istəyirəm və kədərimiz, sevincimiz hər zaman birdir, eynidir.

- Milli Məclisdə təmsil olunmaqda əsas hədəfiniz və məqsədiniz nədir?

- Məqsədim aparılan islahatlarda xalqımın, dövlətimin yanında olmaqdır. Bir ziyalı olaraq vətənimə xidmətimin toxunmasını istəyirəm. Xüsusən də əhaliyə dəstək olmağa, onların səsini çatdırmağa çalışacam. İnsanların maddi rifahının yaxşılaşması üçün səsimi, sözümü Milli Məclisdə ucaltmaq fikrindəyəm.

- Böyük islahatlar dönəmi başlayıb və siz ölkəmizdə hansı dəyişiklikləri və inkişafı gözləyirsiniz?

- Bu islahatlar dönəmində Milli Məclisdən çox şey gözləyirəm. Məni bir ziyalı kimi narahat edən məsələlərdən biri xaricə oxumaq üçün gedən gənclərimizin, hansı ki, onların dünyagörüşünə, biliyinə bu ölkədə ehtiyac var, geri dönmürlər. Bunu araşdırmaq, parlamentdə belə məsələləri qaldırmaq lazımdır. Bu gəncləri itirmək keyfiyyətli xidmət, parlaq gələcəyi itirməkdir. Millət Vəkillərindən çox şey asılıdır. Xarici miqrasiyanı dayandırmaq üçün çağırışlar etmək lazımdır. Qeyri-neft sektoruna ölkə başçımızın ayırdığı diqqətə təkan vermək, problemləri qaldırmaq lazımdır.

Milli Məclisin bu islahatlar dönəmində ölkəmizin və xüsusilə bölgələrimizin inkşafına hansı təkanı verəcəyinə ümid edirsiz?

İnsanlarla görüşlərdə bir çox problemləri qabardılır və narazılıq edirlər ki, bundan əvvəlki millət vəkilləri bizə dəstək olmayıb. Elə kəndlər oldu ki, insanların problemlərini eşidib dəhşətə gəldim. Əslində dövlətimiz daim əhalinin qayğısına qalır, onlara yardım etməyə, problemlərini həll etməyə çalışır. Amma məmurlar ölkə başçımızın da dediyi kimi, vəzifələrindən su istifadə edərək xalqdan qaçırlar, uzaq gəzirlər. Belə olmamalıdır. Bu gün biz Cənab Prezidentimizin köməkçisi kimi fəaliyyət göstərərək onu baş verənlərdən xəbərdar etməliyik. Böyük islahatlar bizə çox ümid verib və mən fikirləşirəm ki, lazım olan yerlərə qədər səsimizi çatdırmağa qadir olacağıq. Gözləntilərimiz böyükdür və eləcə də əhali ilə görüşlərdə onların da ümidli olduğunu görmək güc-qüvvət verir.

- Həm həkimsiniz, həm müəllim. Bir ziyalı olaraq tibb və təhsil sahəsində hansı çatışmazlıqlar sizi narahat edir və Millət Vəkili seçiləcəyiniz halda bu mövzularda problemlər hansı istiqamətlərdə qabardacaqsınız?

- Mənim platformamda da bu məsələlər yer alıb. Platformam 3T adlanır. Yəni ki, tibb, təhsil və təhlükəsizlik sahəsində çatışmazlıqları aradan qaldırmaq üçün çalışacam. Tərtərdə bu sahədə ciddi nöqsanlar mövcuddur. Məsələn, tibb müəssisələri daha yaxşı xidmət göstərməli və insanların inandığı həkimlər orada çalışmalıdırlar. Təhsil millətin gələcəyidir və biz bu gələcəyə böyük dəstək ayırmalıyıq. Bu gün tələbələr, uşaqlar daha yaxşı şəraitdə təhsil almalı, məktəbə getməlidirlər. Məktəblərdəki şəraitdə yaranan çətinlikləri aradan qaldırılmalıdır. Məktbələrə, baxçalara gedən yollardakı çatışmazlıqlar aradan qaldırılmalıdır.

- Təhlükəsizlik baxımından da bəzi yeniliklər olmalıdır. İstər qida, istər iş təhlükəsizliyi təmin olunmalıdır. Tərtər cəbhə bölgəsində yerləşdiyi üçün təhlükəsizlik baxımından ən çox diqqət yetirilməli olan ərazilərdəndir. Bu barədə parlamentdə mütləq mənim çıxışlarım olacaq.

- Çıxışınızın birində söyləmisiniz ki, Millət Vəkili olsam, maaşımı bir fond yaradaraq ora verəcəm və tərtərlilərin bundan yararlanmasına şərait yaradacam. Bu barədə fikirlərinizi bilmək istərdik...

Bunu demişəm və sözümün arxasındayam – Millət Vəkili seçilərəmsə, dövlətdən alacağım məvacibimi bir fond yaradaraq ora yatıracam. Müxtəlif çatışmazlıqların həllində bu məbləğin insanlara dəstək olacağını düşünürəm. İstər baxçalar üçün, istər məktəb və ya tibb müəssisəsində hər hansı çatışmazlığı aradan qaldırmaq üçün dəstək olacağına inanıram. Təhsil almaq üçün maddi baxımdan əziyyət çəkən bir tələbəyə, ehtiyacı olan bir xəstəyə yardım olacaq. İldə 2 dəfə burada artizan quyularının qazılmasına yardım olacaq. Yararlı torpaqların suvarılması üçün xərclənə bilər. Hansı ki, insanların məşğuliyyətini artıra bilər. Təhlükəsizlik baxımından da bəzi  məsələlər qaydasına qoyulmalıdır. Millətə kömək olmaq üçün hansısa partiyanın üzvü olmağa ehtiyac yox idi. Düşünürəm ki, Cənab Prezidentimiz də məmurların vəzifələrindən su istifadə etdiklərini bildirib və onlara dəfələrlə xəbərdarlıq edib. Artıq məmurlar xal üçün daha çox çalışmalıdır. Bunu ölkə başçımız istəyib və biz də ona yardımçı olmağa çalışacağıq. İndiyə qədər Millət Vəkilləri bu cür addımlar atmayıblar. Bəziləri dəfələrlə seçilməsinə baxmayaraq dövlətin ona inamını sarsıdıb. Hərə özü üçün deyil, hamı xalq üçün çalışmalıdır, dövlət üçün çalışmalıdır.

- Bildiyimizə görə, daim insanlara yardım etməyi sevən birisiniz. Bu amil namizədliyinizi irəli sürməkdə xüsusi rol oynadımı?

Bəxtiyar Vahabzadənin məşhur şeiri var:

Yaşamaq yanmaqdır yanasan gərək

Həyatın mənası yalnız ondadır

Şam əgər yanmırsa, yaşamır demək

Onun da mənası yanmağındadır.

Bir insan bu həyata gəlib və bir gün gedəcək. Əgər sən heç kimə faydalı deyilsənsə, deməli yaşamamısan. Əməlləri ilə fərqlənmək lazımdır. Hamı yaşayışı, həyat tərzi ilə nəyisə qazanır, əldə edir. İnsanlara əl tutmaq bizim nəslimizdən irəli gəlir. Mənim babalarım da, valideynlərim də belə olub. Biz həmişə əlimizdən gələni etmişik. Bacarmışamsa, hər kəsə yaxşılıq etmişəm. 2012-ci ildə Həcc ziyarətində olmuşam və etdiklərim hamısı Allah yolundadır. Bu barədə çox danışmaq doğru deyil düşünürəm .Çünki təvəzökarlığa sığmır. 

Əlavə olaraq demək istəyirəm ki, dədələrimdən, babalarımdan qalan mirasa daim sahib çıxacam. Yəni ki, seçilməsəm də tərtərlilərimin yanında olacam, əlimdən gələni əsirgəməyəcəm. Sadəcə seçilsəm, daha geniş miqyasda sizlərin xidmətində olacam və problemlərinizlə dərindən maraqlanacam.