“Sədərək” Ticarət Mərkəzində çalışan icarədarlar buradakı texniki təhlükəsizlik vəziyyətindən və işlətdikləri obyektlərin sığortasız olmasından narahatdırlar.
Ticarət mərkəzində tekstil məhsulları, məişət avadanlıqları, xalça və digər məhsulların satışı ilə məşğul olan bir qrup sahibkar “Qafqazinfo”ya müraciət edərək üzləşdikləri problemi bildiriblər.
Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biri olan “Sədərəy”in icarədarları burada indiyədək dəfələrlə güclü yanğınların olduğunu, eyni zamanda subasma hadisələrinin də onlara xüsusilə külli miqdarda ziyan vurduğunu deyiblər: “2009-cu ildən fəaliyyətə başlayan və ilbəil böyüyən ticarət mərkəzinin problemləri bitmir. Mülkiyyətçilər texniki təhlükəsizlik baxımından sərmayə qoymurlar ki, bu da bizim ağır nəticələr qarşısında əlacsız qalmağımıza gətirib çıxarır. Onlar məsuliyyət daşımadan ancaq öz şəxsi mənafelərini və gəlirlərini güdürlər. Hər kəs bilir ki, burada enerji təchizatı bərbad və yüklü vəziyyətdədir. Naqillərin qızmağından hər an yanğın baş verə bilər. Elektrik təsərrüfatında avtomatlar yüklənmiş vəziyyətdə, təftiş qaydalara uyğun aparılmır, sıxılma və digər xidmətlər sadəcə monitorinqlərlə aparılır”.
.jpg)
İcarədarların sözlərinə görə, hazırda burada 30-40 min sahibkar çalışır: “İcarə ödənişləri hər dəfə qaldırılır. Buna baxmayaraq yanğın təhlükəsizliyi ilə bağlı vəziyyət çox faciəvi şəkildədir. Hidrantlar, yanğınsöndürən balonlar, su hovuzları kommunikasiyaları fors-major hala cavab vermir və daha əvvəl də dəfələrlə bu hallar yaşanıb. Ümid ancaq ərazidə fəaliyyət göstərən yanğınsöndürən bölməyə qalır. Ancaq mövcud sayla və texnikayla yanğın olduğu halda mübarizə aparmaq sadəlövhlükdür.
Son 8 ildə burada 9 dəfə yanğın olub. Sonuncu dəfə bu yaxınlarda Bakıdakı kinostudiya ərazisində pirotexniki vasitələrin alovlanması nəticəsində partlayışın baş verməsi isə bizi daha da narahat edir. Çünki burada da xaricdən qanunsuz yolla gətirilən pirotexniki vasitələr qaydalara tamamilə riayət edilmədən saxlanılır. Növbəti dəfə yanğın olsa, artıq hər şeyimizi itirə bilərik”.
Sahibkarların üzləşdikləri ən böyük problem isə işlətdikləri obyektləri sığortalaya bilməmələridir: “Sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, buradakı mağazaları sığortalamaqdan imtina edirlər. Belə ki, Fövqəladə Hallar Nazirliyi buranın istismarına müvafiq rəy və sənəd vermədiyinə görə sığortalamaq da mümkünsüz olub. Bununla bağlı ticarət mərkəzinin mülkiyyətçiləri təəssüf ki, hər hansı addım atmırlar. Biz də öz növbəmizdə aidiyyəti qurumlara müraciət etmişik, problemimizin həll olunması üçün ərizələr yazmışıq”.
.jpg)
Şikayətlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasına sorğu ünvanladıq. Assosiasiyanın ekspert qrupunun üzvü Emin Allahverdiyev qeyd edib ki, hazırda sığorta sektorunda fəaliyyət göstərən və əmlak sığortası üzrə lisenziyası olan sığorta şirkətləri istər daşınar, istərsə də daşınmaz əmlakların sığortalanmasında maraqlıdırlar: “Lakin əmlakın sığortaya cəlb olunması üçün əsas şərt həmin əmlakın mövcud vəziyyətinin yanğın təhlükəsizliyi normalarına və digər təminat növləri üzrə risk tələblərinə uyğun olmasıdır. Bu, sığorta mexanizminin əsas fəlsəfəsini təşkil edən mühüm elementdir.
Sığorta hadisəsi mahiyyətcə təsadüfi xarakter daşımalı və sığorta təminatı yalnız bu təsadüfilik nəticəsində əmlaka dəymiş zərərə görə verilməlidir. Əgər əmlakda hadisənin başvermə ehtimalı artıq təsadüfilik xarakterini itirmişsə və risk hər gün, hər an baş verə biləcək vəziyyətdədirsə, bu halda sığorta şirkətinin belə əmlakı sığortaya cəlb etməsi nə sığorta fəlsəfəsinə, nə də qüvvədə olan qanunvericiliyə və sığorta qaydalarına uyğun sayılır.
İstər iri ticarət mərkəzlərində yerləşən obyektlər, istərsə də kiçik sahibkarlıq subyektlərinə məxsus əmlaklar sığorta şirkətləri üçün maraq kəsb edir. Lakin qeyd olunan normativ tələblərə əməl edilmədikdə, əmlakın harada yerləşməsindən asılı olmayaraq onun sığortalanması mümkün olmur.
.jpg)
Buna görə də, əmlakda yanğın və digər təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət edilməli, mümkün risklərə qarşı maliyyə təhlükəsizliyi təmin olunması üçün sığorta alətindən istifadə edilməlidir”.
Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Qurumun Mətbuat xidmətindən bu cavabı aldıq: “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə dövlət inspektorları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış “Çıxarış”a əsasən yoxlamalar (yanğın-texniki müayinələr) keçirilib. Müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyətə cəlb olunaraq pozuntuların aradan qaldırılması məqsədilə obyektin rəhbərliyinə icrası məcburi olan tələbləri özündə əks etdirən “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə Qərar” təqdim olunub. Belə ki, obyektdə aparılmış yanğın-texniki müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada cərimə olunub.
Sığorta şirkətləri tərəfindən ticarət obyektlərinin daşınmaz əmlakının icbari sığorta edilməsi ilə bağlı məsələlər 24 iyun 2011-ci il 165-IVQ nömrəli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və sığortaçı ilə sığortalı arasında həll olunmalıdır”.
***
“Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim “Qafqazinfo”ya bildirib ki, mərkəz rəhbərliyi icarədarlarla müqavilə bağlayanda orada sığorta məsələsi də qeyd edilir: “Biz bağladığımız bütün müqavilələrdə sahibkarlara bildiririk ki, öz mallarını sığortalamalıdırlar. Sahibkarlar sığorta şirkətləri ilə müstəqil şəkildə əməkdaşlıq edirlər, öz mallarını birbaşa sığortalatdıra bilərlər. Əvvəllər də burada bir sıra sığorta şirkətləri sahibkarlarla əməkdaşlıq edib, lakin baş verən yanğın, subasma hadisələrində sahibkarlara dəymiş zərər sığorta firmaları tərəfindən qarşılanmayıb. Nəticədə narazılıq yaranıb, bəzi hallarda işlər məhkəməyədək uzanıb”.
K.Qədim deyib ki, ticarət mərkəzində bir ədəd hər biri 16 meqavatlıq 2 transformatorlu yarımstansiya mövcuddur: “Elektrik şəbəkəsində yenidənqurma işləri indi də davam edir. Ticarət obyektlərini qidalandıran kabel xətləri və ərazilərdə olan paylayıcı lövhələr, avtomat açarlar yenilənib, bu işlər də davam edir. 12 ədəd 10/04 kilovatlıq transformator məntəqələrində quraşdırılmış 25 ədəd müxtəlif güclü transformator da var. Fövqəladə hallarda ərazini işıqlandırmaq və yanğınsöndürmə nasoslarını qidalandırmaq üçün 7 ədəd generator stansiyamız da mövcuddur. Burada 8 su hovuzu da mövcuddur ki, onlar da bir-biri ilə əlaqəlidir. Bu hovuzlarda 4350 kubmetr su ehtiyatı var. Bundan başqa özümüzə məxsus “İveco” və “Kamaz” markalı xüsusi təyinatlı yanğınsöndürmə maşınlarımız var. Onların şəxsi heyəti 50 nəfərdir və hər hansı hadisə baş verdikdə operativ şəkildə müdaxilə edirlər. Hər biri 15 nəfər olmaqla 3 növbəli 24 saatlıq xidmət aparılır. Dövlət qurumlarının bölmə və şöbələri burada mövcuddur və artıq 4 ildir ticarət mərkəzində heç bir yanğın hadisəsi baş vermir”.
Nizam Rza
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub.

