“Səhər özümü Azərbaycan mətbuatında görəndə çox təəccübləndim” - Fotolar

seher-ozumu-azerbaycan-metbuatinda-gorende-cox-teeccublendim
Oxunma sayı: 8124

Türkiyəli bir xanımın “Azərsun Holdinq”in “Dreamland Country & Life” Layihəsində yüksək bir vəzifəyə təyin olunması Azərbaycan mediasında maraqla qarşılandı. Belə ki, Bahar Düzgünün direktor olduğu “Xəyal Adası” layihəsinin inşaası hazırda Binə qəsəbəsində davam edir və sözügedən layihə nəinki ölkəmizin, hətta regionun ən böyük proyektlərindən biridir. Bu səbəbdən belə bir vacib proyektdə direktor vəzifəsini qazanmış şəxsin kim olması hamının diqqətini cəlb edib.

Odur ki, “Qafqazinfo” olaraq bu dəfə yolumuzu yaşayış kompleksindən salıb Bahar Düzgün ilə daha yaxından tanış olmaq qərarına gəldik.

Əvvəllər Türkiyənin aparıcı tikinti qruplarında satış və marketinq direktoru vəzifəsini yerinə yetirmiş Bahar xanım elə bizi görən kimi səhər haqqında yayımlanmış xəbərləri oxuduğu zaman təəccübləndiyini deyir:

“İşimlə bağlı olaraq Türkiyədə media ilə yaxın əməkdaşlıq edirdim. Orada mənimlə bağlı xəbərlər çox yayımlanıb. Ancaq bu gün səhər Azərbaycan mətbuatında özümü görəndə təəccübləndim. Bir də o maraqlı gəldi ki, hamı məni gənc qız olaraq təqdim edir, bu, bir qadın olaraq mənə çox xoş gəldi. Çünki nə az, nə çox 39 yaşım var”.

- Bakıya nə vaxt gəlmisiniz?

- 15 oktyabrda gəlmişəm. Demək olar ki, artıq bir aydır buradayam. Bakı mənim üçün uzaq yer deyil, köklərim Xorasana gedir. Dünyanın bir çox ölkəsində olmuşam, Bakının yeri tam fərqlidir. Baxmayaraq ki, 1 aydır buradayam, ancaq illərdir burada yaşamış kimiyəm. İnsanlar çox qayğıkeş, qonaqpərvərdir. Mən buraya gələndə demişdilər ki, hava elə də soyuq olmur. Ancaq həm soyuq var, həm də külək. Bircə havada yanıldım.

İlk baxışdan Bahar xanımın dırnaq boyası diqqətimizi cəlb edir. Belə ki, şəhadət barmağının birinə Türkiyə, digərinə isə Azərbaycan bayrağı çəkilib. Səbəbini gülərək belə izah edir:

“Bir millət, iki dövlət ifadəsini çox bəyənirəm. Bunun diqqətinizdən qaçmaması məni sevindirdi. Bayaq dediyim kimi, özümü illərdir bu ölkədə yaşamış kimi hiss edirəm”.

- Türkiyədə bir çox böyük tikinti şirkətləri ilə işləmisiniz. Bəs bu dəfə Azərbaycanı seçməyinizdə məqsəd nə oldu?

- Türkiyə inşaat baxımından çox canlı bir ölkədir. 2000-ci illərin əvvəllərindən bəri ən böyük sektorlardan biridir. Ancaq daha çox yüksəkmərtəbəli binalara üstünlük verilir. Azərbaycandan təklif gələn zaman görüş üçün buraya gəldik. Çünki əvvəllər heç vaxt Bakıda olmamışam. Fikirləşdim ki, həm şəhəri görüm, həm də layihə ilə yaxından tanış olum. İstər memarlıq, istərsə də işıqlandırma baxımından Bakı mənim üçün hər hansı bir Avropa şəhərindən fərqsizdir. Almaniyada doğulmuşam və bura mənə həmin ölkəni xatırladır. İstanbuldan gələn biri üçün şəhərdə sakin sayının az olması böyük bir nemətdir. Bu layihə isə mənə tam bir rahatlıq verir. İçərisində qolf klubu olan yaşayış kompleksi nə bu regionda, nə də ki Türkiyədə də yoxdur. Bu səbəbdən çox bəyəndim və gözübağlı şəkildə razılaşdım.

- Layihədə sizi ən çox cəlb edən nə oldu?

- Şəhərdə normal olaraq orada bir ev satılır. Bu, mənim ölkəmdə də belədir. Ancaq biz burada sadəcə ev satmırıq, həm də həyat tərzi satırıq. Məsələn, kompleksdə Bakının ən böyük AVM-si tikiləcək, məktəb və bağça var, hətta süni dəniz, qumsal belə yaradacağıq. Mənə dedilər ki, Azərbaycanda insanların həm şəhərdə evi olur, həm də yay ayları üçün bağ evi. Biz də ikisini birləşdirmək qərarına gəldik. Paytaxt küçələrində velosiped sürmək təhlükəlidir, ancaq burada heç bir ana övladının velosipedlə məktəbə gedib gəlməsinə narahat olmaz.

- Özünüz də qeyd etdiniz ki, son dərəcə vacib bir layihədir. Bu dərəcədə böyük bir işin öhdəsindən gələcəyinizi gözə alırsınız?

- Niyə də yox? Türkiyədə bir çox məşhur şirkətlərlə işləmişəm və referansım çox yüksək olub. Xeyli gözəl işlərə imza atdıq. Artıq 10 ildən çoxdur ki, Türkiyədə bu işlə məşğulam. Türkiyədə bazarı və marketinq sahəsini nəzərə alsaq, bu rəqəm 20 ilə bəsdir.

- Türkiyədə marketinq və bazar da yaxşı inkişaf edib. Hər iki ölkə arasında əsas fərqlər nələrdir?

- Türkiyədə bir layihənin marketinq işinə başlayan zaman onlarla televiziya kanalı, yüzlərlə qəzet, jurnal ilə əməkdaşlıq edirik. Həcm olaraq çox böyükdür. Düzü buraya gələndə bir az təəccübləndim. Deyirəm, qəzetə məlumat verək, deyirlər burada qəzet oxunmur, sonra deyirəm, televiziyaya çıxaq, deyirlər ki, insanlar Azərbaycan kanallarına baxmır, oxunan və alınan sadəcə bir neçə jurnal var imiş, bir də saytlar. Ancaq dediyim ki, bəlkə də, köklərim buradan olduğu üçün ölkə mənə yad deyil, insanlar çox qayğıkeşdir. Dünyanın bir çox ölkəsində olmuşam, Bakının yeri tam fərqlidir. Baxmayaraq ki, 1 aydır burdayam, ancaq illərdir burada yaşamış kimiyəm.

- Belə başa düşdüm ki, artıq Bakıda yaşayacaqsınız.

- Bəli, artıq buradayıq. Getmək niyyətimiz yoxdur. İnşallah, alnımız açıq bir şəkildə layihəmizi sonlandırarıq. Hər şeyin gözəl olacağına ümid edirəm. Hətta bu layihə ilə yanaşı mənə Dubaydan da bir neçə iş təklifi gəlmişdi, mən Bakıya gəlməyi üstün tutdum.

- Bildiyim qədərilə subaysınız, bəlkə də, elə bir azərbaycanlı ilə evlənib hər zaman burada yaşayarsınız.

- Qismət deyək, niyə də olmasın? Harada nə zaman nəyin olacağını bilmək olmaz.

Söhbətimizin sonunda Bahar xanım bizi kompleksin hazır villalarından biri ilə tanış edir. Lüks və dəbdəbli görünüşü ilə seçilən villalar əsasən A+ müştərilər üçün hazırlanıb. Müsahibim müxtəlif ölkələrdə A+ müştərilərlə işlədiyi üçün ona bu layihənin çətin olmadığını deyir:

“Təqribi nə istədiklərini bilirəm. Lüks hər yerdə lüksdur. Gözləntilər eynidir və bizim də o tələbləri qarşılamağa gücümüz var. Binalarda villalara nisbətən daha uyğun qiymətlərə mənzillər var. Belə deyək, bir direktor səviyyəsindən, nazir səviyyəsinə kimi hər kəsi qanə edəcək evlərimiz var. Gördüyüm qədərilə, Bakıda xeyli insan əmlak alaraq icarəyə verir. Burada da eyni şeyi etmək olar. Məsələn, qolf oynamaq üçün gələn turistlərə burada icrəyə verilən mənzillərdən yaxşı başqa bir şey ola bilməz”.

Günel Hacı
Fotolar: Nuran Məmmədov