Şəhidlər Xiyabanı, Nargin adası - - Faciə və işgəncə

sehidler-xiyabani-nargin-adasi-
Oxunma sayı: 8732


Bu gün Vətən sözünün sinonimi kimi hər birimiz üçün müqəddəs olan bir yerimiz də var - Şəhidlər Xiyabanı... 

Millətimizin öz torpağını, azadlığını qorumaq uğrunda mübarizəyə qalxdığı, sovet imperiyasının silahlı qüvvələri ilə qeyri-bərabər döyüşdə qəhrəmanlıq göstərdiyi, öz milli iradəsini nümayiş etdirdiyi şərəfli bir tarixin – 20 Yanvar tarixinin yazıldığı vaxtdan artıq 22 il keçir. Bu müddət ərzində şəhidlərimizin uyuduğu müqəddəs məkan - Şəhidlər Xiyabanı Azərbaycan insanının and yerinə, qürur mənbəyinə çevrilib. Ölkəmizə gələn qonaqların ilk olaraq ziyarət etdiyi yer də məhz oradır. 

Azərbaycanda turizm sahəsinin inkişafı ilə əlaqədar olaraq, ölkəmizə gələn xarici turistlərin sayı da ildən-ilə artır. Maraqlıdır, görəsən, ölkəmizin turizm təmsilçiləri xarici qonaqlara Şəhidlər Xiyabanı haqqında hansı məlumatları verirlər?

Təcrübəli bələdçi Süleyman Süleymanovun sözlərinə görə, ölkəmizə gələn qonaq mütləq Şəhidlər Xiyabanını ziyarət etməlidir. Müxtəlif dövlət qurumlarının və turizm şirkətlərinin xətti ilə Bakıya gələn qonaqlara bələdçilik etdiyini deyən S.Süleymanov şəhərdaxili turlara həmişə bu məkana ziyarətin salındığını bildirdi: “Özüm tarixçi olduğuma görə 1990-cı ildə Azərbaycanda baş verən siyasi hadisələr, qanlı 20 Yanvar tarixinin başvermə səbəbləri haqqında qonaqlara ətraflı məlumat verirəm”.

Nargin – qara turizm potensialı

Azərbaycan uğrunda ancaq azərbaycanlılar şəhid olmayıb. Torpaqlarımızın bütövlüyü, müstəqilliyimiz uğrunda həm də türk qardaşlarımız şəhid olublar. Bu, 1918-ci ildə azğın ermənilərin Azərbaycan torpaqlarında apardıqları “etnik təmizləmə” əməliyyatları zamanı baş verib. Lakin buna qədər də Azərbaycan torpaqlarında türk qanı axıdılıb. 

Azərbaycan tarixinin yeddi cildliyinə görə, Azərbaycanda həm 1920-ci ildə Cümhuriyyətdən sonrakı fəalları, həm də Stalin dövrü repressiya qurbanlarını Bakıya yaxın Nargin, Bulla adalarında güllələyiblər, ya da onları dənizə atıblar.

Bu baxımdan Qara turizm üçün potensial ərazilərdən biri də Nargin adasıdır. Xəzər dənizində yerləşən bu adada zaman-zaman əsirlərə, məhbuslara dəhşətli işgəncələr verilib. Üstəlik, adada yerləşən həbsxana edam hökmlərinin reallaşdırıldığı dəhşətli ünvan kimi tarixdə iz qoyub.

“Nargində insanları təkcə güllələməklə qətlə yetirməyiblər. Onların ayaqlarına daş bağlayıb dənizə atıblar”.  Bunu bizimlə söhbətində yazıçı-publisist Mehriban Vəzir dedi. Adanın, orada yerləşən həbsxananın tarixi haqda elmi araşdırma aparmasa da, ora haqqında söylənənlərlə maraqlandığını deyən Mehriban xanımın sözlərinə görə, bura tarixdə ancaq ki, qara hərflərlə yazılası günlərə şahidlik edib: “Hətta bir nəfər üzgüçü orda suyun altında ayağına, boğazına daş bağlanmış meyitləri görüb dəhşətə gəlmişdi”. 

Meyitlərə ona görə daş bağlayırdılar ki...

“Güllələnmiş Azərbaycan generalları” kitabının müəllifi, araşdırmaçı jurnalist Şəmistan Nəzirli də bu faktı təsdiqləyir: “Güllələnmiş Azərbaycan generalları” kitabını yazmağa sovet dövründən başlamışdım. Yalnız sovet dövründə çətinlik ondan ibarət idi ki, generalların son taleyini tapa bilmirdim. Çünki sovet dövründə bunların sənədləri ilə, qovluqları ilə məşğul olmaq tamamilə qadağan idi. Amma onların adına Peterburqda, Xarkovda, Moskvada, Dərbənddə, Tiflisdəki imperiya dövrü arxivlərində işləyəndə rast gəlirdim. Və gəlib iz itirdi 1920-ci ildə... Fikirləşirdim ki, bəs bunlar nə oldu, bu qədər general hara getdi? Güllələnmə səhnəsi heç yerdə yox idi. Sən demə, “Tam məxfidir” qovluqlarında həm MTN-in arxivində, həm də Dövlət Arxivində saxlanılırmış...Mən bunları sonralar tapdım. 1990-cı ildən sonra. Və bu materialların çoxunu Rusiyadan əldə etmişəm hələ sovet dövründə. O vaxt belə şeylər qadağan idi. 1920-ci ildən 1947-ci ilə qədər, o tay Azərbaycanını da hesablayanda 19 generalımızı güllələyiblər. Nəyə görə güllələyiblər? 1920-25-ci illərdə güllələnənlərin arxiv sənədlərində göstərilir ki, əsas səbəb odur ki, bunlar bizə göstərmək istəyirdilər ki, sizdə sərkərdə olmayıb”.

Və istər generalların, istər sıravi əsgərlərin, istərsə də minlərlə adi insanın güllələnməsi Şıx çimərliyindən 80 kilometr məsafədə yerləşən Bulla adasında baş verib: “Əgər siz o adaya getsəniz, minlərlə yox, bəlkə də yarım milyona yaxın insan sümükləri görərsiniz. O vaxt orada yaşayış olmayıb. Doldururlarmış Azərbaycan ordusunun əsgər və zabitlərini gəmilərə, ziyalıları da həmçinin, aparıb ora atıb, çıxıb gəlirmişlər. Həyat nişanəsi olmayan adada, təsəvvür edirsinizmi, necə ölürmüşlər? Yaxud, Pankratovun idarəsi olub indiki Yusif Məmmədəliyev küçəsi 15/17-də, sonralar ora alman səfirliyi oldu, adamları oranın zirzəmisinə doldurub, gecələr güllələyirmişlər... Meyitləri isə aparıb Nargin adasına boğazına daş bağlayıb dənizə atırmışlar”.

Nargindən sağ qayıdan yeganə azərbaycanlı 

Bakı sakini Kamal Amiraqovun əmisi Nargindən sağ çıxan yeganə azərbaycanlı olub: “Əmim Ağa Amiraqov neft milyonçusu Şəmsi Əsədullayevin ticarət müdiri olub. Onu Narginə əsir aparıblar. Əmim atamgilə danışıb ki, əsirləri bir-bir adbaad çağırıb güllələyirmişlər. Əmim huşunu itiribmiş, onu ölü sanıb sahilə atıblar. Balıqçılar əmimi tapırlar və quruya gətiriblər. Babam isə elə hey dənizin qırağında qardaşını axtarırmış və bir gün tapıb, əmim 23-cü ilə kimi yaşayıb, sonra xəstəlikdən rəhmətə gedib”.

“Nargin: Sarıqamış - Qafqaz cəbhəsi əsirlərinin dramı” kitabının müəllifi Akif Aşırlı daha maraqlı faktlar açıqlayır. Onun sözlərinə görə, Sona xanım Hacıyeva adlı çox ziyalı, kübar bir xanım olub. O, Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinə sədrlik edirmiş: “Özünün şəxsi qayığı varmış. Gecəylə qohum-əqrəbasını da yanına alıb Narginə gedərmiş, ərzaqla, pal-paltarla. Həmin əsirlərdən bir neçəsini götürüb geri qayıdarmış. Bəzilərini evinə gətirirmiş, bəzilərini də “İsmailiyə”də yerləşdirirmiş. Onların paltarlarını dəyişdirib saxta pasportla İran Astarasına keçirirmişlər. Və əsirlər İrandan da Türkiyəyə gedirmişlər”.

A.Aşırlı bu məsələnin sonda açıldığını da söylədi: “Sona xanım haqqında cinayət işi də açılıb - 110 səhifəlik işdir. Məsələ necə açılıb? Akopyan soyadlı biri yazıb ki, Azərbaycan ziyalıları əsir türkləri qaçırır. Bunu da haradan bilib? O vaxt gizli bir göstəriş varmış ki, əsir türk hansı dükana girsə, ona pulsuz ərzaq verərmişlər. Bir dəfə əsir türk, təsadüfən, sahibi azərbaycanlı olmayan dükana girib və hər şey ondan sonra açılıb…Araşdırma başlanıb. Görüblər ki, Nargin adasının dəftər-kitabında qeydə alınmış xeyli əsir yoxa çıxıb”.

Araşdırmaçı bu işdə təkcə Sona xanımın adının keçmədiyini bildirir: “Ağababa Quliyev - onun Bakıda çoxlu dəyirmanları vardı, İsmayıl bəy Səfərəlibəyov, Murtuza Muxtarov çox kömək ediblər. Hacı Zeynalabdin Tağıyevin təkcə özü deyil, qızları da Nargin əsirlərinə hər cür yardım göstərirmiş. Dönəmin erməni və rus qəzetləri yazırdılar ki, “Hacı Türkiyəyə köçür və bunu milli hisslərdən dolayı etməyi düşünür. Onun bez fabrikindən İrana parçalar daşınır - əsgər paltarı tikmək və sonradan Türkiyəyə ötürülmək üçün”.

Ada görünməmiş işgəncələrə şahidlik edib

Türk tarixçilərinin təqribi hesablamalarına görə, adada 60-70 min nəfərə yaxın əsgər və zabit, 100 mindən çox mülki vətəndaş əsir həyatı yaşamalı olub.

Bu sayda əsirlərin yalnız 10 min nəfərə yaxını Nargin adasında, yerdə qalanlar isə Rusiyanın içərilərinə, xüsusən isə Sibirin müxtəlif hərbi düşərgələrinə paylanılıb. Səmərqənd, Krasnoyarsk, Tula, Həştərxan, Tomsk türk əsirlərinin saxlanıldığı məkanlardır ki, bu məkanların sayının 25 olduğu türkiyəli araşdırmaçılar tərəfindən söylənilir. Vaqonlarda uzaq Sibirə, Urala və müxtəlif bölgələrə daşınan türk əsirlərinin konkret sayı barəsində isə heç bir məlumat yoxdur.

30-40 nəfərlik vaqona 100-150 nəfər əsir salınırdı ki, onları yalnız məkana çatandan sonra yoxlayır, ölüləri yaşamaq uğrunda mübarizə aparıb sağ qalanlardan ayırırdılar. Nargin adası da bu düşərgələrdən biri idi. Cəhənnəm adası, ilanlı ada kimi hərb tarixinin səhifələrinə düşən Nargində normal həyat üçün heç bir şərait yox idi. Nargində saxlanılan türk əsirlərinin sayı barəsində də dəqiq bir məlumat yoxdur. Belə ki, Türkiyə tarixçilərinin araşdırmalarına görə, adada 10 min, Sarıqamış Dayanışma Qrupunun hesablamalarına görə isə 15 min əsir olub.

Nəriman Nərimanov adanı “Göz yaşı tökdürən Cəzirə” adlandırırdı

Professor Musa Qasımlı rusların nədən Nargin adasını seçməsinə aydınlıq gətirərək deyir: “Osmanlı əsirləri Cənubi Qafqaza gətirilən kimi Rusiya imperatorunun köçürmə və sanitar ali komissarı A.P.Oldenburqski həm onların ağır vəziyyətindən, həm də göstərə biləcəyi təsirdən narahat olmuşdu. Buna görə də çarizm hakimiyyət

orqanları türk əsirləri üçün həbs düşərgələrini əhalinin diqqətindən kənarda yaratmaq barədə düşünürdü”.

Həbs düşərgəsində əsirlərin vəziyyətinin dözülməz olduğu haqda ilk dəfə rəsmi şəkildə Azərbaycanın dövlət və ictimai xadimi Nəriman Nərimanov “Hümmət” qəzetinin 28 noyabr 1917-ci il sayında “Göz yaşı tökdürən Cəzirə” məqaləsi ilə çıxış edib. Gözəl publisist olan Nərimanov bu məqalədə həbs düşərgəsindəki vəziyyəti açıq və kəskin şəkildə göstərərək yazırdı: “Kaş bu cəzirəyə getməzdim. Kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməzdim. Kaş “Əfəndim su”, “Əfəndim yemək”, “Əfəndim paltar” sözlərini eşitməyəydim. Kaş çılpaq, dodaqları soyuqdan titrəyən, üzləri bozarmış

atasız-anasız balalarla sözləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstdə can verən igidlərə rast gəlməyəydim”. Nərimanov 1200 əsir türkün hazır ölüm növbəsində durduğunu, 6 min nəfərin bu növbəyə hazırlaşdığını, tif, vəba kimi yoluxucu xəstəliyin yayıldığını xəbər verir. Belə çətin, ağır duruma tab gətirə bilməyən, psixoloji sarsıntı keçirdiyini dilə gətirən Nərimanov yazır: “Mən ağladım... Mən gündə mərəzlər arasında gün keçirən, gündə dürlü-dürlü xəstələrin ah-naləsini eşidən, onların axır dəqiqələrinə öyrənmiş, tab gətirə bilməyib ağladım”.

Nargində tarixi araşdırmaya ehtiyac var

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyir ki, repressiya vaxtı Azərbaycanın çox görkəmli adamlarının orada güllələnməsi tarixi faktdır: “Nargin adasında tarixi araşdırmalara böyük ehtiyac var. Zaman keçdikcə, Tarix İnstitutu bu işlə maraqlanacaq. Bizim planımızdadır. Cəsədlərin qalıqlarını üzə çıxartmaq lazımdır. Şüşə altında muzey yaratmaq lazımdır”. 

Nargin adasında insan qalıqlarını görən də olub. Bu barədə mətbuata Narginə tez-tez istirahət üçün gedib-gələn Bakı sakini Viktor Ozerov bildirib: “Bir dəfə kiçik oğlum çubuğa kəllə keçirib gətirmişdi. Biz şokdaydıq. Sümükləri adi halda görmək olmur. Görün üstündən nə qədər vaxt keçib, amma yağış yağanda onlar üzə çıxırlar”. V.Ozerov deyib ki, sümüklər daha çox adanın şərq hissəsindədir. 

Adada turizm şəhərciyi yaradıla bilərmi?

Nargində turizm şəhərciyinin yaradılması haqda xeyli müddətdir söz-söhbət var. Hətta bu şəhərciyin maketi də bir zamanlar mətbuatda dərc edilmişdi. 

Ada, yoxsa gizli ölüm düşərgəsi?

Araşdırmalar göstərir ki, I Pyotrdan başlayaraq, Azərbaycan üçün cızılan cəhənnəm planlarını burada gerçəkləşdirilib. Birinci Dünya Müharibəsi Nargindən uzaq coğrafiyada cərəyan etsə də, onun da dəhşətli cinayətlərindən adanın qismətinə pay düşdü. Qafqaz cəbhəsində əsir düşən almanlar və türklər eşalon-eşalon buraya sürgün edildi. “Bəsirət” qəzeti 1917-ci il 22 dekabr tarixli nömrəsində adada 8 minədək əsir yaşadığını yazır. Bildirilir ki, bunlardan yarısı türklər, qalanı isə alman və avstriyalılardır: “Bakının xeyriyyə cəmiyyətlərinin yemək və geyimlə bağlı kömək etmələrinə baxmayaraq, əsirlərin vəziyyəti çox ağırdır. Qış aylarında baraklar qızdırılmır, su çatışmır, yatacaq yerlər boş taxtalardan ibarətdir”. 

Adanın şərq hissəsi birinci dünya müharibəsinin əsirlərinin qeyri-adi məzarlığıdır. Nargin adasındakı ağır vəziyyət türklərin Bakıya gəlişindən sonra düzəlsə də, Hacı Zeynalabdin Tağıyev öz dəyirmanını həbsxanaya çevirib, hökumətə təhvil verəndən sonra Narginə göndərilən məhbusların sayı azalsa da, ada həbsxana qandalından xilas ola bilmədi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli istiqlal, milli məfkurə, türkçülük düşüncəsinin daşıyıclarının insanlığa sığmayan şəkildə və məntiqsiz ittihamlarla təqib və qətlinin birinci dalğasının qurbanları da Nargin adasının boş qalmış baraklarını yenidən “lazımlı” etdi. Arxiv sənədləri göstərir ki, 1920-ci ildən 24-cü ilə qədər 43 min Azərbaycan ziyalısı qətlə yetirilib, bunların çoxu da öz əzrayılı ilə məhz Nargində “görüşüb”.

Əsir düşənlərin çoxunun şəhid olduğu bilinən adada çəkilən görünüşlər arasında, çoxu ana və atasız qalan körpə və uşaqların toplu halda dənizə girmələri də qeydlərdə var. Sarıqamış Həmrəylik Qrupu Başçısı Prof. Dr. Bingür Sönməz, Nargin adasının uc qisminin tamamən qəbiristanlıq olaraq istifadə edildiyini ifadə edərək, ərazinin hər yerinin sümüklərlə dolu olduğunu söyləyir. Sümüklərdən bir qismini Türkiyəyə apararaq araşdırma etdirdiyini deyən Sönməz, “bu sümüklərdən 2 şəhidimizi ortaya çıxartdıq. İncələmələrdə şəhidlərin aclıq və səfalətdən öldüyü təyin olundu” deyə qeyd edir. 

Bahadur Bilalov: “Turizm şirkətlərinə tövsiyə olunmalıdır ki...”

Azərbaycan Turizm İnstitutunun dekanı Bahadur Bilalovun sözlərinə görə, qara turizmlə bağlı müxtəlif təkliflər səsləndirilib: “Təklif edilib ki, Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə Azərbaycana gələn turistlərin qara turizm obyektlərinə ekskursiyasını təşkil etməklə bağlı tövsiyə versin. Bura Şəhidlər Xiyabanını, Xocalı soyqırımını əks etdirən abidəni, Qubada Soyqırımı Memorial Kompleksini aid etmək olar. Bununla həm də mənfur qonşularımızın iç üzünü açıb qoyarıq ki, hansı xalq daha qaniçəndir, hansı silah dili ilə danışır”. 

B.Bilalov deyir ki, əslində 90-cı illərdə turizmlə bir neçə şirkət məşğul olurdu ki, onlar da yazılmamış qanunlara riayət edərək bir qayda olaraq Bakıda ekskursiyanı Şəhidlər Xiyabanından başlayırdı: “Amma indi yeni-yeni turizm şirkətləri yaranıb, ümumiyyətlə Şəhidlər Xiyabanı onların yadından çıxır. Dediyim kimi, yaxşı olar ki, nazirlik tövsiyə xarakterli bir təlimat versin bununla bağlı. Hətta İrandan, Türkiyədən gələn turistlərimiz üçün də Fəxri Xiyabana ekskursiya təşkil etmək olar. Onlarla yaxın xalqlarıq, İrandan gələnlərin əksəriyyəti elə öz millətimizin nümayəndələridir, qoy onlar elm, mədəniyyət xadimlərimiz haqqında məlumat alsınlar. Bu, həm ölkənin tarixi, tanıtımı baxımından maraqlıdır, həm də kimliyimizi sübut etmək nöqteyi-nəzərindən vacibdir”.

Həmsöhbətimiz bildirir ki, Nargin adasına da turizm məqsədli ekskursiyalar etmək olar: “Hətta Şirvanşahlar sarayında sovet hakimiyyəti qurulan zaman, 1918-ci il qırğınlarında azərbaycanlıları divara dirəyib güllələmişdilər, bunun izləri qalmışdı, qan izləri vardı. Çox təəssüflər olsun ki, bərpa işləri zamanı onlar itdi. Eləcə də Nargində belə izlər var. Bunlar hamısı təbliğat xarakterli əyani sübutlar idi”.

Qara turizm həm də vətənpərvərlik baxımından vacibdir. Sosial turizmin bir hissəsi də demək olar buna. B.Bilalovun sözlərinə görə, hazırda şagirdlər üçün müxtəlif bölgələrimizə səfərlər təşkil olunur: “Hesab edirəm ki, Türk İslam Ordusunun 1918-ci ildə Azərbaycanı xilas zamanı şəhid olan əsgərlərinin abidələrinə mütləq aparmaq lazımdır şagirdləri. Düzdür, bizim Türkiyə ilə ortaq beynəlxalq marşrutumuz var – “Babaların zəfər yolu”. Əslində bu, mənim dediyim məsələyə aiddir. Amma bunu Azərbaycan ərazisində tətbiq edib məlumat vermək olar ki, hardan gəldilər, harda kəskin döyüşlər oldu, gəlməsəydilər vəziyyət necə olardı. Bir sözlə, qara turizm əslində gəlir yox tanıtım məqsədi daşımalıdır”. 

Mahir Qəhrəmanov: “Turistlərin istəyi nəzərə alınmalıdır”


Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, bir neçə aydır Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi əsasında bu sahədə dünya brendi kimi tanınan “City Sightseeing Worldwide” şirkəti ilə bağlanmış razılaşmaya əsasən “City Sightseeing Baku” şirkəti yaradılıb: “Şirkətin fəaliyyətinin əsasını Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması təşkil edir. 

Şirkət Bakı şəhəri üzrə şəhər turları təşkil edir. Bu turlar gündə bir neçə dəfə 30 dəqiqə intervalla təşkil edilir. MAN markalı avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndirilir. Bu şəhər turları mütləq Şəhidlər Xiyabanını da əhatə edir. 

Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə hər zaman xalqımızın qəhrəmanlıq tarixi olan bu məkanların ziyarətini ekskursiya marşrutlarına salmağı tövsiyə edir. Şəhərdaxili turlardan əlavə, şimal-qərb marşrutu üzrə regionlarımıza səfərlər zamanı da Şamaxıdakı və Qubadakı abidələr ziyarət olunur. Bundan əlavə, hər il 20 Yanvar ərəfəsində Şəhidlər Xiyabanına turlar təşkil edilir. Amma burada turistlərin istəyi də nəzərə alınmalıdır. Mənim fikrimcə, orta məktəblərdə şagirdlərin açıq dərs kimi bu məkanlara ziyarəti təşkil olunmalı, onlara tarixi hadisələrlə bağlı məlumatlar verilməlidir”. 

Bütün faktlar göstərir ki, Azərbaycanda kifayət qədər qara turizm obyektləri var. Ölkənin turizm potensialının, bu sahədən gələn gəlirin artırılması ilə yanaşı, tariximizin yaşadılması üçün bu sahənin inkişafına diqqət sadəcə bir qədər artırılmalıdır.

P.S. Bu məqalə “Bakcell” şirkətinin dəstəyi ilə hazırlanıb.

Həbibə ABDULLA, araşdırmaçı jurnalist.