““Seks” sözünü deyə bilmirdim” - Müsahibə

seks-sozunu-deye-bilmirdim-musahibe
Oxunma sayı: 4969

Bu dəfə müsahibim yox, müsahiblərim var. Oxucuyla səmimi olmağı həmişə üstün tutmuşam. Bu səbəbdən qeyd edim ki, onlar ANS-in simalarıdır və elə müsahibəmiz də ANS telekanalın radioredaksiyasında, 102 fm radiosunun canlı yayım otağında baş tutdu. Kiçik iş xətası, fotoqrafımızın texniki problemləri səbəbindən oradan sizə şəkillər təqdim edə bilmədik. İşdən sonra həm şam edib, həm də şəhərdə gəzintimizdən bir-iki şəkil çəkdirib, Zəhra Rüstəm-Osmanova və Cavid Osmanov, gənc doslarımızın “Qafqazinfo”ya olan müsahibələrini oxuculara təqdim edirik:

-İlk növbədə ANS-ə necə gəlməyinizdən başlayaq. Xahiş edirəm, 6-ya minib gəldik deməyin.
Cavid: Yox, əvvəlcə 6-ya minənə qədər metroyla gəldik...(gülürük). İşin ciddi tərəfi isə, düşünürəm ki, insanın bir həyat planı olmalıdır. Mən əsgərlikdə olan zaman artıq planım radioda RJ olmaq idi. Ən yaxşı halda isə bu ANS ÇM olmalı idi. Çünki ANS Azərbaycan radioməkanında birinci yaranmış radiodur. Mən də başqa radiolara getmədim, elə birbaşa ANS məktəbinə üz tutdum. Heç də asan deyildi. Çünki məhşur aparıcılar və peşakar prodüserlərlə bir yerdə olmaq böyük məhsuliyyətdir. Buna baxmayaraq məni “Tofiq Həsənsoyla gecə şousu” verilişində prodüser vəzifəsinə təyin etdilər. Mənimlə yaşıd olmasına baxmayaraq, Tofiq çox peşəkarcasına davrandı və mən dediklərimi dinləyib nəzərə aldı. Başqaları kimi demədi ki, “Bilirsən qardaş, sən bir həftədir gəlmisən, mən burda 5 ildi işləyirəm.” Və buna görə də bizim birgə uğurlu və maraqlı layihələrimiz, proqramlarımız oldu. Hətta Milli Tele Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmlinin özü gəldi bizim verilişimizə və bu veriliş çox uğurlu alınmışdı. Daha sonra, radiostansiyanın formatını dəyişəsi olduq, nəticədə mən Azərbaycanda ilk klub DJ-lərinin yarışmasını “Dj deyəcək. Qarşıdurma” verlişinin aparıcısı oldum. Daha sonra planımda televeriliş aparmaq vardı, ona da nail oldum. Hazırda “Salam Azərbaycan” verilişinin aparıcısıyam. Hər gün 07:00- dan 10:00-a kimi efirdəyəm.

-İxtisasınız nədir?
- Nadir bir ixtisasım var. Azərbaycan Bədən Tərbiyyəsi Akademiyasının fərqlənmə ilə bitirmişəm, bakalavram. Peşəm, Bədən tərbiyyəsinin məktəblərdə tədrisçisi və atletika üzrə məşqçi, bir də qadın masajisti.

-Zəhra bəs siz niyə susursuz?
Zəhra: Gəncədə doğulub böyümüşəm, 2006-cı ilə qədər Gəncədə yaşamışam, 2007-ci ildən Bakıdayam. Universitetə sənəd verib bir il kəsildim, Bakı Mədəni Maarif Texnikumunun Kulturologiya fakültəsinə daxil oldum, oranı fərqlənmə ilə bitirdim. Texinukumda oxuyarkən bura gəlmişdim, onda Tural burda işləyirdi (Rj Tural Yusifov “Avtostop” verlişinin aparıcısı-red). Mən bura gələndə o mənə təbəssümlə dedi ki “Sən hələ balacasan, get həyat təcrübən artsın sonra gələrsən.” Onda 17-18 yaşım var idi hələ. Bir il sonra bir daha seçim turu oldu, yenə alınmadı məndə. Sonra 2009-cu ildə gəldim bura, o zaman texnikumu bitirdim. Bitirən kimi də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakultəsinə daxil oldum. İndi orda bir az pis oxuyuram (gülümsünür). Yadımdadır, noyabr ayı, Qurbanlıq bayramı idi. Avtobusda radiodan eşitdim ki, seçim turu var, Rj-aparıcı, prodüsserlər axtarılır. Əhəmiyyət vermədim, amma istəyirdim. Çünki uşaqlıq arzum idi. Çoxları deyir ki, ay təsadüf filan, bu mənə qəribə gəlir, düşünülməmiş necə ola bilər? Day-dayım da olmayıb (gülürlər) və burda o da keçmir. Mən deyirdim ki, “əşi mən kiməm, məni keçirməzlər”. Müsabiqənin ən axrıncı günü gəldim qapıda mühafizə xidmətinə CV-mi verdim. Birinci kursda idim, bütün patok, 100 nəfər hamımız CV vermişdik. Üstündən iki-üç saat keçməmiş zəng etdilər ki, bəs sabah gəlin. Bizim patok hamısı və başqa CV verənlərlə birgə 250 nəfərə yaxın adam olardıq. Onlardan 10 nəfər keçdi 2-ci tura, 10 nəfərdən də 3 nəfər qaldı, iki oğlan bir də mən. Oğlanlar da axıra qədər tab gətirə bilmədilər, amma mən beynimə salmışdım ki, əgər bura qədər gəlmişəmsə, sona qədər getməliyəm.
Evdəkilər çox narazılıq edirdilər, narahat olurdular. Ümumiyyətlə, həm texnikuma, həm universitetə girəndə, həm də bura gələndə ailəmin xəbəri olmayıb.

-Ailəniz hazırda Gəncədə yaşayır?
-Bəli, bir az konservant ailədirlər. Atam incəsənət sahəsindədir, məni həmişə anlayıb, güvənib. Amma anam, nənəm deyirdi ki, “Yox, qız uşağısan sən. Gedəcəksən incəsənətdə oxuyacaqsan, evdə qalacaqsan? (gülür)

-Necə tanış oldunuz? Bir-birinizə qarşı ilk təssüratlarınız.
Zəhra: Deməli, gəldim burda turdan keçdim məni tapşırdılar Turala. "Svetafor" verlişinə həm prodüser, həm RJ kimi ona qulaq asır, həm də ondan öyrənirdim. Sonra məni iki gün səhər efirində Aytən və Validin verilişinə keçirdilər. Bir gün də Validin "Həftənin 40 anı" adlı verilişində əyləşdim. (Müsahibəni ANS-in radio efirində götürdüyümüz üçün Validin efir saatıdır, Valid içəri daxil olur-red) Validi təzə görəndə deyirdim ki, görəsən bu evlidir, yoxsa subay? (gülür). Sonra da keçirdilər məni Tofiqin verilişinə, gecə növbəsinə. Universitetdə oxuyurdum deyə, saat 5-də çıxırdım, çatdıra bilmirdim. Xahiş etdim ki, heç olmasa 5-dən sonra gəlim, onda dedilər ki, gecə efirinə razısan? Dedim hə, problem yoxdur. Sonra biləndə ki, gecə birin yarısı çıxmalıyam, evdə bir dəfə də skandal oldu (gülür).

- Sizin bacınız da Bakıda yaşayır, oxuyur. Onunla birgə yaşayırdınız tək qalmırdınız. Yəni nəzarət edəcək biri vardı.
- Bəli, birgə yaşayırdıq. O, Rəssamlıq akedemiyasında oxuyurdu.Əslində, o, məndən balacadı, ancaq, o, birinci il qəbul olmuşdu, mən ikinci il. Sadəcə azərbaycanlı psixologiyasında məlumdur ki, nəzarət keçilməz faktordur. “Qız uşağısan, sən, gecə birin yarısı evə gəlirsən, camaat bizə nə deyər?” və s belə-belə sözlər.(gülür) Amma beynimə salmışdım, çox çətinliklə də olsa üstlərindən gəldim. Atam gəldi burda müdiriyyətlə tanış oldu ki, görüm mənim qızım harda işləyir, kimlə işləyir. Onda Seva xanım idi direktor ("Böyük Seva" ləqəbi ilə tanıdığımız-red), onun köməkçisi Gülya Babayeva idi, sonra Mətanət xanım, Mirşahin müəllim, Cavidlə, Tofiqlə tanış olandan sonra dedi ki, “hə artıq rahatam”.
Cavid: Bütün gün bizlə işləyirdi, daha çox bizim yanımızda olurdu axı.

-Zəhranın Rj-lik fəaliyyəti olmayıb da mən bilən.
-Yox olmayıb. Artıq qərarlaşdırmışdılar ki, efirə çıxım, dedilər yox sən televiziyaya lazımsan. Amma mənim həmişə arzum olub radioda olmaq, sehirli ab-havası var. Mən həmişə Tofiqə qulaq asırdım, gələndə Tofiqin özünə də dedim ki, “Tofiq, mən elə təsəvvür edirdim ki, sən kostyumda və qalstukda veriliş aparırsan (gülürük). Onu burda görəndə təəcüblənmişdim.
Cavid: Zəhranın Rj-lik fəaliyyəti olmasa da radiorublikalarda səsi gedirdi. “Senzura olmasaydı” rublikası vardı.
Zəhra: Bir dəfə yeni il qabağı anam Bakıya, bacımla yaşadığım evə gəlmişdi. Mən də həvəs, həyəcanla başlamışam ki, qulaq asın, indi mənim rublikam gedəcək. Bu rublikanın dinləyiciləri bilirdilər ki, əslində adi bir şeydən söhbət gedir, amma o ad çəkilən yer pauza olanda çox əxlaqsız bir şeyi təsvir etmək kimi çıxırdı. Və orda siniylə bağlı, ən tərbiyəsizi o hekayə idi, o vaxtı da onlar yazılanda nə vaxt, hansı gün, hansını qoyacaqlar xəbərim yox idi. Həmin gün onu efirə vermişdi Cavid, onda münasibətimiz filan yox idi. Anam birinci qulaq asdı və üzümə tərs-tərs qəzəblə baxdı (gülür) və dedi. “Mən də deyirəm qız böyütmüşəm!!!” İndi rəngim olub ağappaq, başa sala bilmirəm ki, ardına qulaq as, gör nə var, nə yox? Nəysə, sonra qulaq asanda sakitləşdi. Amma yenə də deyinirdi ki, mən bilmirəm sən orda gedib nə işlə məşğul olarsan. İndi deyir ki, yaxşı ki, mənə qulaq asmamısan.

-Cavid Zəhraya sual edir. “İlk görüşümüzü danış da, nə fikirləşdin mənim haqqımda?”
Zəhra: Hə deyim də. Qapının ağzında gördüyünüz divan olan yer onda başqa dizaynda idi. Stullar qoymuşdular, qız-oğlan 10 nəfər 2-ci tura keçənlər oturmuşduq. Cavid gəldi keçdi. “Jeans” şalvarda, sevimli əskər sapoqlarında, köynəyin qolunu baş barmağına keçirmiş, saçlar uzun belə. Öz-özümə fikirləşdim ki, yüz faiz bu xaricidir. Bizim millətdə belə şey yoxdur axı, oğlanlarımızın xətrinə dəyməsin, amma bizim oğlanların psixologiyasında ağır taxtalı olmalı, qarın buraxmalısan və s. (gülür)

-Xarici demişkən, Cavid siz ölkəmizin hansı şəfalı güşəsindənsiz (gülürük)?
Cavid: Əslim Qazaxdandır. Qazağın simvolu olan Göyəzən dağının ətəyində yerləşən Alpoud kəndinə gedir mənim köküm. Amma Rusiyada doğulub böyümüşəm. Demək olar ki, Qazaxı yaydan yaya görürdüm. Bir dəfə getdik, müharibəyə düşdük, bizi mühasirəyə aldılar. Hamıya məlumdur ki, Qazax və Tovuz blokadada qaldı. Azərbaycandan təcrid olunmuş vəziyyətdə yaşadı. Bu Qarabağ müharibəsinin görünməyən tərəfləridir. Mən ona görə bu muharibənin adını dəyişib ümumi bir ad qoyulmasının tərəfdarıyam. Sırf o bölgənin adı ilə yox. Zarafat tərəfi, şəfası isə istedadlar məskəni olmasındadır. (gülürük)

-Davam edək Zəhra.
Zəhra: Hə, gəldi keçdi qabağımdan, keçdi və bir də geri-geri qayıtdı, durdu baxdı üzümə, mən də şoka düşmüşəm, düşünürəm ki, yoxe, bu kimdisə burda vacib adamdır, direktordur, ya nəsə, niyə belə baxdı axı? Day demirəm ki, bu da məndən iki həftə əvvəl gələn stajordur.(gülür)
Cavid: Amma mən artıq prodüsser idim də. (gülümsünür)
Bilirsiniz, o deyirlər e, ilk baxışdan sevgi filan, bunu bilmirəm necə olur, amma nəsə hiss elədim ki, yaman anama oxşayır.
Zəhra: Onda belə sərbəst deyildim. Bu sərbəstliyi Cavid məndə yaratdı, çox kompleksliydim. "Seks" sözünü deyə bilmirdim, özümçün ayıb hesab edirdim. Evdə psixoloji gərginlik yaratmışdılar, işdə “Senzura olmasaydı” rubrikasında mənə bildirmişdilər ki, sən elə mətn yaz ki, o həm adi işlənə bilsin, həm də o pauzalar olan zaman cəzibədar və vulqar bir mətn alınsın. Tofiq mənə deyirdi ki, “denən seks", qıpqırmızı qızarırdım. Elə utanırdım, gəlirdim evdə ağlayırdım, daxilimdə bilirdim, mən pis heç nə etmirəm, amma o qədər ki, belə sıxma-boğmada, konservativ mühitdə böyümüşdüm, fikirlərimi sərbəst ifadə edə bilmirdim. Hardasa elə ona görə məni gecə efirinə götürmədilər ki, çox komplekslisən, bir az fikirlərində açıq-saçıq olmalısan, hardasa ailəmizi də tanıdılar filan, dedilər yox, problem ola bilər. (gülür) İndi rahat danışıram belə, iki-üç il bundan əvvəlki Zəhra ilə indiki Zəhra arasında dağlar qədər fərq var.

-İkinizin də işdə uğur qazanmanızı bir-birinizi tapmaqda görmürsünüz? Birlikdəliyinizin uğur qazanmanızda prestijli tərəfləri olubmu?
Zəhra: Hardasa razıyam, bəlkə də Cavid olmasaydı, mənim sərbəstliyim az olardı və bu işimdə də maneə yaradardı.

Cavid: Yox, mən elə düşünmürəm. Ola bilərdi ki, Zəhra başqa biriylə ailə qursaydı o Zəhraya dözə bilməyəcəkdi və ya Zəhra ona. Amma mən də, Zəhra da işimizdə irəliləyəcəkdik.
-Sevgi etirafı necə baş verdi?

Cavid: Bunu ki, bütün Azərbaycan bilir.(gülür)
Zəhra: Bu 6 nömrəli avtobusda baş verdi. Müəyyən etaplar olur da qızla oğlan arasında. Birinci deyir misalçün gedək çay içək, sonra kinoya, tamaşaya dəvət edir və s. daha sonra da deyir ki, mən səni sevirəm. Amma Cavid birbaşa mənə evlənmə təklif etdi. Mən gəlmişəm ANS-ə 2009-un noyabr ayında və mart ayının 22-si, Novruz bayramı günü Cavid mənə etiraf edib. Yəni deyim ki, dedi sevirəm səni, gəl görüşək filan yox. Elə birbaşa mən sənlə evlənmək istəyirəm. İndiki bəzi oğlanlar deyir ki, gəl görüşək görək xasiyyətimiz tutur? Yaxud da, yox belə-elə.

-Amma gündəlik birlikdə 4 ay işləmək az-çox bir-birinin xasiyyətinə bələd olmaq demək idi.
Cavid: Məsələ burasındadır ki, bilmirəm necə deyim ki, yaxşı çıxsın, mənim çox “samballı” keçmişim olub. Görüşdüyüm qızlar, kef, əyləncə, o-bu. Ona görə gördüyümü görmüşdüm və mənə artıq stabil həyat lazım idi. Düzdür, bizdə stabil alınmadı, od parçasıdır (gülür), elə mənim kimi. Ona görə Zəhranı görəndə elə fikirləşdim ki...

Zəhra müdaxilə edir: Ən çox da mənə elə gəlir ki, Türkiyə səfiri bizi dəvət edəndən sonra Caviddə nələrsə başladı.
Cavid: Azından Türkiyə səfiri dedi ki, çox gözəl xanımınız var. Dedim mənim xanımım deyil. O da dedi, çox nahaq yerə.
Zəhra: Hülusi Kılıc bizi çalışdığı Türkiyə səfirliyinə dəvət etmişdi və bizə radioya qonaq gəlmişdi. Çünki mən Türkiyə Cümhuriyyəti haqqında rublika hazırlamışdım. Cavid prodüsser idi, Tofiq də gecə verilişinin aparıcısı, mən də stajor kimi öyrənirdim. Onda hətta mənə Türkiyə səfirliyinə iş də təklif etdilər, qəbul etmədim. O qədər Tofiqlə Cavidə bağlanmışdım ki, elə bil həyatımın bir hissəsinə çevrilmişdilər. Onları itirməkdən qorxdum ki, ora gedərəm sonra birdən əlaqələrim kəsilər bunlarla. Ona görə imtina elədim. Bəlkə də iş baxımından daha prestijli idi, bu sarıdan təəssüf hissim ola bilər bir balaca, digər tərəfdənsə, heç təəssüflənmirəm. Çünki heç kəsin əldə edə bilmədiyini mən əldə etmişəm. Özü də heç kəsin köməkliyi olmadan. Nə atam, nə anam nə də qeyrisi. İşdən əlavə, mənim Cavid kimi bir həyat yoldaşım, ailəm var, onunla çox xoşbəxtəm.

-Zəhra, ağıl dəryası indi niyə podiumda deyil?
Zəhra: Mən sadəcə olaraq özümü başqa bir səpgidə olan verilişdə sınamaq istədim. Ağıl dəryası verlişinin iki buraxılışını başqa xanım apardı, amma yenə mən davam etdirirəm. “Podiumda mən”dən ona görə ayrıldım ki, birinci dünya görüşü fərqi var idi orda, ikinci də ki, “Ağıl dəryası” və bu veriliş tamam başqa aspektlərdə idi. Elə özüm də bir fərqlilik olsun deyə razılaşıb, rəhbərliklə məsləhətləşmişdim. Hazırda "Ağıl dəryası"nı davam etdirirəm.

-Gələk Cavid özünə aid layihələrinə. Yuotube-da Rj-lərdən ibarət satirik üslubda maarifləndirici videoroliklər hazırlamısınız. Bu barədə biraz.
- Görmüsünüz onu? (gülür) Bu çarxlar Rusiya, Ukraniya, Gürcüstan, ümumiyyətlə bütün dünyada çəkilir. Kimsə desə ki, bu yüz faiz plagiyatdır, bəli, bu fikri mənimsəmişəm hardansa və gizlətmirəm. Açığı belə deyənlər də olmayıb ki, “Qardaş sən bəlkə bunu hardansa götürmüsən?”. Amma mən öncədən deyim. Bir məqam var ki, azından Azərbaycanda sosial reklam yox idi. Qaz partladı və s. kimi süni reklamlardan söhbət getmir. Birincisi biz istədik göstərək ki, sosial reklam nə deməkdir. İkincisi, bəzi problemlərə toxunduq bir vətəndaş mövqeyi kimi. Dörd videçarx çəkmişdik onlardan üçü hazırda youtube-dadır, birini edəsi olmadıq.Davam etdirmək ehtimalı var ama başqaları ilə. Bir çox rj-lərə zəng etdim. Çəkiliş günü 11 nəfər gəlməli idi. Onlardan yalnız ikisi gəldi. ANTEN radiosundan Rəhmən Rəsulov, Doktor Ziya, ANS ÇM-dən isə Valid Əliyev və mən. Əminəm ki, növbəti çəkilişlərə daha çox insan qoşulacaq. Buna obyektiv və subyektiv səbəblər var. Bəziləri işlərini itirməkdən qorxdu, bəziləri özlərini yuxarıdan apardı, özlərinə sığışdırmadı bəlkə. Azərbaycanda problemlər var və bu problemlərlə mübarizə aparmaq lazımdır. Söhbət daxili və xarici siyasətdən getmir. Biz məişət problemlərindən danışırıq. Misal üçün, mən avtobusla gedirəm, çünki mənim maşınım yoxdur. Elementar bir izah. (gülür) Və görürəm ki, avtobus sürücüsü necə idarə edir. Mən bunu “Salam Azərbaycan”ın aparıcısı Cavid Osmanov kimi efirdə deyə bilmirəm, amma vətəndaş kimi mövqeyimi bildirirəm. Yenə də demək forması olmalıdır. Amma yenə də səsim eşidilmir. Daha doğrusu eşidilməmək ehtimalı daha çoxdur, nəinki eşidilmək. Belə desək daha düzgün olar.Ona görə də mən sosial proyekt eledim Mövzu isə tükənməzdir.

-Yerli radio aparıcılara münasibətin necədi?
-Yaxşı sualdır. Xoşbəxtlikdən peşakarlarla işləyirəm va səhvlərim olanda düzəliş edirlər. Amma digər radiostansiyalarda peşakarlar azdır. Elə aparıcı tanıyıram ki, sadəcə sms oxumaqla kifayətlənir. Hesab edirlər ki, heç kimə maraqlı olmayan fikrini bildirməklə yaxşı aparıcı olur. Yox əziz dostlar, bu belə deyil. Aparıcı şou yaratmalıdır. konkret misal: “ Və indi isə, ııııı, ispan kuklası bizə, ıııııı, salam göndərir. Salam sənə ispan kuklası, ııııı, ol Azərbaycan kuklası, Ha ha ha “ …. söz qurtardı və mahnı getdi. Bu da onun aparıcılığı. Vəssalam.

- İlk efir günün xatırlayırsan?
Cavid: Mənim iki tarixim var. Biri 2010-cu ildə, o biri isə 2011-ci ilin 8 fevralında. 2011-ci ildən danışım. təsəvvür edin ki, hətda xadimələr mənə irad bildiridi! Və mən də fikirləşirdim ki, “Oh my God” (aman Allah-red) işlər niyə belə oldu?
Şir bürcüyəm və tənqidi çox ağrılı qəbul edirəm . Düzdür, ola bilsin bəlkə də biruzə vermirəm, amma əksər vaxtı həddən artıq ağrılı qəbul edirəm bunu. Bu tənqidlər mənim üçün böyük bir fəlakət idi əslində. Evdə oturdum fikirləşdim ki , mən hamıdan yaxşı olmalıyam.

-Həm işdə, həm də evdə birgə olmaq yorucu deyil ki?
-Yox, çünki o işdə başqa adamdır, evdə başqa.

-Qısqancsınızmı?
Cavid : Mən qısqancam, amma Zəhra mənə şərait yaratmır ki, qısqanım. O ki qaldı Zəhranın qısqanclığına, mən ona qısqanclıq üçün çox şərait yaradıram! Səbəbsiz qısqanc deyil. Mənə xanımların diqqəti həmişə olub.
Zəhra: Mən paylaşmağı sevmirəm.
Cavid: Biz zahirən nə qədər fərqliyiksə, daxilən o qədər oxşarıq.
Zəhra: Mənimdirsə, mənim olmalıdır. Qısqanmağın da müəyyən etapları var. Məsələn mən bilirəm ki, Cavid məni qısqanır, amma bunu biruzə vermir, gizlətməyə çalışır. Amma mən hisslərimi gizlədə bilmirəm. Kimisə sevmirəmsə hətta üzünə də deyə bilərəm ki, mənim səndən xoşum gəlmir. Buna görə də aqressiv qarşılayırlar məni, çox adamın xoşuna gəlmir, sərf eləmir axı, bura Azərbaycandır. Qısqanclığa qalanda yaşla zamanla bunun da forması dəyişir.

-Cavid, həm roker, həm RJ, həm də tele aparıcısan. Üç işin öhtəsindən gəlmək çətin olmur ki?
Cavid: Rok tək musiqi deyil, bu sadəcə həyat tərzidir. Bu sənin adi həyətında baş verən hadisələrə yanaşmandan asılıdır. Həyat elə zəngindir ki, artıq sən qeyd dəftərçəsiylə gəzirsən. Mənim cibimdə həmişə olur. Az qala çimərliyə də gedəndə blaknotla gedirəm.(gülür) Şeirlər də ki, yeqin, bu Qazaxlı olmamın təzahürüdür. Belə bir deyim var ki, Şir bürcü və pələng ilində anadan olan insanlar rəngarəng, lakin qısa həyat sürürlər.

-Bürclərə deyəsən çox inanırsınız.
-Yox, bir dəfə tanışlarımdan biri məni qucaqladı və dedi ki, “təsəvvür elə ki, sən öləcəksən və sənin haqqında veriliş çəkirlər, ama göstərməyə heçnə yoxdu, çünki heçnə etməmisən. Gülməlidir hə?” Amma mənə gülməli gəlmədi. Və mən fikirləşdim ki, doğurdanda, çox şeylər edə bilərdim ama etmədim! Yəni bəlkə məndə nəsə daha yaxşı alınır nəinki dj-lik? Bəlkə mən şeir yazsam məndə daha yaxşı alınar? Yoxladım gördüm ki, hər şeydən bir az var. Amma bu yarımçıq papaqçı məsələsi deyil. Təsadüfdən mən nə edirəmsə, Azərbaycanda ilk dəfə olur.İlk dəfə radioda kub dj-ərinin yarışması, “Senzura olmasaydı” rubrikası, Novruza aid radionağıl yazdım, qarğış haqqında sərgi edirəm, absurd gün haqqında sərgi keçirirəm və sən demə, bunların hamısı birinci dəfə imiş Azərbaycanda. Bir yazım da var, hekayə yazmışdım. O tipli bir məzmunda yazan hələki olmamışdı. Mən bunları edəndə çalışmıram ki, birinci mən edim, sadəcə sonradan məlum olur ki, bunu bizdə edən olmayıbmış.

Mahnılar yazılmağa başladı, tənqidi vətəndaş mövqeli motivi olan mahnılar yazırdım, sonra başa düşdüm ki, mən sevgi haqqında yazsam daha çox qazanaram. Təbii ki, söhbət maddi qazanc yox, mənəvi qazancdan gedir. Maddi qazanca qaldıqda, əksinə, daha da biz 5-10 manat pul veririk ki, sən allah bu "kalonka"nın bir az daha keyfiyyətlisini gətir və s. Mənəvi qida alıram hər alqışdan, çünki mahnının sözləri də mənimdir, musiqisi də, gitarada da, özüm də ifa edirəm. Bu bütünlüklə mənimdirsə, bu mahnılara alqış gələndə deməli, səninlə dinləyici razılaşır, sırf səninlə, üç beş nəfərin əməyinin bəhrəsiylə yox.

-Konsertlər necə, olurmu?
- Sonuncu dəfə martın 3-ü Jazz Mərrkəzində çıxış etdik, 6 mahnı oxuduq, normal keyfiyyətli çəkliş olmadığı üçün onları youtube-da yerləşdirə bilmədik, biri var, o da şəkillərdən yığma mahnının üstünə. Suala gəldikdə məsələ bundadır ki, mən efirə çıxıram deyə insanlarda belə bir təəssurat yaranıb ki, “əşi dəvət etsək gəl sən də 1-2 mahnısını ifa et gəlməz”, yekəxanalıq edər. Amma elə deyil. Sadəcə onlar utanırlar deyələr ki, “Cavid, bizim bir konsertimiz var, bəlkə gəlib bir-iki mahnı oxuyasan? Onsuzda heç kəs pul qazanmır bundan, sənə də pul verməyəcəyik.” Yəni dəvət etsələr gedərəm. Mən də zəng edib deyirəm ki, ay qardaş konsert vermisiz bu tipli, çağıraydınız. Deyirlər ki, “a mən heç bilmirdim ki, siz gələrsiniz.” (gülür) Problem bundadır bax. Yoxsa elə insanlarla ünsiyyətdə olmaq ən böyük zövqdür. -Bir yoxsa, iki ildir ailəlisiniz?
Zəhra: Oktyabrda iki il olacaq, inşallah.
-Alimlər deyir ki, sevginin müddəti 4 ildir. Buna inanırsınızmı?
Zəhra: Yox inanmıram.
Cavid: İnsan necə dəyişirsə, münasibətlər də elə dəyişir. Elə bilin ki, kinder surprizi sevirsiniz, hər gün ondan alırsınız. Ola bilər ki, siz o şokaladın dadından doyursunuz. Amma hər dəfə içindən çıxan oyuncaqlar dəyişdiyi üçün maraqlı qalmağa davam edir. Siz şokoladı ümumiyyətlə unuda bilməzsiniz axı. Hansısa gün istəməzsiniz bəlkə, amma bir neçə gün sonra yenə ürəyiniz şokolad istəyəcək.
Zəhra: Azərbaycan ailələrində niyə deyirlər ki, sevgi evlənənə qədərdir, çünki, birincisi normal intim həyatları olmur. Qadınla kişi arasında dəhşətli dərəcədə pərdələr olur. Bizim qadınlar komplekslidirlər. Niyə bizim kişilər xarici ölkələrə gedəndə orda ilişib qalırlar? Oradakı xanımlar daxilən azaddırlar, demirlər ki, bu kişi mənim haqqımda nə fikirləşəcək və s. Söhbət sırf intim münasibətlərdən gedir. Bir halda ki, bizdə anotomiya dərsində cinsiyyət orqanları paraqrafına çatanda o dərs keçilmir, bu belə də davam edəcək. Gənclər evlənir, toy gecəsi qızla qaçdı-tutdu oynayır, maksimum bir il o qadınından istədiyi sərbəstliyi ala bilmirsə, başlayır başqasını axtarmağa, kiməsə ehtiyac duymağa. Amma bu kompleksləri də yaradan kişilərdir. Bizim qadınlar çox temperamentlidir, kişilərimiz kimi. Amma qadın bunu sərgiləyəndə, kişi deyir ki, bunu hardan öyrəndin?

Cavid: İndi siz təsəvvür edin ki, Azərbaycanın ucqar kəndində Fatma xanım və onun həyat yoldaşı Nürəddin. Gecə düşür, Fatma xanım inək sağmaqdan gəlir, keçir yataq otagına, paltarını dəyişir və çarpayıda uzanan Nürəddin kişinin qabağına çox gözəl və bahalı gecə paltarında çıxır, arxa fonda isə “Gözəlçə” filminin saundtreki səslənir. (gülürlər). Bir anlıq təsəvvür edin, o xanımı və kişinin reaksiyasını.
Zəhra: “Qudurmusan az?!” (gülürük) Ailə intim cəhətdən bir-birinə yaxın olanda möhkəm olur. Bunu mən həmişə deyirəm və deyəcəm də. Ailədə toy gecəsindən sonra hər şey bəlli olur ki, bunlar davam edəcəklər, yoxsa davam edə bilməyəcəklər.

Cavid: Azərbaycan ailələrində seksual tərbiyyə sıfır dərəcəsində, məktəbdə isə mənfi birdir. Bizdə ən azı qorunmağın yolunu öyrətsinlər. Nə xəstəliklər artmasın, nə də abortlar. Bu əxlaqsızlığı öyrətmək deyil, kontrosepsiyadır. Fahişə yanına gedirsiniz, cəhənnəm, heç olmasa QİÇS olmaqdan qorunun. Bilirsiniz indi nə qədər siflisə yoluxan gənclər var? Axı 18 yaşında oğlan bilmir ki, siflis nədir. Bilmir ki, onun ən ağırına yoluxmuş adamla hətta öpüşüb görüşəndə üzdən də keçə bilər. Nəzərə alsaq ki, Azərbaycan kişiləri biri biriləri ilə salamlaşanda marça-murçu xoşlayır, deməli bu qaçılmazdır.

-Özünüz tanışlığınızın az bir müddət sonrası evlənmisiniz. Fikirləşirmisiniz ki, sevgililik dönəminin çox uzadılması mənasızdır, 4 il məsələsinə qayıdanda. Sevgililik dönəmini də evliykən yaşamaq daha maraqlıdır?
Zəhra: Yox, hərəsinin öz yeri var, amma çox uzatmaq da mənasızdır. Bizdə bir məqam da var ki, misalçün, nişanlısansa mütləq evlənməlisən. Anlamırlar ki, bu tanımaq dönəmidir. Tanıdın, gördün ki, alınmayacaq başdan bitirmək lazımdır. Elə bilirlər ki, elə nişanlanmısansa mütləq evlənməlisən. Sənin adına söz çıxdı, sən mütləq ərə getməlisən. Ay balam, məni qane etmir, mən bununla yaşaya bilməyəcəm. Yoxe nə danışırsan sən buna getməlisən deyirlər. Sonra boşanıb iki uşaqla gələndə də başına qaxınc edirlər. Nişanlı olmaq tanımaq dəməkdir. İnanın ki, bütün problemlər nişanlı vaxtı olur.

Cavid Bu düzələcək.
Zəhra: İnanmıram düzəlsin. “Ağıl dəryasına” gələn uşaqlardan soruşuram,qızlara deyirəm kim olmaq istəyirsən? Deyir məktəbi bitirim universitetə daxil olum sonra da ailə qurum.

Cavid: Qız atası deyir ki, sənə ali təhsilli qız verirəm, bu nədir, evin maşının olsun, diplom bizdə cehizə daxildir. (gülür)
Zəhra: Qızlar çox zaman niyə tez ailə qurur? Düşünür ki, evlənərəm ailə təzyiqindən canım qurtarar, öz əlim öz başım olar.
Cavid: Bəzi oğlanlar da tez evlənir ki, mütəmadi seks ucuz başa gəlsin. Hər dəfə 30-50 AZN pul verir. Bunu illiyə vurub hesablayanda fikirləşir ki, a, mən buna əməlli-başlı toy edə bilərəm ki.

- Mən tez evlənirlər fikriylə razı deyiləm, əksinə evlilikdən qorxurlar.
Cavid: Oğlan niyə evlənməlidir axı? Dövlət tərəfindən heç bir qayğı yoxdur, düzdü? Heç kəs sənə beş manat vermir ki, evlənirsən al bunu get toy elə.

Zəhra: Ümumiyyətlə mən bizim toy adət-ənnələrimizin ağırlığının çox olduğunu düşünürəm. Bizə qalsaydı toy etməyəcəkdik. Sadəcə böyükləri razı salmaq üçün etdik. Bizdən olsa 3-5 ən yaxın dostumuzla qeyd edəcəkdik.

Cavid: Təsadüfən 550 nəfər gəldi toyumuza. (gülür)/Davam edirəm sualınıza, gəncin ev almaq imkanı yoxdur, ipoteka kreditini elə ediblər ki, Marsda ev almaq daha realdır, nəinki Azərbaycanda. Yəni rüşvətsiz. Paradoksa baxın, sən Azərbaycanda birinci rüşvət yığmalısan ki, ilkin ödənişi ödəyə biləsən.(gülür) O ilkin ödənişdən sonra, sən bütün maaşını 25 il onlara ödəməlisən ki, evini özəlləşdirə biləsən, sənin olsun. Ev yoxdursa kirayə səni gözləyir, daha sonra onun uşağı olur təbii prosesdir. Dövlət sağ olsun, uşaq pulunu elə verir ki, uşaq bezinin əvəzinə az qalır ki, uşağa pul qoysunlar altına. “Ordan bir bez gətir, uşaq altını bulayıb. Necə? Bez yoxdur? Onda yaxşı, o uşaq pulunu gətirinin, onsuza o qədərdir ki, xərcləyib qurtara bilmirik.” (gülür) Bax belə bir şəraitdə ailə həyatı qurmaq istəyər gənc? Ailə çox məsuliyyətli bir şeydi. Sən həmin Mamedsən, amma indi məsuliyyəti üç dəfə artıq olan Mamed. O Mamed cibi çayxanada oturmağa münasib idisə, indi fikirləşir ki, mən bu 5 AZN-i çayxanaya vermək əvəzinə ailəmin problemlərin həll etməliyəm.

-Bəs şəxsi azadlıq baxımından, sizcə bu kompleks yaratmır?
Cavid: Azərbaycanda əvvəlcə başa düşməlidirlər ki, onların daxili azadlığı yoxdur. Bunu başa düşəndən sonra, azadlığın nə olduğunu anlayacaqlar.
Zəhra: Hansı azadlıqdan danışırlar? Bir halda ki, gənclər evli ola-ola öz qərarlarını verə bilmirlər. Valideyinlərin ailəyə qarışmaqları var. Bunlar valideyin yanında azad olduqlarını necə deyə bilərlər? Həmişə ailəyə tabedirlər. Birazca deyirsən ki, mənim öz ailəm var, öz işimizdir, deyirlər ki, sən tərbiyəsizsən, böyüklərinə hörmətsiz yanaşırsan. Başa düşməlidirlər ki, onların yaşadığı SSRİ dövründəki həyat tərziylə indiki dövr bir deyil.

Cavid: Turgenevin “Atalar və oğullar” əsərindən sonra başladı hər şey və indiyənə qədər davam edir.

-Yeri gəlmişkən. Ədəbiyyatla aranız necədir? Sevdiyiniz yazarlar?

Cavid: Sergey Minayev, Viktor Pelevin, Çak Palanik
Zəhra: Məndə sözün açığı həddən artıq sevdiyim, ürəyim gedən bir yazar yoxdur. Üç cümlə oxuyuram, sevmirəmsə kitab bağlanır qalır rəfimdə. Jurnal oxumağı sevirəm. Ən çox sevdiyim jurnal da “Bioqrafiya” jurnalıdır. Sona qədər oxuya bilməsəm də, mütləq üç məqalə oxuyuram, çünki vaxt yoxdur. Əvvəl daha çox oxuyurdum. F.Dostoyevski, Elif Şafak, Azərbaycanda Çingiz Abdulayevin çox əsərlərin oxumuşam. Artıq görəndə ki, standartlaşmış və ştanplanmış eyni motivli əsərlərdir, daha oxumadım. Əli Əkbəri oxumuşam.

Cavid: Yeri gəlmişkən, bizim ailədə bahalı hədiyyə məhz kitabdır. Əli Əkbərlə də tanışlığımız vardı, özü imzalı kitabını hədiyyə edib bizə. Belə sizin kimi, mən də zamanında saytların birində işləyəndə ondan müsahibə almışam, daha sonra yollarımız kəsişdi. Bir dəfə çayxanada hardasa oturduq, bir dəfə tədbirdə qarşılaşdıq, belə-belə indi bizdə onun iki imzalı kitabı var.

-Deməli, hazırkı dövr yazarlarından Əli Əkbəri oxuyursunuz, köşə necə oxuyursunuzmu?
Cavid: Mənim çox təəsüf ki, rus klassikləri ilə zövqüm korlanıb.(gülür)
-Zəhra bir ara yazırdınız, nə oldu indi niyə yazmırsınız? Saytlar qəbul etmədi, yoxsa ruh düşgünlüyü yaşadınız, yaza bilmədiniz?
Zəhra: Hardasa ruh düşkünlüyü də oldu, hardasa yazdığımı, məni başa düşmədilər. “Yazığım gəlir o qadınlara” yazımı bilmirəm, oxumusunuz ya yox, onu anlamadılar, çox aqressiv qarşılandı, məndən gözləmirdilər onu. İnsanın müəyyən dövrlərdə müəyyən hissləri olur. Deyə bilmdiklərini də yazırsan. Amma deyir, quyuya su tökməklə deyil, əgər mənim yazdıqlarım qəbul olunmursa, onu sübut etməyə hövsələm yoxdur. Yəni hə, mən beləyəm, xoşun gəlir gəlsin, gəlmir də gəlməsin.

-Oxucuya belə də reaksiya verib davam edərdiz də.
Zəhra: Reaksiya verdim
-Yox əksinə yəni reaksiyasız qalaydınız, sübut olunmaqçun yazmayaydınız yəni.

Cavid müdaxilə edir: Problem ondadır ki, Zəhra mənim tanıdığım ən kövrək insandır. Zəhra lalədir ya da “oduvançik” nədir Azərbaycanca?
-Fotoqrafımız Azad: Tülpan? (müzakirə Zəncirotu gülündən gedir-red)
Cavid: Hə Tülpan, yazın, imzanızı da qoyun(gülür), yəni onun qədər incə ruhludur, toxunan kimi inciyir, küsür. Görürəm yekunlaşdırırıq, əgər növbəti sual gələcək planlarımızı soruşacaqsınızsa, pişiyimiz Obamaya toy etməyi planlaşdırırıq, toyuna sizi də dəvət edəcəyik, artıq namizədimiz də var.(gülür) O çox ağıllı pişikdir, daima jurnallar oxuyur, "Playboy"u və s. xoşuna gələn məqalə də olanda əli ilə saxlayır ki, dayan. O gün Rihannanın şəklinə bir xeyli baxdı.(Gülürük)

Aybәniz Ali
Foto : Azad Red