Şərab, torpaq və çörəkdən elektrik enerjisi istehsal etdi

serab-torpaq-ve-corekden-elektrik-enerjisi-istehsal-etdi
Oxunma sayı: 286

Yapon dizayner və mühəndis Satoşi Nakaqava gündəlik istifadə olunan məhsullardan və torpaqdan kiçik miqdarda elektrik enerjisi istehsal edən texnologiya hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, Nakaqavanın yaratdığı sistem torpaq, kompost, şərab və hətta fransız çörəyi kimi maddələrdən alınan zəif elektrik cərəyanlarını toplayaraq, işıqlandırma və aşağı enerjili cihazların işlədilməsi üçün istifadə edir.

Yaponiyanın İbaraki prefekturasında yerləşən “Ku-An” adlı sınaq laboratoriyası torpaq və kompostla doldurulmuş 1500 taxta qutudan əldə edilən enerji ilə işıqlandırılır. Sistem hazırda 800 LED lampanı işlədə bilir.

72 yaşlı Nakaqava bu texnologiyanı “mikro enerji yığımı” (MPC) adlandırır. Onun fikrincə, əhalinin sayının 10 milyarda yaxınlaşdığı bir dövrdə enerji probleminin həlli üçün kiçik enerji mənbələri də mühüm rol oynaya bilər.

“İstəyirəm ki, insanlar ətraflarındakı torpaqdan istifadə edərək öz elektrik enerjilərini istehsal edə bilsinlər. Töhfə nə qədər kiçik olsa da, bu vacibdir”, - deyə Nakaqava bildirib.

Nakaqavanın texnologiyası 1799-cu ildə Alessandro Volta tərəfindən yaradılan ilk elektrik batareyasının əsas prinsipinə bənzəyir. Elektrodlar nəm və ya ionlarla zəngin maddələrə yerləşdirilir və burada yaranan zəif elektrik cərəyanı toplanır.

İxtiraçının daha böyük layihəsi olan “Lu-An” obyektində isə torpaq və kompostla doldurulmuş 2000-dən çox plastik silindrdən istifadə edilir. Bu sistem təxminən 100 vatt enerji istehsal edərək düyü bişirən cihaz və digər kiçik məişət avadanlıqlarını işlədə bilir.

Nakaqava hesab edir ki, texnologiya xüsusilə elektrik şəbəkəsinin olmadığı ərazilərdə faydalı ola bilər. Onun sözlərinə görə, bu sistem zərərvericiləri, daşqınları, torpaq sürüşmələrini və digər təhlükələri izləyən aşağı enerjili sensorları da təmin edə bilər.

İxtiraçı əlavə edir ki, sistem quraşdırıldıqdan sonra karbon qazı yaratmır və günəş və külək enerjisindən fərqli olaraq hava şəraitindən asılı deyil.

Bəzi mühəndislər isə texnologiyanın hazırda böyük enerji ehtiyaclarını ödəmək üçün kifayət qədər güclü olmadığını bildirirlər.

Tokio Universitetinin professoru Masayuki Nakao qeyd edib ki, Nakaqavanın sistemi adi batareyalar və avtomobil akkumulyatorları ilə müqayisədə çox az enerji istehsal edir.

Bununla belə, o, ixtiranın insanlarda maraq yaratdığını vurğulayıb: “Bu işıqlar insanları heyrətləndirir. Onlar çox gözəldir”.

Nakaqava isə hesab edir ki, mikro enerji mənbələri gələcəyin enerji sistemlərinin bir hissəsinə çevrilə bilər. Onun sözlərinə görə, müxtəlif enerji toplama texnologiyalarının birlikdə istifadəsi “sonsuz imkanlar” yarada bilər.