SHXÇDX-nin yaradılmasından 12 il ötür - Video

shxcdx-nin-yaradilmasindan-12-il-otur
Oxunma sayı: 1343

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür.

“Qafqazinfo” xəbər verir ki, hərbi sahədə aparılan islahatların nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Azərbaycan Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamlarının icrasının təmin edilməsi məqsədilə çağırış yaşlı vətəndaşların qanuna müvafiq qaydada çağırışa cəlb edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi Xidmət tərəfindən uğurla həyata keçirilir.

44 günlük Vətən müharibəsi zamanı təsdiq edilmiş plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilərin Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunması, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi-nəqliyyat vasitələri ilə təmin olunması müvəffəqiyyətlə icra edilib.

Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ciddi addımların atılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməsi zərurətini ortaya qoyub. Korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi təbliğatın gücləndirilməsi və bu kimi halların minimuma endirilməsi məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər həyata keçirilib, aşkar olunmuş nöqsanlarla bağlı qəti addımlar atılıb və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Ölkəmizdə bu gün yürüdülən siyasətin mərkəzində insan amili mühüm rol oynayır ki, burada da əsas məqsəd vətəndaşlara xidmət, vətəndaş məmnunluğunun təmin edilməsidir. Xidmət rəisi tərəfindən respublikanın müxtəlif regionlarında keçirilən qəbullar zamanı vətəndaşların bir sıra müraciətləri yerində həllini tapır, araşdırılması tələb olunanlar qeydiyyata alınaraq icrası ilə əlaqədar müvafiq tədbirlər görülür. 

Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə respublikanın müxtəlif bölgələrində aidiyyəti dövlət qurumları və ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, müharibə veteranlarının, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil edilir.

Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır. Belə ki, xidmətin şəxsi heyətinin komplektləşdirilməsi zamanı bilik və fiziki hazırlığın yoxlanılması prosesini uğurla keçən 21 nəfər Vətən müharibəsi iştirakçısı işə qəbul edilərək Xidmət rəisi tərəfindən onlara xidməti vəsiqələri təqdim olunub.