Fevralın 29-da Şirvan Şəhər İcra Hakimiyyətində “2023-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” müzakirə edilib.
“Qafqazinfo” xəbər verir ki, öncə şəhərin mərkəzi meydanında ucalan ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən yığıncağda şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Millət vəkili İltizam Yusifov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qeyri-hökumət təşkilatları, sahibkarlar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Toplantıda əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov geniş məruzə ilə çıxış edərək, bildirib ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlətimizin beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənir, siyasi-iqtisadi və mədəni əlaqələri genişlənir.
Azərbaycan nüfuzlu dövlətlər arasında diplomatik münasibətlərdə əsas söz sahibinə çevrilir. Üçrəngli bayrağımız 30 ildən sonra işğaldan azad edilən tarixi torpaqlarmızda qürurla və əzəmətlə dalğalanır.
Hər bir Azərbaycan vətəndaşı kimi şirvanlılarda qalib dövlətin vətəndaşı olmaları ilə qürur duyur. Azərbaycanın Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də 2023-cü il ərzində ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində xeyli işlər görülmüşdür. Şəhər ərazisində abadlıq-quruculuq işləri aparılmış, “Yeni Şirvan” yaşayış kompleksinin tikintisi, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfalt-beton örtüyünün vurulması işləri davam etdirilmişdir. Görülən işlər şirvanlılarda dövlətimizə və dövlət başçısı cənab İlham Əliyevə olan inamı daha da gücləndirilib.
Belə ki, 2023-cü ildə ümumi məhsul buraxılışı 807 milyon 413 min manat olmuş, sənaye sahələrində məhsul istehsalı 538 milyon 27 min manat təşkil edib.
2023-cü il ərzində şəhərdə 224,3 min ton əmtəəlik neft, 5,3 milyon m3 əmtəəlik qaz və 5 milyard 599 milyon kvt-saat elektrik enerjisi istehsal edilib.
Əsas kapitala 107 milyon 263 min manat vəsait yönəldilmişdir ki, onun da 101 milyon manatı və ya 94,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Nəqliyyat müəssisələri tərəfindən 385,0 min ton yük, 28578 min nəfər sərnişin daşınıb.
“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində ümumi sahəsi 2,3 ha olan sayca 4 və 5-ci nümunəvi məhəllədə, Hacıqəhrəmanlı qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində sahəsi 750 m2 olan istirahət guşəsində abadlıq işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
Ümummilli liderin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev İli” çərçivəsində 70-dən çox tədbir keçirilmişdir. Tədbirərin keçirilməsi Şirvan ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır.
İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bütün şirvanlılar adından 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib, Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.