“Sonra hər şeyə tüpürdü”

sonra-her-seye-tupurdu-
Oxunma sayı: 4272




Mənim bir sevdiyim vardı.

I

Mənim bir sevdiyim vardı,

hər səhər onun adından 

yem səpərdim quşlara.


Mənim bir sevdiyim vardı, günəşə bənzərdi səsi

sevgim dinim idi:

o da dinimin Məryəmi, Zəhrası, Fatiməsi.


Quzuların səsini yatırardım 

o oyanmasın deyə,

necə Xosrov ölmüşdü yarasından içimdə.


Mənim bir sevdiyim vardı,

niyyət namazlarımın birinci duasıydı.

Xaraba taleyin uçuq qalasıydı


Mən ona dua edirdim

o qarğışa çevrildikcə.

onun göz yaşından şeytanlar su içərdi.


Mənim bir sevdiyim vardı,

ovcunu nə vaxt açsam,

anasının günahı çıxardı.

II

Mənim bir sevdiyim vardı,

çayın bu üzündə məni,

o üzündə başqasını sevərdi,

mənim sevdiyim çayı keçdi.


Mənə qədər hər şeyə

yalandan and içmişdi,

məndən sonrasa 

hər şeyə tüpürdü.


Köyhə əşyalar alana

satdı gözəl günlərin xatirəsini,

işığa yox ha, işartıya satdı,

halallıq gecəsini.


Mənim bir sevdiyim vardı,

nə tarixə inanardı, nə taleyə:

Olmuşlar və olacaqlar

qorxutmazdı gözünü.


O gün yolda gördüm

günəşi qurubdaydı,

gözündə atası atalığından utanırdı.


Mənim bir sevdiyim vardı.

çayın o üzünü istəmişdi,

çayın hər üzündə bədbəxt oldu.


Sənsizlik əlifbası

I

Sənsizlik əlifba öyədir mənə

A- sən yoxsan,

B- sən yoxsan...

...

Z- sən yoxsan...

canında qada var, ala bilmirəm.

hamıda qəribəm, qala bilmirəm.


II

Krossvord doldururam,

Sağa "sən yoxsan" yazıram,

sola "sən yoxsan" yazıram,

aşağıda "o yoxdu" yeri dolur,

yuxarıda da.


İlk qazancın, son pulum


I


Sənə şərf almışdım son puluma,

ilk qazancından saat almışdın mənə,

saçını saraltmağa pul yığırdıq.


II


daha sənin ilk qazancın,

mənim son pulum olmayacaq,

saçını saraltmağa pul yığmayacağıq.